Brüssel SEPAH-ı terrorçu təşkilat kimi tanımağa qorxdu


 

Avropa Yenidənqurma və İnkişaf Bankı 18,5 milyon avro vəsaiti də İran şirkətinə verdi-Avropanın ikiüzlü siyasəti...

Avropa Parlamenti SEPAH-ı terror təşkilatları siyahısına salmağa çağırsa da, nə Brüssel, nə də digər Avropa paytaxtları belə qərar qəbul etməyə tələsmir.  Avropa İttifaqının xarici işlər naziri Josep Borrel  Brüsseldə jurnalistlərə bildirib ki, SEPAH-ın terror təşkilatı kimi tanınması yalnız məhkəmə qərarı ilə ola bilər. “Amma bu məhkəmə də çox güman ki, olmayacaq”, - deyə o bildirib.  Avropa Birliyi hələ də o ümidlə yaşayır ki, SEPAH terror təşkilatı kimi tanınarsa, bu, İranı nüvə proqramından əl çəkməyə ciddi əngəl ola bilər.
Bu arada isə məlum olub ki,  Avropa Yenidənqurma və İnkişaf Bankı Ermənistanla İran arasında yeganə sərhəd-keçid məntəqəsinin (Meqri) modernləşdirilməsi və genişləndirilməsi layihəsi üçün 18,5 milyon avro vəsait ayırıb. “Trend”in açıq mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan tərəfindən sərhəd-keçid məntəqəsinin (Meqri) modernləşdirilməsi və genişləndirilməsi layihəsi İran şirkətinə həvalə olunub. Yəni Aİ və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı 18,5 milyon avro Qərbin sanksiyalar tətbiq etdiyi İran şirkətinə verilir. Aİ İran şirkətinin icra edəcəyi layihəni maliyyələşdirir. Aydındır ki, maliyyə vəsaiti Ermənistan tərəfinə ayrılıb. Bununla belə, vəsaitin necə xərclənməsi, habelə təyinatı və kimə veriləcəyi layihəni maliyyələşdirən tərəflərlə razılaşdırılıb. Aİ ayrılan vəsaitin düzgün istifadə olunmadığını görə araşdırma aparmalı və bu vəsaitin İran şirkətinə necə verildiyini aydınlaşdırmalıdır. Əks halda, belə anlaşılır ki, Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların heç bir anlamı yoxdur və Aİ özü Ermənistana görə bu sanksiyalara məhəl qoymur.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bu mövzu ətrafında bir sıra suallarla çıxış etdi: “Avropa Yenidənqurma və İnkişaf Bankının Ermənistanla İran arasındakı yeganə sərhəd-keçid məntəqəsi olan Meqrinin modernləşdirilməsi və genişləndirilməsi layihəsi üçün ayırdığı 18, 5 milyon dollarlıq maliyyənin İran şirkətinə həvalə olunması heç cür anlaşılan məsələ deyil. Ələlxüsus da Aİ-nin İrana tətbiq etmiş olduğu sanksiyaları nəzərə alsaq, məlum addım məntiqəuyğunluq kontekstindən tamamilə çıxır. Hə, anladıq, maliyyə Ermənistana ayrılıb və şirkəti tapan, həmin şirkətlə müqaviləni imzalayan tərəf də Ermənistandır. Amma maliyyə kimin cibinə gedəcək, kimlə bölüşdürüləcək, onun xərclənməsi kimin nəzarətində olacaq? Əlbəttə, İranın. Haqqında danışılan İran şirkətinə pulun verilməsi isə heç şübhəsiz ki, Aİ ilə razılaşdırılıb və görünən odur ki, Aİ də buna göz yumub. Fəqət, niyə? İranın cibini doldurub, onların terror əhval-ruhiyyəsini bir az da qaldıracaqsızsa, o zaman sanksiyalar nə idi? "Dovşana qaç, tazıya tut" siyasətidirmi bu?   
Bu gün İranın adı gələn yerdə bütün icraatlar donmalıdır. Bu gün İranın terrorçu damğası hər məkanda, hər addımda onun üzünə vurulmalıdır. Bu gün İrana Ermənistan kimi “maliyyə əli” uzadan bütün dövlətlər sorğu-sual edilməli, İranın əli bütün layihələrdən çəkilməlidir. Eyni zamanda bu xainlər, bu qatillər, bu yaramazlar bütün mümkün vasitələrlə ifşa edilməlidir. Ermənistan hazırda başqasının pulu ilə İrana dəstək göstərir, Qərbin, Avropanın maliyyəsini sağa-sola istədiyi kimi xərcləyir, terrorçu dövlətin şirkətinə layihələr verir. Normaldırmı bu? Deyil! Qətiyyən deyil! Hətta bəlkə də anormallığın kulminasiyasıdır.
Bir daha deyirəm: İran da, Ermənistan da mövcud planetdə ən naqis, ən güvənsiz, ən yaramaz dövlətlərdir.  İrandan və Ermənistandan o tərəfə rəzillik yoxdur. Bunlar terrorun təşviqediciləri və icraçılarıdır. Onlara süni nəfəs vermək olmaz. Onların birliyinə dəstək vermək olmaz. Onların “maliyyə qazanında” rahat-rahat yemlənməsinə imkan vermək olmaz".  

Sabiq maliyyə naziri Fikrət Yusifov dünyada ikibaşlı oyunların getdiyi qənaətindədir: “İran İnqilab Keşikçiləri Ordusu, yəni SEPAH-ın terrorçu təşkilat kimi tanınması məsələsində Qərb dairələrində fikir birliyinin olmaması heç kimi təəccübləndirməməlidir. Əgər Qərbin bu və buna bənzər digər məsələlərdə yekdil fikri olsaydı, İran on illər boyu ona tətbiq edilən sanksiyaların məngənəsində çoxdan əzilib bir dövlət kimi məhv olardı. İkibaşlı oyunlar Qərb dairələrinin fəaliyyət proqramında həmişə aparıcı yer tutub. Başqa bir misal. Qərbdə Rusiyaya qarşı sanksiyaların tətbiqində uzun müddət yekdil fikrin olmaması, Rusiyanın Ukraynaya qarşı apardığı dağıdıcı müharibənin uzanmasının başlıca səbəblərindən biridir. Baxın, Ukraynanın altını üstünə çevirən işğalçı müharibədə Qərb Ukraynaya hansısa silahların verilib-verilməməsi üzərində nə qədər müddətdir ki, mübahisələr açıb. Əgər Qərb Ukraynanın Rusiya işğalına son qoymasını ürəkdən istəyirsə, o halda tərəddüd etmədən Ukraynaya onun istədiyi silahları dərhal verməlidir. Bu gün bu məsələdə, sadəcə, Qərbin "eksperiment" keçirdiyi daha inandırıcı görünür. Əgər ruslar Kiyevi vururlarsa, onda nə üçün Ukrayna Moskva və Rusiyanın digər şəhərlərini vura bilməsin? Suallar çoxdur. Böyük siyasət tarix boyu çirkab içində olub, müasir dövrdə isə bu çirkab dərinləşərək eybəcər xarakter alıb. İran neftinə on illərdir ki, sanksiyalar tətbiq olunsa da İran öz neftinin satışını həyata keçirməkdədir. İran sanksiyaların mövcud olduğu bir şəraitdə bunu necə edir? Göydə uçan quşun gözünün rəngini həmən müəyyənləşdirmək imkanında olan aparıcı dövlətlərin xüsusi xidmət orqanları İran neftinin kimə və hansı mexanizmlərlə satıldığından necə xəbərsiz olur? Bütün bunlar bir daha onu deməyə əsas verir ki, böyük siyasət böyük oyun deməkdir - özü də ikili standartlara söykənən ikibaşlı oyun! SEPAH-ın da ətrafında bu gün həmin ikibaşlı oyun gedir..."

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynovun qənaətinə görə, İranda səfirliyimizə qarşı törədilən qanlı terror əməli bir sıra mühüm amilləri də üzə çıxardı: “Avropa Parlamenti SEPAH-ı terror təşkilatları siyahısına salmağa çağırış etsə də, praktiki addımları görmürük. Burada İranı nüvə proqramından çəkindirmək əsas məqsəd kimi görünür. Vyanada keçirilən danışıqlar uğursuzluğa məruz qaldığına görə Avropa İttifaqı İrana qarşı daha sərt addımlara getmir. Sanki vəziyyəti daha da gərginləşdirmək istəmir. Lakin rəsmi Tehranla sərt dildə danışmağın vaxtı çoxdan çatıb. Çünki terrora sponsorluq edən dövlətdən konstruktiv dialoq gözləmək siyasi romantizmə bənzəyir. Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankının Ermənistanla İran arasında yeganə sərhəd-keçid məntəqəsinin (Meqri) modernləşdirilməsi və genişləndirilməsi layihəsi üçün 18,5 milyon avro vəsait ayırması da rəsmi Tehranın Avropa İttifaqının Ermənistana göndərdiyi emissarlara etiraz bildirməməsi üçündür. Çünki İran çox qəribə tərzdə susmağa üstünlük verdi. Belə çıxır ki, Avropa İttifaqının İrana tətbiq etdiyi sanksiyaların hazırkı durumda heç bir anlamı yoxdur və Ermənistan-İran əməkdaşlığına sponsorluq edir”.

“Yeni Müsavat”
Tarix: 8-02-2023, 09:23
Xəbəri paylaş





Xəbər lenti