NATO Cənubi Qafqaza yaxınlaşır: “Masamızda Gürcüstan məsələsi də var” - Stoltenberq



 
“Biz Rusiya prezidenti Putinin sülhə hazırlaşdığına dair heç bir əlamət görmürük. Bizim gördüyümüz bunun tam əksidir, o, daha çox müharibəyə, yeni hücumlara və təcavüzlərə hazırlaşır”.
 
Ovqat.com-un məlumatına görə, NATO-nun Baş katibi Yens Stoltenberq bu gün alyansın Brüssel qərargahında müttəfiq ölkələrin Xarici İşlər nazirlərinin sammitində açılış nitqində bunları deyib.
 
Onun fikrincə, mövcud şərait NATO müttəfiqlərini və tərəfdaşlarını Ukraynaya daha çox dəstək verməyə vadar edir: “Biz bu gün ABŞ-ın rəhbərlik etdiyi Ukrayna üzrə Təmas Qrupunda da bu məsələni görüşəcəyik və Ukraynaya artan dəstəyin təcili ehtiyaclarını həll edəcəyik”.
 
Stoltenberq hesab edir ki, bu gün NATO üzvlərinin qarşısında dayanan əsas məsələ Ukraynanı daha çox döyüş sursatı ilə təmin etmək və öz ehtiyatlarını artırmaq üçün istehsalı yüksəltmək və müdafiə sənayemizi gücləndirməkdir.
 
“Biz həmçinin Müdafiə Nazirlərinin Görüşündə çəkindirmə gücümüzü və müdafiəmizi daha da artırmaq üçün müdafiə planlamamızda yeni uzunmüddətli təlimatları razılaşdıracağıq. Daha rəqabətli və daha təhlükəli olan bir dünyada son dərəcə vacib olan bir məsələ budur.  Üstəlik söhbət Avropada tam hüquqlu müharibədən gedir”.
 
Stoltenberq çıxışında kritik infrastrukturun, xüsusən də dənizaltı infrastrukturunun mühafizəsinə diqqət yetirməyin tərəfdarıdır: “Çünki biz gördük ki, bu sualtı kabellər, boru kəmərləri həssasdır və kritik infrastrukturu qorumaq üçün səylərimizi daha çox əlaqələndirməyimiz vacibdir”.
 
Stoltenberq çıxışının sonunda Türkiyədə baş verən zəlzələ barədə də danışıb. “Zəlzələlərin yaratdığı dəhşətli fəsadların hamını dəhşətə gətirdiyini vurğulayan Baş katib NATO müttəfiqlərinin bu ölkəyə ciddi dəstək verdiyini bildirib. “Bu dəstəyin davam etməsi lazımdır və biz həmrəylik içində olub Türkiyəyə dəstəyimizi davam etdirməliyik”, - Stoltenberq vurğulayıb.
 
Daha sonra jurnalistlərin suallarını cavablandıran Baş katib NATO, nə də NATO müttəfiqlərinin Rusiya-Ukrayna münaqişəsinin tərəfi olmadığını diqqətə çatdırıb: “NATO müttəfiqləri və NATO olaraq etdiyimiz hərəkət Ukraynaya dəstək verməkdir. Ukrayna özünü müdafiə edir, bunun nə olduğunu anlamaq lazımdır. Bu işğalçı müharibədir. Rusiya prezidenti Putin Avropada suveren müstəqil demokratik azad dövlətə, Ukraynaya hücum edib. Və təbii ki, Ukraynanın özünü müdafiə etmək hüququ var. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub, beynəlxalq hüququn bir hissəsidir. Və təbii ki, bizim Ukraynaya özünümüdafiə hüququnu dəstəkləməkdə kömək etmək hüququmuz var. Beləliklə, NATO və NATO müttəfiqləri münaqişə tərəfi deyillər, lakin biz Ukraynanın özünümüdafiə hüququnu dəstəkləyirik”.
 
Ukrayna-Rusiya müharibəsinin 2022-ci ildə yox, 2014-cü ildə başladığını bildirən Baş katib fikrini belə izah edib: “Müharibə keçən ilin fevralında başlamadı. Müharibə 2014-cü ildə başladı. Və 2014-cü ildən NATO müttəfiqləri Ukraynaya təlim, texnika ilə dəstək verdilər, ona görə də Ukrayna Silahlı Qüvvələri 2022-ci ildə 2020 və 2014-cü illərdə olduğundan qat-qat güclü oldu. Və təbii ki, bu, Prezident Putin Ukraynaya hücum etmək qərarına gələndə böyük fərq yaratdı”.
 
 “Rustavi TV” telekanalının jurnalistinin sualını cavablandıran Stoltenberq NATO rəsmilərinin bugünkü görüşlərinin əsas mövzularından birinin də Gürcüstan olacağını təsdiqləyib
 
Gürcü jurnalist Tamara Nutsubidzenin sualı belə olub:
Cənab Baş katib, siz dünən qeyd etdiniz ki, nazirlər həmçinin Gürcüstan, Moldova, Bosniya və Herseqovina kimi tərəfdaş ölkələri dəstəyir, praktiki dəstəyin yaxşılaşdırılması yollarını müzakirə edəcəklər. Bu gün hansısa qərarlar gözləməliyikmi və Gürcüstan üçün xüsusi hazırlanmış paketlə bağlı icra və proses necə gedir?
 
Yens Stoltenberqin cavabı:
“Düşünürəm ki, Ukraynadakı müharibədən artıq öyrəndiyimiz dərslərdən biri də tərəfdaşlara tez bir zamanda dəstəyin göstərilməsinin vacibliyidir, çünki işğaldan əvvəl Ukraynanı dəstəkləmək vacib olduğu kimi, digər tərəfdaşları da dəstəkləmək vacibdir. Çünki onlar Rusiyanın müdaxiləsinə qarşı həssasdırlar. Buna görə də, müttəfiqlər tərəfdaşlığımızı gücləndirməyə, məsələn, Gürcüstan kimi tərəfdaşlarla əməkdaşlıq etməyə razılaşdılar və biz indi kiber, böhranın idarə edilməsi və təhlükəsiz kommunikasiya ilə bağlı dəstəyi necə gücləndirmək üzərində işləyirik. Bəli, uyğunlaşdırılmış tərəfdaşlıq, uyğunlaşdırılmış dəstək Gürcüstan kimi tərəfdaşlarla gördüyümüz işlərin bir hissəsidir.



Tarix: 14-02-2023, 22:23
Xəbəri paylaş





Xəbər lenti