Tehranda Azərbaycan səfirliyinə qarşı həyata keçirilən terror hadisəsinin gündəmi tutması təbiidir. Sıradan bir hadisə olmayan bu terror aktı hələ bir müddət cəmiyyətin müzakirə mövzusu olaraq qalacaq. Hadisəyə qiymət verilərkən həm jurnalistlər, həm də vətəndaşlar sual verirlər: bu, İrana lazım idimi? Haqlı sualdır və İranın daxilində aylardır ki, rejim əleyhinə qanlı etirazlar, iğtişaşlar baş verir, 20 min insan həbs edilib, 1000 nəfər öldürülüb, az qala hər gün edam olunanlar var, üstəlik, İrana qarşı Qərb yeni sanksiyalar tətbiq edir, İsraillə münasibətlər getdikcə gərginləşir. İran daxilində və ətrafında yaranmış bu vəziyyətə əlavə gərginlik lazım idimi? Milyonlarla soydaşımızın yaşadığı bir ölkədə bu hadisənin etirazla qarşılanacağının mümkünlüyünü nəzərə almayıblar? Təəssüf ki, bəzən bu sualı terrorun məhz məişət zəminində baş verdiyinə inanmaq istəyənlər də verir və yuxarıda qeyd etdiklərimizi əsas kimi göstərənlər də olur. O zaman bizim də əsaslı suallarımız var.
Azərbaycan müstəqillik qazanandan sonra İranın ölkəmizə qarşı apardığı siyasət həmişə qərəzli, məkrli olub, üzdə özünü dost göstərib, arxada ən ağır zərbələr vurub. Amma, İkinci Qarabağ müharibəsindəki qələbəmizdən, torpaqlarımızın işğaldan azad olunmasından sonra İran əsil simasını göstərib. Ona görə də, uzaq keçmişə deyil, yaxın aylarda İranın Azərbaycana qarşı olan siyasətinə baxıb, əks suallar vermək olar.
Müharibə getdiyi dövrdə İran Ermənistana hərbi-siyasi yardım etdi, generallarını İrəvana ezam edib köməyə hazır olduqlarını bildirdilər. Zəngilan azad olunarkən qarşımıza İran əsgərləri çıxdı. Bu, İrana lazım idimi? Lazım idi. İran İslam Respublikası yarandığı gündən Azərbaycanla sərhədlərində heç vaxt hərbi təlim keçirməmişdi. Keçən ilin oktyabr ayında Azərbaycan sərhədində 50.000 minlik heyətlə hərbi təlimlər keçirdi və həmin günlərdə İran hərbiçiləri və siyasiləri tərəfindən Azərbaycana hədələr, təhdidlər ünvanlandı. Azərbaycana hərbi təlimlərlə təzyiq etmək, hədələmək İrana lazım idimi? Molla rejiminə lazım idi. Zəngəzur dəhlizinin açılmasını özünün “qırmızı xətti” elan edib, buna imkan verməyəcəyi bəyanatını vermək İrana lazım idi? İrana lazım idi. Ermənistana pilotsuz uçuş aparatları və 600 ədəd tank əleyhinə idarə olunan raket kompleksi vermək, ardınca 27 İran vətəndaşının qanunsuz olaraq Azərbaycan ərazisinə keçib həmin raketlərdən istifadə qaydalarını erməni silahlı qüvvələrinə öyrətmək İrana lazım idi? Məlum olur ki, o silahların Azərbaycana tuşlanması İrana lazım idi. Azərbaycan İsraildə səfirlik açanda bütün İran rəsmiləri, İran KİV -ləri “ Bakı bunun bədəlini ağır ödəyəcək” deyib, bir daha bizi hədələmək İrana lazım idi? İran rejimi üçün lazım idi. İrəvanla Tehranı qardaşlaşmış şəhər elan etmək, əlbəttə ki, Azərbaycana ünvanlanan bir addım idi və bu İrana lazım idi? Bəli, lazım idi. Paşinyanın həyat yoldaşını bəh-bəhlə məscidlərə aparmaq və öz aləmlərində Azərbaycana göz dağı vermək İrana lazım idi? Bəli. Deməli, Azərbaycan səfirliyinə qətliam törətmək məqsədilə hücum təşkil etmək də İrana lazım olub!
Səfirliyimizə hücumda molla rejiminin niyyəti qətliam törətmək olub. Diplomatları da, ailə üzvlərini də qətl etmək. İranın bu niyyəti, həm də Azərbaycan vətəndaşlarının hakimiyyətə etirazlarının yaranacağına hesablanmışdı. Vasif Tağıyevin qəhrəmanlığı İranın niyyətlərini alt-üst etdi. İran dövlətinin Azərbaycana qarşı bu terrorunu məişət hadisəsi kimi dəyərləndirib, “bu İrana lazım idimi”sualını verənlərə bir daha deyirik ki, Azərbaycanı düşmən, ermənini qardaş bilən İran İslam Respublikasına, molla rejiminə bu terror lazım olub!
İlham İsmayıl
Tarix: 30-01-2023, 09:35