Açığı, Ruben Vardanyan Moskvaya çağırılanda onun qaçdığını yazanları ürəyimdə sadəlövhlükdə qınayırdım. Araik Arutyunyanın və Vardanyanın Moskvaya çağırılması üzbəüz təlimat kursu idi. Telefonda və ya kiminsə vasitəsilə təlimat göndərməyin effekti istənilən kimi hədəfə çatmır. Üz-üzə danışmaq, vəd vermək, yeri gələndə qorxutmaq daha çox təsir gücünə malikdir. Necə deyərlər, onlayn təlimat bu situasiyada alınmır. Araik də, Vardanyan da Xankəndinə qayıdıblar.
Moskvadan geri dönən Araik Arutunyanın ilk işi Konstitusiyaya dəyişikliklə bağlı “fərman” imzalaması olub. Qondarma rejimin Konstitusiyasının o maddəsinə ki, orada hərbi vəziyyət dövründə prezident postunun boş qalması halında qondarma Milli Məclis tərəfindən prezidentin seçilməsi və bu seçkilərin xüsusiyyətləri ilə bağlı Konstitusiyaya dəyişiklik edilməsi nəzərdə tutulub. Layihə artıq bu gün müzakirəyə verilib. Bu informasiyada ilk ağıla gələn Araik Arutunyanın tezliklə istefaya gedəcəyidir. Separatçı rejimin İrəvandan daha çox Kremldən idarə olunduğu gizli məsələ deyil. Amma, Araik Arutunyan Nikol Paşinyan hakimiyyəti ilə də əlaqələrini kəsmirdi və fəaliyyətində yalnız maliyyə məsələləri ilə bağlılıqla kifayətlənmir, eyni zamanda İrəvandan gələn siyasi göstərişləri də nəzərə alırdı. Nikol Paşinyanın Qərblə münasibətləri, Azərbaycanla sülh müqaviləsini tez imzalamağa meylli olması Moskvanın siyasi xəttinə zidd olduğundan, Kreml Ruben Vardanyan faktorunu dövriyyəyə saldı. Altı aydır ki, Vardanyan radikal mövqeyi ilə gündəmdədir, əsas prinsip isə Azərbaycanın tərkibində olmaqdan tamamilə imtina etməkdir. Vardanyanın perspektivdə İrəvanda hakimiyyət başına gətirilməsinin mahiyyətində də məhz bu radikallıq dayanır.
Araik Arutunyanın, Vitali Balasanyanın Azərbaycanla hansısa formada dil tapmaq siyasətinə qarşı çıxan Vardanyanın hansı missiyanı yerinə yetirəcəyini, hansı təlimatla gəldiyini Azərbaycan Prezidenti İlham Əliyev dəqiq vurğulamışdı. O missiya davam edir. Xankəndidə bir müddətdir davam edən ikihakimiyyətlilik onsuz da Ukraynada gərginlik yaşayan Rusiyanı daha da qəzəbləndirirdi. Problemi kökündən həll etmək və Xankəndidə gərginlik yaşamadan yoluna qoymaq məqsədilə Moskva məsələyə hüquqi don geyindirməyi qərara alıb. Eyni gündə Araik Arutunyan Konstitusiya dəyişikliyinə qərar verir, digər tərəfdən Ruben Vardanyan separatçı rejimin məmur heyəti ilə geniş müşavirə keçirib perspektiv planları müzakirə edir. Yəni, Araik artıq keçmiş zamandır və gedir, Ruben isə gələcək zamandır və qalır...
Araik Arutunyan istefa verdiyi halda separatçı rejimin seçki keçirməsinə Azərbaycanın sərt reaksiya verəcəyini, hərbi gücdən belə istifadə etməkdən çəkinməyəcəyini bildikləri üçün, “prezident” yerini vakant saxlayıb, onu “dövlət naziri” ilə əvəz edəcəklərini qanuniləşdirməyə çalışırlar. Adını da qoyurlar ki, hərbi vəziyyətdir.
Bu, Moskvanın planıdır və yaxşı heç nə vəd etmir. Azərbaycan nə etməlidir? Əlbəttə, qalib dövlət üçün “şəxs”in kimliyi rol oynamır. Bizim üçün fərq etməz, separatçılara Araik rəhbərlik edir, yoxsa Ruben və ya Robik, Serjik. Biz ərazi bütövlüyümüzü tezliklə de fakto həll etməliyik. İlk işimiz isə Laçın yolu ilə bağlıdır. Bir daha təkrar edirik: Laçın yolundakı dövlət sərhədində nəzarət buraxılış məntəqəsini yaratmaq, erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaq, keçmiş Dağlıq Qarabağdan olan azərbaycanlı qaçqınları doğma yurdlarına qaytarmaq. Vardanyan hakimiyyət başına keçməzdən əvvəl sərhəd nəzarətimizin yaranması ona ən yaxşı “hədiyyə” olacaq.
İlham İsmayıl
Tarix: 14-02-2023, 08:35