Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılması Ermənistanın istəyi ilə baş tutub
Qəhrəmanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələ sonrası dünyanın hər yerindən həm hökumətlər səviyyəsində, həm mülki insanlar, həm də humanitar təşkilatlar vasitəsilə Türkiyəyə yardımlar edilir. Türkiyəyə humanitar yardım edən ölkələr arasında xüsusilə Ermənistan, Yunanıstan, İsrail diqqət çəkir. Bu ölkələri digərlərindən seçən cəhət heç də onların daha çox yardım etməsi deyil, əksinə Türkiyə ilə siyasi münasibətlərin pis, gərgin və durğun olması ilə bağlıdır. Təsadüfi deyil ki, hazırda ən düşündürən suallardan biri rəsmi Ankaranın bu üç ölkə ilə münasibətlərinin bundan sonra necə olacağıdır. Ankara Təl-Əviv münasibətlərinin inkişaf tempi artacaq 2010-cu il mayın 31-də baş verən “Mavi mərmərə” hadisəsi sonrası gərginləşən İsrail-Türkiyə münasibətləri hazırda sürətli toparlanma mərhələsinə qədəm qoyub. Türkiyə və İsrailin xarici işlər nazirlərinin 15 ildən sonra qarşılıqlı səfərlər təşkil etməsi, iki ölkə başçılarının telefon danışığı etməsi Ankara və Təl-Əviv arasında buzları əritdi. Qarşılıqlı şəkildə səfirliklərin yenidən fəaliyyətini bərpa etməsi ilə de-fakto diplomatik münasibətlər də bərpa edildi. Düzdür, Türkiyə ilə İsrail arasında bir sıra məsələlər hələ də həll edilmədən qalsa da Təl-Əvivin Türkiyədə baş verən təbii fəlakət sonrası etdiyi yardımlar iki ölkə arasında həllini gözləyən məsələlər baxımından da müsbət təsiri ola bilər. Onu da qeyd etmək lazımdr ki, İsrail Azərbaycandan sonra Türkiyəyə ikinci ən böyük humanitar yardım edən ölkədir. Bu fakt belə İsrail-Türkiyə münasibətlərinin bundan sonra da inkişaf edəcəyi və Ankaranın Təl-Əvivin humanitar yardımlarına siyasi sferada müsbət reaksiya verəcəyini göstərir. Lakin iki ölkə arasında dəyişməyəcək məsələlər də var. Xüsusilə də Ankaranın Fələstinə dəstəyi Qüds və Qəzza problemləri ilə bağlı sərgilədiyi mövqeyin dəyişəcəyi real deyil. Aralıq dənizində bir müddətlik durqunluq İlk öncə onu qeyd etmək lazımdır ki, rəsmi Afina Türkiyədə baş verən təbii fəlakətin ardınca Ankaraya yardım edən ilk 10 ölkədən biridir. Hadisədən bir neçə saat sonra Yunanıstan Baş naziri Kiriakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib, dəstəyə hazır olduğunu bildirmişdi. Bundan başqa Yunanıstan hazırda Türkiyədə geniş xilasetmə qrupu ilə axtarış-xilasetmə işlərində iştirak edir. Yunanıstanın “Katimerini” qəzeti kimi ən radikal mediaları belə Türkiyədə baş verən zəlzələ ilə bağlı dəstək məqsədli paylaşımlar edir. Bütün bunlar hər nə qədər müsbət olsa da Afinanın atdığı bu addımlar heç də təsadüfi və ya sırf humanizmdən irəli gəlmir: Birincisi, Yunanıstan özü də Türkiyə ilə eyni seysmik qurşaqda yerləşir və ən az Türkiyə qədər təbii fəlakətə məruz qalır. Hətta gözlənilən mərmərə zəlzələsi Yunanıstan üçün də potensial təhlükə kəsb edir. Afina yaxşı bilir ki, ehtimal təbii fəlakət zamanı ona ən böyük yardımı edəcək ölkə məhz Türkiyədir və bu gün edilən istənilən humanitar yardım sabah onun özünə də ediləcək. İkincisi, Yunanıstan Türkiyəyə etdiyi humanitar yardımlar ilə həm də sətiraltı mesaj verir. Yəni iki ölkə arasındakı gərginlikdə Afina tərəfi günahkar deyil, müqəssir təkcə Türkiyədir. Edilən humanitar yardımlar da bunu təsdiqləməyə çalışırlar. Bütün bunlara baxmayaraq rəsmi Ankara Afinanın etdiyi yardımları unutmayacaq və iki ölkə arasında münasibətlər bir müddətlik normallaşa bilər. Prinsip etibarilə 1999-cu il zəlzələsi sonrası da Türkiyə və Yunanıstan arasında münasibətlər normallaşsa da bir müddət sonra gərginlik yenidən alovlandı. Digər tərəfdən iki ölkə arasında gərginliyin məhz Yunanıstan tərəfindən artırıldığını müşahidə etmək olar. Rəsmi Afinanın istər 12 adaları hərb məqsədli istifadə etməsi, istərsə də Türkiyənin dəniz sərhədlərini tanıması iki ölkə arasında tez-tez gərginliyin artmasına gətirib çıxarır. Afina faktiki olaraq özünü ərköyün uşaq kimi aparır və Qərbi hər vəchlə Türkiyəyə təzyiq etməyə çağırır. Bu mənada iki ölkə arasında münasibətləri bu hadisədən sonra normallaşsa da bu yalnız bir müddət çəkəcək və yunan tərəfi gec-tez münasibətləri gərginləşdirəcək addım atacaq. İrəvanın Ankaranı manipulyasiya cəhdi Türkiyədə baş verən təbii fəlakət sonrası bu ölkəyə yardım göndərən ölkələrdən biri də Ermənistandır. Ermənistan yardımlardan əlavə əraziyə xilasetmə qrupu da göndərib. Ermənistanla bağlı ən diqqətçəkən məqam isə şübhəsiz humanitar yardımların 1993-cü ildən bəri ilk dəfə olaraq Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara-Alican sərhəd-keçid məntəqəsində keçərək Türkiyəyə çatdırılması oldu. Ermənistanın Türkiyəyə etdiyi yardımların səmimiliyi şübhə altındadır. Məsələ ondan ibarətdir ki, İrəvan təbii fəlakətdən öz maraqları naminə istifadə etməyə çalışır: Birincisi, Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılması Ermənistanın istəyi ilə baş tutub. Rəsmi İrəvan baş verən hadisənin miqyasını yaxşı bilir və Ankaranın hər cür yardıma xüsusilə də sərhəd ölkələrindən gələcək yardımlara ehtiyacı olduğunu yaxşı bilir. Buna görə də Türkiyənin bu həssas zamanından istifadə edərək Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılmasına nail oldu. Düzdür, bu humanitar məqsədli və müddətlik nəzərdə tutulsa da nəticə etibarilə 30 il sonra belə bir hadisə baş verdi və Ermənistan prosesin ardının gəlməyi üçün bütün səylərini artıracaq. İkincisi, Ermənistan Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılmasından bir neçə aspektdə, xüsusilə də Azərbaycan ictimaiyyəti daxilində narazılıq yaratmaq üçün istifadə edir. Belə ki, Ermənistan hakimiyyətinə bağlı teleqram və media resurslarında artıq Azərbaycan ictimaiyyətində qıcıq yaradacaq yazılara, paylaşımlara rast gəlinir. Rəsmi İrəvan bu yolla iki ölkə münasibətlərinə də zərər verməyə çalışır. Lakin daxili auditoriyanı manipulyasiya etmək bir yana, Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılması çətin ki, Bakı ilə Ankara arasında narazılıq yaratsın. Çünki sərhədin açılmasından Azərbaycan tərəfinin xəbəri var və mümkündür ki, iki ölkə başçılarının telefon danışığı zamanı bu məsələ ətrafında müzakirələr olub. Türkiyə Azərbaycanın bu məsələdəki həssasiyyətini bilir və buna görə öncədən sərhədin humanitar məqsədlə müvəqqəti açıldığını qeyd edib. Üçüncüsü, Türkiyədə təbii fəlakətin baş verdiyi ərazidə kifayət qədər çox erməni yaşayır və Ermənistanın bu prosesdə iştirak etməsi həm də erməni əsilli türk vətəndaşları ilə bağlıdır. Rəsmi İrəvan bu yolla Anadoludakı ermənilərə təsir etmək və gələcəkdə öz siyasi maraqları üçün onlardan istifadə etmək istəyir. O ki qaldı Ermənistanın Türkiyəyə humanitar yardım etməsinin iki ölkə münasibətlərinin normallaşmasına deyə bilərəm ki, bu fakt həlledici amil deyil. Türkiyə birmənalı şəkildə bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Ermənistandan və onun atacağı konstuktiv addımlardan asılı dır. Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığı, Türkiyə və Azərbaycana ərazi iddialarından əl çəkmədiyi təqdirdə iki ölkə münasibətləri də normallaşmayacaq.
Müəllif: Politoloq Turan Rzayev,Siam.az
Tarix: 13-02-2023, 14:54