“Türkiyə Ermənistanla barışır” iddiası - sərhəd daha bağlanmayacaq?


 
Zəlzələyə görə Türkiyəyə humanitar yardım və xilasedici dəstə (27 nəfər) göndərənlər arasında Ermənistan da var. Xəbər verildiyi kimi, Türkiyə mətbuatı Ermənistan-Türkiyə sərhədini keçərək İğdır şəhərinin küçələrində görünən erməni yük maşınları ilə bağlı video yayımlayıb.
Erməni mediası isə bu haqda manşetlərdən xəbər tirajlayıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan yazıb ki, İrəvan Marqara körpüsü ilə Türkiyəyə humanitar yardım göndərib. “Humanitar yardımla yüklənmiş yük maşınları Marqara körpüsündən sərhədi keçərək zəlzələdən zərər çəkmiş əraziyə doğru yol alıb”, - yazıb.
Qeyd edək ki, son zamanlar Türkiyə-Ermənistan quru yolunun açılması ilə bağlı müzakirələr gedirdi. Ümumən münasibətlərin normallaşması üçün iki ölkənin xüsusi nümayəndələri - Sərdar Kılıç və Ruben Rubinyan artıq 4 görüş də keçiriblər. Lakin qardaş ölkə rəsmiləri dəfələrlə sərhədlərin yalnız Azərbaycan-Ermənistan sülh müqaviləsindən sonra açılacağını bəyan ediblər. Ermənistanda isə artıq belə rəy yaranıb ki, bir dəfə açılan sərhəd bir daha bağlanmayacaq.
Yeri gəlmişkən, Sərdar Kılıç edilən köməyə görə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Ermənistanın danışıqlar üzrə xüsusi nümayəndəsi, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyana təşəkkür edib. Sitat: “Hörmətli Vahan Kostanyan, hörmətli Ruben Rubinyan, sayənizdə mümkün olan köməyə görə təşəkkür edirik. Ermənistan xalqının zəlzələdən zərər çəkmiş xalqımıza əzablarını yüngülləşdirmək üçün göstərdiyi səxavətli yardımı həmişə xatırlayacağam”.
“Sputnik-Ermənistan”la söhbətində erməni türkoloq Nelli Minasyan Serdar Kılıçın Ermənistan rəsmilərinə ünvanladığı minnətdarlığına münasibət bildirib, eyni zamanda Ermənistan-Türkiyə sərhədinin qeyri-rəsmi açılması mövzusuna da toxunub. Onun sözlərinə görə, 1993-cü ildən bağlanan Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü 30 ildən sonra açılıb və böyük ehtimalla bir daha bağlanmayacaq.
“Sərhədin açılması əslində Ermənistan-Türkiyə danışıqlarının nəticələrinə əsasən planlaşdırılıb. Humanitar yardım şəklində "qanuni" səbəb olduğu üçün zəlzələ bu prosesi müəyyən qədər sürətləndirdi. Amma mən hesab edirəm ki, quru sərhədinin açılması ilə bağlı müəyyən proses gedir və əslində bu qəbildən xəbərləri gözləmək lazımdır", - deyə Minasyan bildirib.
Belədirmi, sərhədlər həmişəlik açılıbmı?

Deputat Ceyhun Məmmədov: “Türkiyənin  şərtləri dəfələrlə elan olunub, bəyan edilib ki, Türkiyə tərəfindən problem yoxdur, yetər ki, Ermənistan şərtə əməl etsin”
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bu məsələ daha çox Ermənistanın özünü necə aparmasından asılıdır. Əslində bununla bağlı həm Azərbaycan, həm Türkiyə dəfələrlə öz mövqeyini bildirib: “Biz hesab edirik ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoyarsa, Azərbaycanla sülh müqaviləsi imzalayarsa, Azərbaycan dövləti Ermənistan-Türkiyə sərhədinin açılmasına eriraz etməyəcək, əksinə, müsbət yanaşacaq. Eləcə Türkiyə hakimiyyəti bəyan edib ki, Ermənistanla sərhədlərin açılması Ermənistanın Azərbaycana qarşı müharibəyə, ərazi iddialarına son qoymasından xeyli dərəcədə asılıdır. İndiyə qədər Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlı olmasının, münasibətlərinin qurulmamasının bilavasitə səbəbkarı Ermənistandır, Ermənistanın Azərbaycan ərazilərinə qarşı işğalçılıq siyasətidir. Buna görə də məsuliyyəti Ermənistan daşıyır. Əgər bu ölkə düşmənçilikdən əl çəkərsə, təxribatlara son qoyarsa, münasibətlər düzələ bilər. Odur ki, Türkiyə-Ermənistan sərhədlərinin daimi açılması İrəvanın hansı siyasəti yürüdəcəyindən asılıdır. Türkiyənin  şərtləri dəfələrlə elan olunub. Türkiyə bəyan edib ki, Türkiyə tərəfindən problem yoxdur, yetər ki, Ermənistan şərtə əməl etsin. Məsuliyyət Ermənistanın üzərinə düşür. Bizim əsas istəyimiz odur ki, bu bölgədə nəhayət sülh bərqərar olsun, regiondakı dövlətlər arasında əlaqələr normal olsun. Ermənistan irəli sürülən şərtlərə əməl etməyəcəksə, Türkiyə ilə sərhədi açılmayacaq, humanitar yardım üçün açılan sərhəd qapısı qapanacaq. Bu qapının qapanmaması üçün İrəvan üzərinə düşən addımları atmalıdır. Əgər qonşuluqlarında olan böyük bir dövlətlə əlaqələr qurmaq və bununla böyük imkanlar əldə etmək istəyirsə, Ermənistan yubanmadan şərtləri yerinə yetirməyə başlamalıdır. Yoxsa sərhəd açılmayacaq”.

Politoloq Yeganə Hacıyeva: “Ermənistan-Türkiyə sərhədinin açılması məhz 10 noyabr üçtərəfli bəyanatında kommunikasiyaların bərpasını nəzərdə tutan bəndlərin davamıdır”
Politoloq Yeganə Hacıyeva isə bildirdi ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması məhz 10 noyabr üçtərəfli bəyanatında kommunikasiyaların açılmasını nəzərdə tutan bəndlərin davamıdır. Sərhədin indi məlum məqsəd üçün açılması Ermənistanın əlinə sanki bir bəhanə kimi düşdü: “İndi Ermənistan hakimiyyəti erməni cəmiyyətinə yedirməyə çalışır ki, artıq sərhəd birdəfəlik açılıb. Türkiyənin sərhədlərin açılması üçün şərtləri var. İndi növbə Ermənistanın o şərtləri yerinə yetirməyə başlamasına çatıb. Görək Ermənistan buna gedəcəkmi? Türkiyə ilə sərhədlərinin açılması Ermənistanın iqtisadi baxımdan İran və Rusiyadan asılılığını xeyli dərəcədə azaldacaq. Bu vəziyyət Ermənistanın da xeyrinə olar, Türkiyənin də. İki gün öncə açılan "Alican" keçidi, məncə, bir müddət açıq saxlanacaq. Sərhəd qapısının daimi açıq saxlanması isə bu müddətdə Ermənistanın özünü necə aparmasından asılı olacaq".
Tarix: 14-02-2023, 10:24
Xəbəri paylaş





Xəbər lenti