Beş min üzv tələbi partiyaları hərəkətə gətirdi: onlar birləşəcəkmi?
MDHP sədri: ““Az adam olsun, hər kəs partiya yarada bilsin” tezisini qəbul etmirəm” AMİP funksioneri: “Belə bir köklü partiyanın hansısa təşkilata birləşməsi sizcə, ağlabatandır?” AĞ Partiya sədri: “Xırda partiyaların 5 min üzv yığmaqla bağlı problemi varsa, bu onların öz işidir” Siyasi partiyalar haqqında qəbul edilən yeni qanunda göstərilən bir sıra maddələr təşkilatlar üçün ölüm-qalım məsələsinə çevrilib. Xüsusilə, partiyaların yenidən qeydiyyatı üçün ən azı beş min üzvün tələb olunması xırda təşkilatların taleyini sual altında qoyub. Məlumatlara görə, qanunda göstərilən kriteriyalara cavab verə bilməyən xırda partiyalar sıradan çıxmaq əvəzinə birləşmə haqqında düşünürlər. Mənbəmizin məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən partiyaların bir çoxu, bəlkə də əksəriyyəti limiti adlaya bilməyəcəklərini anlayırlar, tamamilə siyasi meydandan yox olmaqdansa, özləri kimi digər partiyalara birləşməyi qərarlaşdırıblar. Hətta hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək üçün danışıqlar aparan partiyaların olduğu da bildirilir. AYNA mövzu ilə bağlı bir neçə partiya ilə əlaqə saxlayıb:
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev AYNA-ya bildirib ki, qanun müzakirəyə çıxarılanda müəyyən bəndlərdən narazılıqlar olub: “Bu səbəbdən də, qanunun bəzi bəndlərinə xeyli sayda yumşalmalar edildi. Amma hesab edirəm ki, partiyalar cəmiyyətin gözündə dərnək səviyyəsində deyil, ciddi bir qurum kimi görünməlidirlər. Məsələn, bir müddəa var idi, onu çıxardılar. Lakin mən həmin bəndin çıxarılmasının əleyhinə idim. Söhbət seçkidə iştirak etməyən partiyaların ləğvi məsələsindən gedir. Hesab edirəm ki, bu müddəa qalmalı idi. Çünki bir partiya varsa, deməli hakimiyyət iddiasındadır. Hakimiyyətə gəlməyin yolu isə seçkidən keçir. Əgər partiya seçkidə iştirak etmirsə, deməli başqa bir yol axtarır. Bu da qeyri-qanuni sayılır. Ona görə də, bu müddəanın qalması vacib idi”. “Partiya üzvlərinin şəxsi məlumatlarının reyestrə daxil edilməsi tam olaraq mühüm əhəmiyyət kəsb etmir. Bu cür müddəaları yumşaltmaq olardı. Amma say məsələsində fikirim müsbətdir. Biz dərnək qurmaq istəmiriksə və doğurdan da ölkə ərazisində hakimiyyət iddiasındayıqsa, o zaman say məsələsində cəfakeşlik etməliyik. Partiyalar ən azından Azərbaycanın rayonlarının 60-70 faizini əhatə etməli və üzvlərinin sayını çoxaltmalıdırlar”, - deyə F.Quliyev vurğulayıb. Partiya sədri təşkilatların birləşməsinə gəlincə, deyib ki, oxşar nizamnaməsi və məramnaməsi olan partiyalar birləşə bilərlər: “Bu, həm güclü şəkildə müxalifətin formalaşması ilə nəticələnə, həm də gələcəkdə parlament partiyasına çevriləndə fraksiyaların yaranması və digər məsələləri özündə ehtiva edə bilər. Ona görə də, “az adam olsun, hər kəs partiya yarada bilsin” tezisini qəbul etmirəm. Hesab edirəm ki, iddialısansa, o zaman cəmiyyətin dəstəyini almağı bacarmalısan”. F.Quliyev rəhbərlik etdiyi partiyanın üzv sayı ilə bağlı probleminin o0lmadığını da vurğulayıb. Hansısa partiyaya birləşməyə gəlincə, MDHP-nın böyük partiya olduğunu bildirib: “Bizim partiyaya birləşmək istəyənlər olarsa, o zaman məsələni müzakirə edə bilərik”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Oruclu AYNA-ya bildirib ki, yeni qanunda göstərilən bir sıra maddələrlə razı deyillər: “Məsələn reyestr tələbi var ki, bu, doğru deyil. Əksər məsələlər xırda nüanslar olsa da, əsas məqam üzvlərin reyestridir. Hesab edirəm ki, belə tələblər partiyaların inkişafına mane olacaq”. “Bu gün Azərbaycanda siyasi partiyalara münasibət, insanların siyasi təşkilatlara meyli çox aşağıdır. Üstəlik, minumum üzv sayı tələbi düzgün yanaşma deyil. Üzvlərin reyestrinin nəyə lazım olduğunu anlamaq çətindir. Bir vətəndaşın hansı partiyaya üzv olması barədə məlumat dövlət qurumunun nəyinə lazımdır və ya biz o məlumatı niyə göndərməliyik?!”, - deyə Oruclu narazılığını səsləndirib. AMİP-in hansısa təşkilata birləşməsini isə təşkilat səlahiyyətlisi təkzib edib. “Hansısa partiya ilə birləşmək müzakirə edilmir. AMİP Azərbaycan siyasi tarixində öz çəkisi olan təşkilatdır. Belə bir köklü partiyanın hansısa təşkilata birləşməsi sizcə, ağlabatandır?”, - deyə o, fikrini tamamlayıb.
AĞ Partiya başqanı Tural Abbaslı AYNA-ya deyib ki, yeni qanunla bağlı fikirlərini əvvəlcədən deyib, iradlarını bildirib: “Buna baxmayaraq, qanun qəbul edildi. Fikirlərimi təkrar demək istəmirəm. Qanuna uyğun olaraq addımlarımızı atırıq”. Rəhbərlik etdiyi partiyanın hansısa partiyaya birləşmək niyyətini isə T.Abbaslı qətiyyətlə təkzib edib: “Hər hansı partiyaya birləşməmizdən söhbət gedə bilməz. Bu gün Azərbaycanın ən güclü, real fəaliyyət göstərən siyasi partiyası bizim partiyadır. Mən niyə kiməsə birləşməliyəm? Kimsə birləşmək istəyirsə, müraciət eləsin, müzakirə edək”. “AĞ Partiyanın kiməsə ehtiyacı yoxdur. Xırda partiyaların 5 min üzv yığmaqla bağlı problemi varsa, bu onların öz işidir. Bizim belə bir problemimiz yoxdur. Demək olar ki, hər gün bizim partiyaya üzvlük üçün müraciətlər edilir, baxırıq, qəbul edirik. Həmçinin AĞ Partiyanın planı, proqramı, ideoloji xətti var. Buna uyğun da fəaliyyətdəyik”, - Abbaslı əlavə edib. Deyilənlərlə bağlı hakim YAP-ın mövqeyini də almağa çalışdıq. Qurumun Mətbuat Xidmətindən bildirildi ki, hazırda hansısa partiyanın YAP-a birləşməsi məsələsi müzakirə olunmur.