Qarabağda yeni siyasi oyuna cəhd: - Moskva və İrəvanın məkrli planları

Qarabağda yeni siyasi oyuna cəhd:
Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazilərdə son zamanlar müəmmalı proseslər gedir.

Ən qaranlıq məqam isə qondarma rejimdə “dövlət naziri” postuna yiyələnən rusiyalı milyarder Ruben Vardanyanın Moskvada təlimatlandırılıb yenidən Xankəndiyə göndərilməsidir.

Xatırladaq ki, bir həftə bundan öncə Azərbaycan mediasında Ruben Vardanyanın Qarabağı birdəfəlik tərk etməsi ilə bağlı məlumatlar yayılmışdır. Halbuki, bəzi erməni media agentlikləri iddia edirdilər ki, Ruben Vardanyan qondarma rejimin rəhbəri Araik Arutyunyanla birgə Moskvaya “işgüzar səfərə” gedib.

Təəssüf ki, erməni mediasının iddiaları doğru çıxdı. Lakin ən maraqlısı budur ki, Moskvada Vardanyan və Arutyunyana Kremlin siyasi dairələri tərəfindən hansı təlimatlar verilibdir, bundan sonra Kremlin Qarabağda daha hansı məkrli siyasi addımlar atacağı gözlənilir kimi məsələlər hələ də tam aydınlaşmayıb.

Eyni zamanda, Qarabağda digər narahatedici məqam separatçı silahlı birləşmələrin sabiq komandanı Samvel Babayanın bir neçə gündür Xankəndidə olmasıdır. Sosial şəbəkələrdə ermənilər arasında Babayanın səfərinin məqsədi ilə bağlı qızğın müzakirələr aparılır, söz-söhbətlər gəzir. Bəziləri iddia edirlər ki, Samvel Babayanın bölgədə yenidən fəallaşması gözlənilir, həmçinin onun Qarabağda daxili siyasi birləşmədə öz yerini təsdiqləmək niyyətinin olduğu bildirilir.

Yaxın zaman üçün Qarabağda siyasi oyunlar hazırlanır?

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov vurğulayıb ki, Qarabağda Ruben Vardanyanın heç bir gələcəyi yoxdur, Azərbaycan onu heç vaxt qəbul etməyəcək:

“Onsuz da nə vaxtsa Xankəndini birdəfəlik tərk etmək məcburiyyətində olacaq. Vardanyan çox yaxşı başa düşür ki, o, Azərbaycanla qarşıdurma iqtidarında deyil, onun belə bir imkanı da yoxdur. Ola bilsin ki, Moskvada bunu nəzərə alacaqlar. Bununla yanaşı, Azərbaycan bütün dünyaya bildirib ki, Qarabağın erməni ictimaiyyətində istənilən şəxslə təmas, bağlantı onun qərarı və tələbi əsasında aparılacaq. Ölkəmizin hazırda əsas hədəfi Qarabağda sabitliyin bərqərar olunması, sülhün təmin edilməsi və ərazilərimizdə suverenliyimizin bərpası istiqamətində ciddi addımların atılmasıdır”.

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Moskvanın əsas məqsədi Qarabağ erməniləri ilə Azərbaycan arasında hər hansı təmas və danışıqların qarşısını almaqdır.

Onun sözlərinə görə, Moskva Qarabağda separatçı ünsürlərin əli ilə yerli erməni sakinləri qorxu içində və girov kimi saxlamağa çalışır:

“Rusiya rəhbərliyində siyasi dairələr hər hansı yolla çalışırlar ki, Azərbaycan Qarabağda rus sülhməramlı qüvvələrinin müddətinin uzadılmasına razılıq versin. Regionda dayanıqlı və daimi hərbi mövcudluq Rusiyanın Cənubi Qafqaz siyasətində əsas prioritet hesab olunur. Rusiyanın bu iki siyasi istəyi göz qabağındadır. Azərbaycanın sülhməramlıların müddətinin uzadılmasına “hə” və ya “yox” deməsi gələcək qərardan asılıdır. O ki qaldı Moskvada Vardanyana verilən tapşırıqların və təlimatların arxasında hansı məqsədin dayanmasına, biz bunu yalnız yaxın gələcəkdə görəcəyik. Moskva çox istəyir ki, Azərbaycan birbaşa Ruben Vardanyanla danışıqlar aparsın, Qarabağın erməni ictimaiyyəti bu məsələlərə qarışmasın”.

Politoloq onu da əlavə edib ki, Rusiya Qarabağ üzərindən həm Azərbaycana, həm də Ermənistana qarşı siyasi oyunlar qurur.

Sabiq döyüşçü Samvel Babayanın Qarabağa qayıtmasının arxasında duran məqsədə gəlincə, şərhçi Asəf Quliyevin fikrincə, o, Nikol Paşinyanın təlimatı əsasında Xankəndinə gəlib:

“Qarabağdakı ermənilər arasında vaxtı ilə Samvel Babayanın keçmiş döyüşçü kimi kifayət qədər nüfuzu və hörməti vardı. 2020-ci ildə 44 günlük müharibədə ermənilərin ağır məğlubiyyətə uğramasından sonra Babayan ona bəslənən hörməti və etimadı itirib. O, qondarma rejimin “təhlükəsizlik katibliyi”ndən istefa verərək Qarabağı birdəfəlik tərk etdi. Samvel Babayanın Qarabağa qayıdaraq yenidən oralarda öz nüfuzunu bərpa etməsi qeyri-mümkündür. Əksinə, Qarabağ erməniləri arasında Vitali Balasanyan daha çox siyasi təsirə və nüfuza malikdir”.


Tarix: 15-02-2023, 21:54
Xəbəri paylaş





Xəbər lenti