Yardım üçün açılan Əlican qapısı nə zamana qədər AÇIQ QALACAQ? - HƏQİQƏTƏN DƏ...
Türkiyə-Ermənistan sərhədi 35 il sonra açılıb. Bu, Ermənistanın Türkiyəyə humanitar yardım göndərməsi sayəsində baş verib. Ermənistandan gələn humanitar yük dolu 5 TIR 35 ildir bağlı qalan Alican sərhəd qapısından keçib. Qeyd edək ki, sözügedən sərhəd qapısı sonuncu dəfə 1988-ci ildə istifadə olunub. Həmin il Ermənistanda baş verən zəlzələ zamanı Türk Kızılay tərəfindən yığılan yardımlar fəlakət bölgəsinə aparılmışdı. Sərhəd keçid məntəqəsi Ermənistanın Qarabağı işğal etməsinə etiraz olaraq 1993-cü ildə Türkiyə tərəfindən bağlanıb.
Keçid məntəqəsinin açılması Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüşlərdə müzakirə mövzusu olub. Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç tvitter hesabında iki ölkəni ayıran Araz çayının Türkiyə tərəfindəki Alican keçid məntəqəsindən keçən yük maşınlarının fotolarını paylaşıb: "Mən Türkiyənin zəlzələ bölgəsində xalqımızın əzablarını yüngülləşdirmək üçün Ermənistan xalqının göndərdiyi səxavətli yardımı həmişə xatırlayacağam". Kılıç Ermənistan rəsmilərinə təşəkkürünü bildirib. Bəzi siyasi şərhçilər sərhəd keçid məntəqəsinin açılmasını Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında ciddi addım kimi dəyərləndirsələr də, əksəriyyət bunun müvəqqəti xarakter daşıdığını düşünür. Hesab edilir ki, İrəvan-Ankara münasibətlərinin inkişafı sadəcə bu iki ölkə ilə bağlı məsələ deyil. Əlaqələrin irəliyə doğru getməsi paralel olaraq Bakı-İrəvan arasındakı danışıqlardan və sülh müqaviləsindən asılıdır.
Siam.az-ın məlumatına görə, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan da "Şərq"ə açıqlamasında deyib ki, Türkiyə-Ermənistan sərhədinin açıq qalması İrəvanın Azərbaycana qarşı olan münasibətindən asılıdır. Partiya rəsmisinin sözlərinə görə, burada Azərbaycanla sülh müqaviləsi və müəyyən anlaşmaların olması əsas şərtdir:
"Müvəqqəti atılan addımlar sərhəd məntəqələrinin daimi açılması anlamına gəlmir. Ümumən, son dönəmdə münasibətlərdə yaxınlaşma müşahidə olunur. Bu, yaxşı haldır. Ermənistan üçün bu keçid məntəqəsi nəfəslik rolu oynaya bilər. Hərçənd, Paşinyan hökuməti əvvəlkilərə nisbətdə bu münasibətlərin normallaşmasında maraqlıdır. Çünki Türkiyə ilə münasibətlərin normallaşması Paşinyan hökumətinin ömrünü də uzada bilər.
Lakin hesab edirəm ki, Ermənistan qüvvələri Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Şuşanın kəndlərindən tamamilə təmizlənməsə, ermənilərə heç bir güzəşt ola bilməz. Ermənistanın Türkiyəyə göndərdikləri xilasedici adı altındakı kəşfiyyat agenturası hazırda Adıyamanda oğurluq və qarət üstündə həbs olunub.
Yəni erməni xisləti elədir ki, əsla onlara tam güzəşt və etibar ola bilməz. Erməni əhalisinin çoxu Türkiyədəki zəlzələyə sevinir. Bu baxımdan Türkiyə Ermənistanla sərhəd keçid məntəqəsini belə rahatlıqla açmağa tələsməməlidir".