Hazırda dünyada yeni siyasi nizam hökm sürməkdədir. Ötən il fevralın 24-dən başlayan qüvvələr toqquşmasından sonra artıq dünya 2 yerə - Qərb və Avrasiyaçılıq arasında mübarizədə öz tərəfini seçməyə bölünüb.“Ayı”nın diz üstə çökdürülməsiMəlumdur ki, Ukraynada həyata keçirilən müharibədə heç kim Ukraynanın milli suverenliyini və dövlət maraqlarını nəzərə almır. Burada qazanan tərəf, əgər “ayı”nı diz üstə çökdürə bilsə, ABŞ olacaq. Lakin görünür, Rusiyanın Ukrayna düzlərindəki “macəraları” hələ çox çəkəcək. Təbii ki, hadisələrin günü-gündən kəskinləşdiyi bu məqamda Rusiya da illərcə ABŞ “zülmü”ndən əziyyət çəkən ölkələri öz nəfinə işlər görməyə məcbur edir, hətta onları öz tərəflərinə çəkir.
KXDR faktoruMəsələn, “Bloomberg” nəşri bu yaxınlarda belə bir məqalə ilə çıxış etmişdi ki, Rusiyanın yeni silah bazarı Şimali Koreyadır. 80 ilə yaxındır Kim xanədanlığının avtoritar diktaturası altında əzilən bu ölkənin uzun illər hamisi SSRİ olsa da, hazırda KXDR rəhbərliyi mütləq şəkildə ABŞ təzyiqlərindən qurtulmaq üçün özünə yeni bir arxa-dayaq axtarmaq niyyətindədir. Sözsüz ki, regionda söz sahibi olan və Rusiya kimi Avrasiyaçılıq siyasətini dəstəkləyən, hətta bununla yanaşı ABŞ-la kəllə-kəlləyə gəlməyə razı olan Çin SSRİ-nin süqutundan sonra KXDR-in yeganə himayədarı olub. Amma indi Rusiya və Şimali Koreya arasında yaranmış bu bağlılıqlar Koreya yarımadasının şimalında hökm sürən hərbi xuntanın ömrünü bir az da uzada bilər.
“Nə qoparsam, qənimətdir...”ABŞ-da Müharibənin Öyrənilməsi İnsitutu (ISW) isə bu yaxınlarda Rusiyanın Ukrayna cəhbəsində “blitzkreig” edəcəyini dilə gətirmişdi. Nəzərə alsaq ki, hazırda aktiv döyüşlər yarımmühasirəyə alınmış Baxmut qəsəbəsi ətrafında gedir, o zaman Rusiya İrandan aldığı “Şahed” PUA-ları və KXDR-dən aldığı 70-80-ci illərin silah-sursatlarıyla “nə qoparsam, qənimətdir” deyərək Ukraynada bir az irəliləyə bilər. Luqanskdan Zaporojyeyə qədər çəkilən “Priqojin xətti” boyunca müdafiədə oturan Rusiya üçün bu müharibənin uzunmüddətli aparılması, görünür, elə də problemli deyil. Çünki artıq dünya 2 yerə bölünüb və mütləq sən tərəfini seçməlisən.
İran faktoru: “Saxal”ın hücumlarıBurada İran faktoru da özünü qəribə də olsa, büruzə verməkdədir. Bu günlərdə Azərbaycanla da demək olar ki, körpüləri yandıran mollakratiya bundan əvvəl “Şahed” PUA-larını Rusiyaya sataraq Ukrayna ilə də münasibətlərini kəskin şəkildə pozmuşdu. İran rejimi “böyüklərin mübarizəsi”ndə öz yolunu tapmaq üçün bu gün dəridən-qabıqdan çıxır desək, yalan olmaz. Təbii ki, ona Rusiyanın Ukraynadan torpaq qoparması və rusların təbirincə desək, onların isti dənizlərə enməsi maraqlı deyil. Çünki İranın tarix boyu ən böyük düşməni Rusiya olub. Amma bu gün "düşmənimin düşməni mənim dostumdur" lozonquna əməl edən İran hakimiyyəti məcburiyyətdən və ABŞ-ın bölgədəki rıçaqlarının zəiflədilməsinə görə “ayıya dayı deməyə” məcbur qalıb.
ABŞ-ın bölgədəki əsas qulluqçusu İsrailə gəldikdə isə Suriyada Əsəd rejiminnə məxsus hərbi aviabazları bombardman edən “Saxal” ötən günlərdə İranın İsfahan da daxil olmaqla Tehran və digər şəhərlərindəki hərbi bazalarına aviazərbələr endirdi. SEPAH bununla bağlı çıxışlar etsə də, yenə də İran hakimiyyəti 50 ildir söylədikləri “hədyan dolu” boşboğazlıqlarını davam etdirdilər, amma dəyişən bir şey yoxdur. Görünür, olmayacaq da...
Gözləmə mövqeyi...Burada gözləmə mövqeyində olan dövlətlərdən biri də Azərbaycandır. Çünki Azərbaycan bu gün iki od arasındadır. Hər iki dövlətin - İran və Rusiyanın siyasi arenada zəifləməsi isə Azərbaycana daha böyük üstünlüklər vəd edir. Ermənistanın anti-Rusiya çıxışları fonunda Qərbyönümlü siyasətsini nəzərə alsaq, bu gün Azərbaycan üçün ən uğurlu seçim sadəcə müşahidə etməkdən keçir. Çünki İran özü bizimlə körpüləri yandırdı, ruslar isə 2 il ərzində Qarabağda çıxardığı min cür hoqqalardan sonra Azərbaycanla münasibətlərini gərginləşdirdi.
Qısası, böyük oyunçuların apardığı qlobal oyunlarda poliqon olmamaq üçün sadəcə oturub gözləmək ən məqsədəmüvafiq olan bir şeydir.
Tarix: 30-01-2023, 16:33