Güney Azərbaycanda mühüm gəlişmə: “Bu, dəyişikliyin carçısıdır”
“İrandakı mövcud rejimdən Azərbaycanla münasibətləri normallaşdıracağını gözləmək əbəsdir”.
İran-Azərbaycan əlaqələrindəki son gəlişmələri şərh edən politoloq Elxan Şahinoğlu belə deyib.
Ekspert molla rejiminin ölkəmizlə münasibətləri normallaşdırmaqda maraqlı olmadığını bildirib:
“Nə qədər ki bu rejim Tehranda hakimiyyətdə olacaq, İran-Azərbaycan münasibətlərinin normallaşmasını gözləmək əbəsdir. Tez-tez iki ölkənin xarici işlər nazirləri arasında telefon danışıqları olur və ya görüşürlər. Gərginliyi azaltmaq istəyirlər. İran səfiri tez-tez prezidentin köməkçisi Hikmət Hacıyevlə də görüşür. Amma heç bir nəticə olmur.
Tutaq ki, iranlı diplomatlar Azərbaycanla münasibətlərin normallaşmasını istəsələr də, qərar verən onlar deyillər. Qərar verən ali dini lider, onun ətrafı və SEPAH-dır. Qərar verən onlardır, amma onlar da Azərbaycan əleyhinə apardıqları təbliğatı bir saat, bir dəqiqə belə dayandırmırlar. Nazirlər görüşür, bir saat sonra və ya səhəri səfirliyimizə hücum olur, yaxud SEPAH-ın Teleqram kanallarında Azərbaycan əleyhinə təxribatçı videolar yayımlanır.
Bir sözlə, bu rejimdən Azərbaycanla münasibətləri normallaşdıracağını gözləmək əbəsdir. Münasibətlər o zaman normallaşacaq ki, İranda rejim dəyişəcək. Eyni zamanda, bunun üçün Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqları tanınmalı və həyata keçirilməlidir. Bundan sonra münasibətlərin dəyişməsini gözləmək olar. İndiki şərtlər daxilində isə bu mümkün deyil”.
Elxan Şahinoğlu Güney Azərbaycanla bağlı son gəlişmələrə də toxunub:
“1990-cı illərdə jurnalist kimi İran və Güney Azərbaycan mövzusuyla bağlı məqalələr hazırlayanda Arazın o tayını tərk etmiş çox az siyasi dissident tanıyırdım. Bir neçə onilliklər keçdikdən sonra onlarla güneyli fəalı tanıdım, Azərbaycanda və müxtəlif Qərb ölkələrində yaşayır, siyasi fəallıqlarını davam etdirirlər. Üstəgəl, internet üzərindən Təbriz və Ərdəbildəki fəallarla da fikir mübadiləm var.
Sözümü ona gətirirəm ki, İranda yaşayan azərbaycanlılarının hüquq və azadlıqları uğrunda mübarizə aparanların sayı durmadan artır. Bu, İranda gələcək dəyişikliklərin carçısıdır.
İndi əsas məsələ Güney Azərbaycan uğrunda mübarizə aparan əsas güclərin birlik nümayiş etdirməsindədir, məqsəd eynidirsə, dərin fikir ixtilafına yer olmamalıdır. Məqsədə çatılsın, sonrasında gələcək gedişatla bağlı fikir ayrılıqları normaldır. Ancaq hələ məqsədə çatılmayıb. Güney Azərbaycanın müxtəlif ölkələrdəki tanınmış fəallarının ortaq məxrəcə gəlməsində rəsmi Bakının da faydalı rolu ola bilər”./Teleqraf.com
Tarix: 30-01-2023, 23:08