Koreya səfiri: “Azərbaycanla ticarət dövriyyəsi əməkdaşlıq potensialı ilə müqayisədə hələ də azdır”Turizm şirkətləri Koreya Respublikasını (Cənubi Koreyanı) keçmişə, həm də gələcəyə səyahət edə biləcəyiniz ölkə kimi təqdim edirlər. “Asiya pələngi” adlandırılan Cənubi Koreya yüksək iqtisadi inkişaf səviyyəsinə malikdir və orta əsrlərdən təkcə XXI əsrə deyil, gələcəyə də sıçrayış edə bilmiş ölkədir. İqtisadi və texnoloji inkişaf baxımından Koreya xalqı “Koreya möcüzəsi”ni reallaşdırıb.Bununla belə, Koreya da Azərbaycan kimi tarixin geosiyasi burulğanlarında parçalanıb, Azərbaycan kimi ikiyə bölünüb, Şimalda və Cənubda iki ayrı dövləti var. Xalqlarımızın bənzər ortaq dəyərləri də az deyil və Koreya Respublikası ölkəmizlə iqtisadi sahədə fəal əməkdaşlıq edir. Hazırda dünyada geosiyasi rəqabətin güclənməsi, Rusiyanın Ukraynaya qarşı işğalçı hücumu Seul üçün də yeni çağırışlar yaradıb. Yenə Şimali Koreya ilə Cənubi Koreya fərqli cinahlarda yer alıblar, Pxenyan Moskvanı fəal dəstəkləyir, Seul isə Ukraynanın yanındadır. Eyni zamanda, Şimalı Koreya tərəfdən aqressiv addımların intensivləşdiyi görünür.
Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonqun “AzPolitika.info” saytına müsahibəsində bu mürəkkəb vəziyyətdə Seulun siyasəti, atacağı addımlar, Azərbaycanla münasibətlər və əməkdaşlıq məsələlərindən söhbət açmışıq.- Cənab səfir, Koreya Respublikasının Prezidenti Şimali Koreyanın dronlarının ölkə ərazisinə soxulmasından sonra silahlı qüvvələri müharibəyə hazırlaşmağa çağırıb. Prezident "Sülhə nail olmaq üçün biz böyük üstünlüklə müharibəyə hazırlaşmalıyıq", – deyib. Bu açıqlamalar da göstərir ki, rəsmi Seul artıq təxribatlara qarşı daha sərt mövqe tutub və müharibə istisna deyil. Mövcud vəziyyəti necə şərh edərdiniz?- Şimali Koreyanın dronlarının Koreya Respublikasının ərazisinə daxil olması açıq təxribat aktıdır. Bizim ordumuz özünümüdafiə səviyyəsində, xəbərdarlıq çıxışları və xəbərdarlıq atəşləri həyata keçirdi. Hərbi demarkasiya xəttinə və şimala yaxın ərazilərə pilotlu və pilotsuz kəşfiyyat vasitələrini yerləşdirərək Şimali Koreyanın pilotsuz təyyarələri tərəfindən hava məkanımızın pozulması ilə bağlı müvafiq tədbirlər gördü. Şimali Koreyanın təxribatına hazırlaşarkən, Koreya hökuməti müttəfiqləri ilə sıx əməkdaşlıq edir, müvafiq addımları yaxından izləyir. Biz Şimali Koreyanın istənilən təxribatına dərhal və qətiyyətlə cavab vermək qabiliyyətindəyik.
- Hazırda dünyada mürəkkəb bir dövr yaşanır və Avropada son 70 ilin ən böyük müharibəsinin şahidi oluruq. Rusiyanın Ukraynaya hücumu davam edir. Bilirik ki, Cənubi Koreya Ukraynaya yardım göstərilməsi məsələlərini müzakirə edir. Artıq humanitar yardımlar göstərilir. Seul Kiyevə hərbi yardm göstərəcəkmi?- Koreya hökumətinin rəsmi mövqeyi ondan ibarətdir ki, Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməlidir, günahsız insanların həyatına zərər vuran güc tətbiqinə heç vaxt haqq qazandırmaq olmaz və Rusiyanın Ukraynaya silahlı müdaxiləsi BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olduğu üçün qəti şəkildə pislənilməlidir.
Hökumətimiz Rusiyaya qarşı həyata keçirilən iqtisadi sanksiyalarda iştirak edir (ixrac nəzarəti və maliyyə sanksiyaları). Biz həmçinin, beynəlxalq ictimaiyyətin vəziyyətin sülh yolu ilə nizamlanması səylərində də fəal iştirak edirik.
Koreya hökuməti Ukraynaya qaçqınlara dəstək, uşaqlar üçün peyvəndlər, generatorlar və tibbi avadanlıqlar da daxil olmaqla ümumilikdə 100 milyon dollar dəyərində humanitar yardım göstərsə də, hərbi dəstək vermir. Gələcəkdə Koreya hökuməti çətinliyə düşmüş ukraynalılara kömək etmək yollarını nəzərdən keçirməyə davam edəcək, həmçinin Ukraynanın müharibədən sonrakı bərpası və yenidən qurulması üçün Ukrayna ilə və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək.
- Rusiyanın Ukraynaya hücümu dünyada təhlükəsizliyin təmin olunması ilə bağlı yeni çağırışlar yaradıb. Cənubi Koreya da mürəkkəb regionda yerləşir, həmçinin, Şimalı Koreyanın silahlanması, raket sınaqları davam edir. Seul isə ABŞ-la hərbi əməkdaşlığı gücləndirir. Cənubi Koreya bu yeni çağırışlara adekvat cavab vermək üçün daha hansı addımlar atmaq niyyətindədir?- Şimali Koreya tərəfindən son vaxtlar davam etdirilən misli görünməmiş sayda ballistik raketlərin buraxılması təkcə Koreya üçün deyil, bütün dünya ölkələri üçün ciddi riskdir və beynəlxalq birliyin təhlükəsizliyini ciddi şəkildə pozan addımlardır. Şimali Koreyanın bu kimi addımları BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn öhdəliklərin açıq şəkildə pozulmasıdır və bu məsələdə beynəlxalq ictimaiyyətin qəti və yekdil reaksiyasına böyük ehtiyac var. Koreya hökuməti Şimali Koreyanın nüvə və ballistik raket proqramını inkişaf etdirməkdən imtina etməsi və Şimali Koreyaya qarşı Təhlükəsizlik Şurasının mövcud sanksiyaları əsasında nüvəsizləşdirməyə nail olması, beynəlxalq ictimaiyyətin Şimali Koreyanın təxribatlarını qəbul etməyəcəyinə dair aydın mesaj verməsi üçün beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edir. Koreya hökuməti Şimali Koreya siyasətinin - “Şimali Koreyanın tam nüvəsizləşdirilməsi yolu ilə Koreya yarımadasında davamlı sülhün bərqərar olması” məqsədini həyata keçirmək üçün, prinsiplər və ardıcıllıq əsasında hədəfə doğru səylərini davam etdirəcək.
Koreya hökuməti Şimali Koreya ilə dialoq qapısını həmişə açıq tutacaq və əgər Şimali Koreya praktiki olaraq nüvəsizləşdirməyə üz tutsa, Şimali Koreya iqtisadiyyatını və insanların həyatını kəskin şəkildə yaxşılaşdıra biləcək planlar hazırlamaq üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edəcək.
- Ukraynadakı müharibə eyni zamanda dünyada iqtisadi inkişafı tormozlayan amilə çevrilib. Cənubi Koreya dinamik inkişaf edən güclü iqtisadiyyatlardan birinə sahibdir. Seul iqtisadi inkişafda dinamikanı saxlamaq üçün hansı addımlar atmağı planlaşdırır?- İxrac yönümlü sənaye strukturuna malik və qlobal iqtisadiyyatın böyük təsiri altında olan Koreya iqtisadiyyatı üçün Ukraynadakı müharibə böyük təhlükə yaradır. Koreya iqtisadiyyatında Ukraynadakı müharibə səbəbindən avtomobil ixracının azalması, yarımkeçirici hissələrin idxalında fasilələr, enerji, mineral və taxıl tələb və təklifində qeyri-sabitlik, qiymət artımı (bahalaşma) səbəbindən çətinliklər yaransa da dövlət və özəl sektor böhranı fürsətə çevirmək üçün birlikdə çalışır.
Koreya hökuməti yüksək neft qiymətlərinin səbəb olduğu ikinci Yaxın Şərq çiçəklənməsi və Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar müdafiə bazarının genişlənməsindən fürsət kimi yararlanaraq Yaxın Şərqdə infrastruktur tikintisi və zavod layihələrində fəal iştirak edir. Ölkəmiz Polşa ilə “К2” tankları və “K9” özüyeriyən artilleriya qurğuları və FA-50 döyüş təyyarələri də daxil olmaqla, təxminən 15 milyard dollarlıq ixrac müqaviləsi imzalayıb.
- Azərbaycan 44 günlük Vətən Müharibəsində öz torpaqlarını işğaldan azad etdi və hazırda postmüharibə dövründə davamlı sülh əldə olunması üçün səylər göstərir. Seul bu proseslərə necə yanaşır?- İlk öncə 2020-ci il 44 günlük müharibə qurbanlarının ailələrinə başsağlığı verirəm. Azərbaycan, Ermənistan və Rusiya tərəfindən razılaşdırılmış birgə bəyanatın şərtlərinə sədaqətlə əməl edilərək ən qısa zamanda sülh müqaviləsinin bağlanacağına və bölgədə daimi sülhün bərqərar olacağına ümid edirəm. Sülh sazişinin bağlanması ilə bağlı danışıqlar prosesində çətinliklər yaransa da, ürəkdən ümid edirəm ki, məsələ dinc və diplomatik vasitələrlə tərəflər arasında dialoq yolu ilə həll olunacaq. Koreya hökuməti də diqqət göstərməyə davam edəcəkdir ki, bu məsələ sülh yolu ilə həll olunsun.
- Azərbaycan fəal şəkildə işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri aparır. Bilirik ki, sənaye, tikinti, rəqəmsal xidmətlərin təşkili sahələrində Bakı ilə Seul fəal əməkdaşlıq edirlər. Koreya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində quruculuq işlərində iştirak etmək planları varmı?- Azərbaycanın işğaldan azad edilmiş ərazilərin yenidən qurulması layihəsini milli prioritet seçərək yenidənqurma layihələrini sürətlə həyata keçirdiyindən yaxşı xəbərdarıq və bir çox Koreya şirkətləri də Azərbaycanda yenidənqurma layihəsində iştirak etməkdə maraqlıdır. Koreyanın “Securo” şirkəti Kəlbəcər və Laçın rayonlarında 100 MVt gücündə külək elektrik stansiyasının tikintisində iştirak etmək yollarını araşdırır, Koreya Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi Zəngilan ərazisində K-şəhər (K-city) layihəsində (ağıllı şəhərin baş planının və texniki-iqtisadi əsaslandırmanın yaradılması) iştirak etməkdə maraqlıdır. Koreya şirkətləri bərpa olunan enerji və ağıllı şəhər sahələrində mükəmməl texnologiyaya və rəqabət qabiliyyətinə malik olduğundan, ümid edirəm ki, Azərbaycanın işğaldan azad edilmiş regionlarında həyata keçirilən yenidənqurma layihələrində iştirak etmək üçün çoxlu imkanlar olacaq.
- Cənubi Koreya - Azərbaycan iqtisadi əməkdaşlığının mövcud vəziyyətini necə dəyərləndirirsiniz? Əməkdaşlığın genişləndirilməsi üçün hansı planlar var?- Koreya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi əməkdaşlıq potensialı ilə müqayisədə hələ də azdır. 2013-cü ildə ölkələr arasında ticarət dövriyyəsi pik həddə çataraq 100-200 milyon dollar təşkil edib, lakin neftin qiymətinin aşağı düşməsi ilə bu rəqəmlərdə də azalma müşahidə olunub. 2018-ci ildən etibarən isə ticarət dövriyyəsinin həcmi yenidən yüksəlməyə başlayıb. İnvestisiyalar əsasən Koreyadan Azərbaycanın tikinti sektoruna yönəlib və 2017-ci ildən bəri yeni investisiyalar qoyuluşu aşağı səviyyədədir.
Koreya şirkətlərindən Samsung Electronics, LG Electronics, Heerim Architecture, STraffic kimi şirkətlər Azərbaycana daxil olaraq, fəaliyyət göstərməkdədir. Koreya ilə Azərbaycan arasında ticarətin həcmini artırmaq məqsədilə şirkətlər arasında görüşlər və ticarət məhsullarının şaxələndirilməsi kimi təşviqat işləri aparılır. Eyni zamanda, Koreya Ticarət, Sənaye və Energetika Nazirliyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında yaradılmış iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya vasitəsilə enerji və inkişaf, İKT, səhiyyə və tibb, kənd təsərrüfatı sahələrində əsaslı əməkdaşlığın genişləndirilməsi yolları mütəmadi olaraq müzakirə edilir. Bundan əlavə, Azərbaycanın həyata keçirdiyi GPC (Təbii Qaz Emalı və Neft-Kimya Kompleksi) layihəsi kimi irimiqyaslı infrastruktur tikinti layihələrinə şirkətlərimiz maraq göstərir və bu layihədə iştirak etmək yollarını araşdırır.
- Son illər Azərbyacandan Cənubi Koreyada təhsilə marağın artdığını müşahidə edirik. Siz bu arzuda olanlara hansı tövisyələri verərdiniz?- Koreya yüksək keyfiyyətli təhsil sistemi və professorları ilə də tanınır. Son zamanlar K-pop və K-drama - Koreya dalğası vasitəsilə Koreya dili və mədəniyyəti ilə təmasda olaraq Koreyaya maraq göstərən və Koreyada təhsil almaq istəyən tələbələrin sayı artır. Azərbaycanlı tələbələrin içərisində də bu hal müşahidə olunur. Koreyada xarici tələbələr üçün dövlət tərəfindən maliyyələşdirilən təqaüd proqramı mövcuddur. Azərbaycan üçün təqaüd proqramı hər il magistratura və doktorantura dərəcələri üzrə altı, bakalavr dərəcəsi üzrə isə bir nəfər yüksək göstəricili tələbələri seçərək onlara Koreyada təhsil almaq imkanı verir. Son vaxtlar isə bu təqaüdü qazanmaq istəyən namizədlərin rəqabət səviyyəsi sürətlə artıb və çoxlu sayda əlaçı azərbaycanlı tələbə proqrama müraciət edir.
Koreya və Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial olduğuna görə hesab edirəm ki, yüksək göstəricili azərbaycanlı tələbələr Koreyada təhsil alaraq iki ölkə arasında əməkdaşlığın inkişafına böyük töhfə verə bilərlər.
Həmçinin, düşünürəm ki, təqaüd proqramı vasitəsilə Koreyada yüksək keyfiyyətli təhsil almaq, şirkətlərdə təcrübə keçərək, müxtəlif müsabiqələrdə iştirak edərək zəngin təcrübələr qazanmaq mümkün olduğundan proqram yüksək göstəricili azərbaycanlı tələbələrin qlobal kadrlara çevrilməsinə kömək edə bilər.
- Koreya mədəniyyəti ilə Azərbaycan mədəniyyəti, ənənələri arasında bir çox oxşarlıqlar var. Xüsusən böyüyə hörmət, ailəyə sədaqət ənənələrimiz bənzərdir. Sizin hansı müşahidələriniz var bu sahədə? Həmçinin, xalqlarımız arasında, mədəniyyətlər arasında mübadilə, yaxınlaşma üçün hansı təşəbbüsləri nəzərdə tutursunuz?- Koreya və Azərbaycanda böyüklərə hörmət, qayda-qanunlara hörmət, yad adamlara qarşı mehribanlıq, evə gələn qonağa qonaqpərvərlik göstərmək kimi çox oxşar cəhətlər var. Ölkələr arasında mədəni mübadilə sahəsində 2004-cü ildə Azərbaycanda yaradılmış SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının böyük rolu olub. Assosiasiya Səfirliyimiz ilə əməkdaşlıq çərçivəsində milli geyimlərdən ibarət moda nümayişləri, konsertlər və akademik tədbirlər həyata keçirmişdir. SEBA ilə həmçinin Koreyanın Kyung Hee Universitetinin əməkdaşlığı çərçivəsində Azərbaycanda Koreya Şərq Təbabəti Klinikası da fəaliyyət göstərir.
Bundan əlavə, Qəbələ və Qyoncu şəhəri, Şuşa və Andonq şəhəri arasında "Dost şəhərlər" əlaqəsi qurularaq, müqavilələr imzalanıb, mədəniyyət, turizm, iqtisadiyyat kimi müxtəlif sahələrdə mübadilə və əməkdaşlıq həyata keçirilir.
Tarix: 30-01-2023, 10:38