Ləğv olunacaq İCRA BAŞÇISI POSTLARI... - Kimlər NƏ İTİRƏCƏK...


Məlum olduğu kimi, 2 il öncə, 04 fevral 2021-ci ildə ölkə başçısı İlham Əliyevin Xüsusi Nümayəndəliklər barədə Əsasnamə təsdiq olunub. (Həmin əsasnamənin linki burada https://president.az/az/articles/view/50530).

Daha sonra Qarabağ və Naxçıvan İqtisadi rayonlarına Xüsusi Nümayəndələr təyin edildi.

Həmçinin ölkə başçısının çıxışından qaynaqlanaraq bildirə bilərik ki, digər iqtisadi rayonlarda da xüsusi nümayəndəliklər yaradılacaq.

Bir daha yada salaq ki, Azərbaycanda iqtisadi rayonlar aşağıdakılardır.

1. Abşeron-Xızı (Sumqayıt da daxil),

2. Gəncə- Daşkəsən,

3. Naxçıvan,

4. Lənkəran-Astara,

5. Quba-Xaçmaz,

6. Mərkəzi Aran,

7. Qarabağ,

8. Şərqi Zəngəzur,

9.Dağlıq Şirvan,

10. Naxçıvan,

11. Bakı,

12. Qazax-Tovuz,

13. Mil-Muğan,

14. Şirvan- Salyan.

Bir məlumatı da xatırlatmaq yerinə düşər

Azərbaycanda

66 rayon,

11 respublika tabeli şəhər,

262 qəsəbə,

1724 Ərazi dairəsi,

4226 kənd vardır.

Deməli, 14 iqtisadi rayon varsa, bunun da 14 rəhbəri olacaq. Yəni, indi mövcud olan 66 icra başçısı bu 14 xüsusi nümayəndəyə tabe olacaq. Bəs onlara hansı səlahiyyətləri veriləcək? Rəsmi məlumat olmasa da, bəziləri təxmin edir ki, indiki icra hakimiyyətlərindəki aparatlarda öncə işçilərin yarıdan çox ixtisar ediləcək. Ən çox ixtisarı gözlənilən vəzifələr – 1-ci müavin, “humanitar şöbə”, bəzi rayonlarda memarlıq şöbələrinin müdiri yerləridir. (Yəqin buna görədir ki, hazırda təkcə Lənkəran-İqtisadi rayonunda 1-ci müavin (2 rayonda), “Hümanitar” şöbə (2 rayonda) və bir neçə rayonda memarlıq şöbələrindəki vakansiya yerlərinə kadr təyinatı da olmur).

Eləcə də təxmin edilir ki, icra başçılarının səlahiyyətləri indiki regional təhsil idarələrindəki sektor müdirlərinin səlahiyyətləri səviyyəsində olacaq. (Xatırladaq ki, məktəb direktorlarının möhürü olsa da, rayonlardakı sektor müdirlərinin heç möhürü də yoxdur).

Məhz bu baxımdan bəzi rayonlarda, az qala padşahlıq iddiasında olan bir çox icra başçıları olduqca nigarandır. 66 icra başçısında yüksək səlahiyyətli 14 xüsusi nümayəndə vəzifəsinə onların hansı düşəcək? (Bəlkə də heç biri). Belə getsə, 66 icra başçısı keçmiş raykomların 1-ci katibləri kimi acı bir xatirəyə çevriləcək.

İxtisarlar təkcə icra hakimiyyətlərin Başçısı ilə bitməyəcək. Ölkə üzrə 1724 Ərazi Dairəsinin ən yaxşı halda 1000-i, bəlkə də daha azı qalacaq. Yəni, əhalisi az olan Ərazi dairələri daha böyük Ərazi Dairələrində birləşəcək. Məsələn, Masallı nümunəsində təxmin edilir ki, Hişgədərə, Miyankü, Tükə bir dairədə, Bədəlan-Qızılavar bir dairədə, Kolatan-Sığdaş bir dairədə, Viləş-Öncəqala bir dairədə, Qəriblər-Qodman bir dairədə, Şərəfə- Səmidxan, Banbaşı-Yeyənkənd, Musaküçə-Lürən, Yeddioymaq- Şıxlar və sair Dairələri də daha böyük ərazi dairələrində birləşəcək. Tutaq ki, Masallıda 37 Ərazi Dairəsi var idisə, dəyişiklikdən sonra onların sayı 20-yə yaxın olacaq. Hər Ərazi Dairəsində təxminən 5 nəfərin çalışdığını və 500-600 ərazi dairəsinin ləğv olunacağını nəzərə alsaq, bu, əksəriyyəti dövlət qulluqçusu olmaqla 2500-3000-ə yaxın işçinin ixtisarı deməkdir

Bu, həm də bir o qədər də bələdiyyə qurumunun ixtisar olunaraq, ərazi dairələrinin sayına qədər endirilməsidir.

Eləcə də 66 icra hakimiyyətinin hər birində ortalama 20 nəfər ixtisara gedərsə, bu min nəfərdən artıq şəxs deməkdir.

Yəqin ki, 14 xüsusi nümayəndəliyin hər birində 50-60, ümumilikdə minə yaxın yeni iş yerinin açılması bu boşluğu bir qədər dolduracaq.

Ən çox maraq doğuran isə Polis idarələrinin, prokurorluğun və sair idarələrinin birləşməsidir.

Əsas gözlənilən odur ki, bu dəyişikliklər idarəçilikdə güclü islahatlara, olduqca çevik və səmərəli idarəçiliyə səbəb olacaq.

Hazırda icra hakimiyyətlərinin sərəncamında “kommunxoz”, “Jek” və buna bənzər idarələr qalıb. Sadəcə icra başçıları insanların icra başçılarının əvvəlki xofuna, yaxud şəxsi nüfuzuna, əlaqələrinə, nə bilim, “daxili imkanlara” güvənərək hər hansı işləri görürlər.

Buna görə, icra başçıların olduqca nigaran, səlahiyyətsiz durumda olduqları üçün qətiyyətli addımlar ata bilmir, hətta rəsmi qəbullar zaman etiraf edirlər ki, təhsil, “meşə idarəsi”, sosial təminat, mədəniyyət-filan bizlik deyil. Hətta bəzi icra başçılarına insanlar zarafatla “mənlik degil, mənlik degil” adını qoyublar.

İndi icra başçılarının səyyar və fərdi qəbullarına gələnlər də xeyli azalıb. Çünki səlahiyyətsizlikləri açıq-aşkar hiss olunur. Öz varlıqlarını göstərməyə saytlarına yerləşdirmək üçün hətta normal xəbər belə tapmır, tikintidən daha çox söküntüyə maraqlıdırlar.

Hüquq mühafizə orqanlarının isə “öz yolu”, “öz aləmi” var. İcra başçılarının bəzi yerlərdə təmizlik siyasət onların “yanından” keçir.

Gözlənilən bu dəyişikliklərin fonunda isə bələdiyyə idarələrinin səlahiyyətlərinin nəzərəçarpacaq dərəcədə artacağı gözlənilir. (Bu səlahiyyətlər onlara veriləcəkmi?) Bələdiyyə seçkilərindən sonra onları strukturunda da ciddi dəyişiklik olacağı gözlənilir. Yəni, bütün bələdiyyələri birləşdirən üstqurum-filan.

Bir daha xatırladıram ki, bunlar ölkə başçısının məlum çıxışlarından sonra mənim təxminlərim idi.

Bütün bu dəyişikliklərdən sonra xalqla məmurlar arasında əlaqə daha da çətinləşəcək, yaxud daha da asanlaşacaq? Bu gələcəyin işidir. Hər halda insanlar interneti daha yaxşı öyrənməsi məsləhətdir. Çünki yeni strukturda çox məsələ internet üzərindən həll ediləcək.

Zahir Əmənov
//Cenub.az//
Tarix: 7-02-2023, 08:42
Xəbəri paylaş





Xəbər lenti