Kiçik siyasi partiyalar niyə birləşmək istəmir? – Gizlin MƏQAMLAR


Siyasi partiyalar haqqında qəbul edilən yeni qanunda qeyd edilən məqamlardan biri partiyanın qeydiyyatı üçün azı 5 min üzvün olması məsələsidir. 

Bu müstəvidə görünən odur ki, Azərbaycanda fəaliyyət göstərən partiyaların bir çoxu, bəlkə də əksəriyyəti həmin limiti adlaya bilməyəcək.

Bu isə üzvlərin sayı məsələsini qanunda nəzərdə tutulmuş həddə çatdırmaq iqtidarında olmayan partiyaların birləşərək, həmin problemi həll etmələrini vacib edir. 

Yenidən qeydiyyat üçün partiyalara 6 aylıq vaxt verilib. Aydın məsələdir ki, bəzi siyasi təşkilatlar nə qədər çabasalar da həmin 5 minlik limiti keçə bilməyəcək. Bunu onların rəhbərləri də gözəl anlayırlar.
Lakin buna baxmayaraq, kiçik partiyaların əksəriyyəti birləşərək, daha güclü qüvvəyə çevrilmək niyyətini yaxına belə buraxmırlar. Hətta nəzərdə tutulan vaxt bitdikdən sonra, kiçik partiyaların qeydiyyatının ləğv olunması ehtimalı böyük olsa da belə, onlara rəhbərlik edənlər başqa partiyalarla birləşməyə nədənsə meyl etmirlər. 

Bizim.Media-ya açıqlama verən hüquqşünas Mirəli Hüseynov kiçik partiyaların yeni qanunun qəbulundan sonra belə birləşmək istəməmələrini müxtəlif amillərlə əlaqələndirdi: 

“Onun kökündə dayanan məqamlardan biri həmin partiyaların müxtəlif ideoloji əsaslara malik olmalarıdır. Digər tərəfdən, birləşmə meylinin güclü olmaması siyasi partiya rəhbərlərinin iradəsilə bağlıdır. Kiçik partiyalar birləşmək yolunda iradə nümayiş etdirə bilmirlər. Bu da daha çox onların subyektiv mülahizələrindən irəli gəlir”. 

Ekspertə görə, partiyaların lazımi qədər təşkilatlanmaması da onların birləşmə yolunda addım atmalarına əngəl olur:

“Birləşmək istəyən partiyalar bu istiqamətdə üzvlərin rəyini öyrənməli, müzakirələr aparmalıdır. Amma təəssüf ki, bunu da görmürük. Əksər kiçik siyasi təşkilatlar partiya rəhbərliyi və ətrafındakı bir neçə nəfərdən ibarətdir. Məhz daimi fəaliyyət göstərmək üçün yetərli üzvlərin və müvafiq strukturların olmaması müzakirələrin aparılmasına imkan verməyən amillərdəndir. Partiyalar lazımi qədər təşkilatlanmayıblar. Bu da onların birləşməsinə maneə olur”.

Həmsöhbətimiz bildirir ki, partiyaların bir çoxu sırf obyektiv proseslərin gedişilə deyil, müxtəlif səbəblərdən yaranıb: 

“Bir çox hallarda partiyalar ya siyasi sifariş əsasında, ya da müxtəlif korporativ maraqlardan doğaraq yaranıb. Yəni yaranma əsasları və məqsədlərinin müxtəlifliyi onların bir araya gəlməsini mümkünsüz edir.
Bütün bunlar partiya qeydiyyatı üçün 5 min üzvün olmasının qanuni hal almasına rəğmən, bir sıra kiçik siyasi təşkilatların əvvəlki tək birləşməyə maraq göstərməmələrinə səbəb olub”. 

Tarix: 4-02-2023, 18:18
Xəbəri paylaş





Xəbər lenti