Ermənistan-Rusiya münasibətlərində artan ziddiyyətlər - TƏHLİL



Moskva-İrəvan münasibətləri SSRİ-nin dağılmasından bəri ən aşağı səviyyədədir. Dərinləşməyə doğru gedən qarşılıqlı narazılıqlar obyektiv və subyektiv əsaslara malikdir. Maraqlısı odur ki, həm İrəvan, həm də Moskva münasibətlərin korlanma səbəblərini özündə yox, qarşı tərəfdə axtarır ki, bu da ikitərəfli münasibətlərdə mövcud ziddiyyətləri daha da artırır. 
 
Rusiyanın mövqe/maraqları
 
Rusiya Qərblə qarşıdurmanı ekzistensial mübarizə kimi nəzərdən keçirir. Qələbə Rusiyanın Avrasiya məkanında sistem yaradan faktor olması ilə, məğlubiyyət isə (minimum) beynəlxalq münasibətlərdə nüfuzun itməsi və ya (maksimum) ölkənin parçalanma/dağılması ilə nəticələnəcəkdir. Təcrid və sərt sanksiya şəraitində Rusiya Türkiyə ilə normal münasibətlərin qorunmasında maraqlıdır. Rusiya Ankaranın mövcud şəraitdən istifadə edərək geosiyasi vakuumu doldurmaq istəyini görür, lakin, bunu müvəqqəti narahatlıq hesab edib, qələbə qazandıqdan sonra itirilmiş mövqeləri bərpa edə biləcəyini düşünür.
 
Rusiyanın narazılıq/gözləntiləri
 
Moskva Ermənistan-Qərb münasibətlərindən narazıdır. Rusiyanın fikrincə, əgər İrəvan sadəcə mövcud boşluqları alternativ iştirak ilə doldurmaq istəsə idi, o Aİ missiyasını KTMT missiyası ilə paralel qəbul edərdi və A.Mirzoyanı NATO, Aİ və Almaniyaya göndərməmişdən əvvəl Lavrov-Bayramov görüşünə göndərərdi. Rusiya Paşinyanı oportunist (KTMT-ni demontaj edən, amma Aİİ-nin imtiyazlarından istifadə edən) və qərbyönümlü (Aİ missiyasını Rusiyaya alternativ kimi gətirən) siyasətçi kimi nəzərdən keçirir.
Rusiya belə şəraitdə Ermənistandan səbr və loyallıq gözləyir. Moskva izah edir ki, mövcud şəraitdə Ermənistan üçün optimal variant Rusiya ilə yaxın münasibətlərin qorunmasıdır: Əgər Rusiya məğlub olsa, Azərbaycan və Türkiyə vəziyyətdən istifadə edib, Ermənistanı özlərinə tabe edəcək (minimum hədəf) və ya Ermənistan dövlətçiliyinə son qoyacaqlar (maksimum hədəf). Əgər Rusiya qalib gəlsə, Rusiya yenidən müttəfiqlərinə tam miqyasda kömək edəcək. 
 
Ermənistanın mövqe/maraqları
 
II Qarabağ müharibəsində məğlub olmasına rəğmən Ermənistan özünün maksimal hədəflərindən imtina etməyib. 2021-ci il seçkilərində iştirak edən Paşinyan yenidən baş nazir seçiləcəyi halda Hadrut və Şuşanın “işğaldan azad ediləcəyinə” və Qarabağın Azərbaycandan “islahedici ayrılma” (remedial secession) prinsipi ilə qopardılacağına vəd vermişdi. 
 
Ermənistanın narazılıq/gözləntiləri
 
Ermənistan açıq-aşkar Rusiyadan məyus olduğunu bildirir. İrəvanın fikrincə, Rusiya II Qarabağ müharibəsində olmasa da, ən azından şərti sərhəd toqquşmalarında Ermənistanı dəstəkləməli idi. Ermənistan Rusiyanın Ukrayna müharibəsinə başının qarışması və belə çətin şəraitdə Türkiyə ilə münasibətləri poza bilməməsi haqqında arqumentlərini rədd edir. Əks-arqument kimi Ermənistan 2021-ci il may toqquşmasını (Ukrayna müharibəsindən 9 ay qabaq) nümunə çəkir. Digər əks-arqument bundan ibarətdir ki, Ermənistan cari qəliz vəziyyətdə Rusiyanın Ukrayna/Qərb üzərində qələbəsini gözləyə bilməz, belə ki, Rusiyanın başı qərb cəbhəsinə qarışdığı vaxtda Azərbaycan-Türkiyə yerdə Ermənistanın maraqlarına zidd yeni geosiyasi reallıq formalaşdıra bilər.  
 
Həmçinin, Ermənistan öz ölkəsində KTMT missiyasını və ya hərbi təlimlərini qəbul etmək istəmir. Ermənistan rəhbərliyi iqtidara yaxın qərbyönümlü partiyalara bildirib ki, Rusiya KTMT pərdəsi altında Ermənistana daxil olsa ya burdan bir daha çıxmayacaq, ya da Paşinyanın hakimiyyətdən getməsi məqsədilə dövlət çevrilişi həyata keçirəcəkdir.
 
Ermənistan rəhbərliyi Aİ mülki missiyanı KTMT-nin hərbi missiyası ilə yanaşı deyil, alternativ kimi sərgiləyir və ictimai fikirdə məhz bu trendi inkişaf etdirir. 
 
Ermənistanın Rusiyadan əsas gözləntiləri – Laçın yolundakı ekoaksiyanın dağıdılması, şərti sərhəddən Azərbaycan SQ-nin çıxarılması, Azərbaycana diplomatik təzyiqin, Ermənistana isə hərbi dəstəyin göstərilməsi və Qarabağın status məsələsində aktivliyin nümayiş etdirilməsidir.  
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi 



Tarix: 9-02-2023, 12:01
Xəbəri paylaş





Xəbər lenti