Erməni deputat: Moskva Avropaya görə ‘qısqanclıq səhnəsi’ qurub
Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vigen Xaçatryan əmin olduğunu bildirib ki, Rusiya XİN-in Qərbin və Ermənistanın ünvanına tənqidləri “qısqanclıq səhnəsindən” başqa bir şey deyil.AzadlıqRadiosunun Erməni xidməti –
Azatutyun yazır ki, Brüsselin Ermənistanın Azərbaycanla həmsərhəd bölgələrinə müşahidəçilər missiyası göndərmək qərarından qəzəblənən Moskva yanvarın 26-da bu məsələyə sərt reaksiya verib.
Rusiya XİN bəyan edib ki, Avropa İttifaqının nümayəndələri regiondakı sabitliyə yalnız ziyan vura bilərlər:
“Ermənistanın sərhədyanı bölgələrində, artıq ABŞ və NATO-nun əlavəsinə çevrilən və MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqı nümayəndələrinin görünməsi regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri kəskinləşdirə bilər”.Rusiya XİN-in
bəyanatında daha sonra deyilir:
“Avropa İttifaqının nəyin bahasına olursa olsun Ermənistanda möhkəmlənmək və Rusiyanı sıxışdırıb çıxarmaq cəhdləri ermənilərin və azərbaycanlıların regionu dinc inkişafa qaytarmaq yolunda köklü maraqlarına ziyan vura bilər”.Moskvanın bəyanatında deyilir ki, “Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları və Ermənistan sərhədlərində keşik çəkən Rusiya sərhədçiləri yaxın gələcəkdə regionun sabitlik və təhlükəsizliyi üçün əsas faktor olaraq qalırlar”.
Azatutyunun yazdığına görə iqtidar deputatı Xaçatryan deyib ki, Rusiya sadəcə olaraq öz fəaliyyətsizliyinə haqq qazandırmağa çalışır:
“Rusiyanın və KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red) öz missiyalarını yerinə yetirmələri üçün bütün imkanları var və onlar çoxdan nəsə edə bilərdilər, amma heç nə etməyiblər. Əgər onlar öz öhdəliklərini yerinə yetirsəydilər, bu problem ümumiyyətlə yaranmazdı”.Rusiya Aİ müşahidəçilərini təhdid edir
Rusiya XİN-in bəyanatında xəbərdarlıq edilir ki, “Rusiya sülhməramlı kontingenti yerində hadisələrin inkişafından asılı olaraq Aİ müşahidəçilərinin davranışlarına reaksiya verəcək”.
Moskvanın bəyanatında qeyd olunur ki, “Ermənistan KTMT missiyası istiqamətindəki işini məntiqi sonluğa çatdırmaq əvəzinə Aİ-nin xeyrinə seçim edib”.
Lakin Xaçatryan bu bəyanatla bağlı deyib:
“Ümumiyyətlə onların bizim xarici siyasətimizə qiymət vermək cəhdi düzgün deyil və mən bunu qeyri-diplomatik hərəkət hesab edirəm”.Ermənistan XİN hələki Moksvanın bu bəyanatına reaksiya verməyib.
Avropa İttifaqı bu həftənin əvvəlində Ermənistanın Azərbaycanla həmsərhəd bölgələrinə mülki müşahidə missiyası göndərmək barədə qərar qəbul edib.
Associated Press agentliyi bildirir ki, missiya barəsində qərar separatçı Qarabağda Ermənistanın təbirincə deyilərsə, “humanitar böhranın” yaşandığı dövrə təsadüf edir.
AP yazır ki, Aİ-nin bu addımı rəsmi Bakı tərəfindən də tənqid olunub, amma ABŞ missiyaya dəstək bildirib.
Azadlıq radiosu
Tarix: 28-01-2023, 08:29