Məqsəd Laçın yolunda etiraz aksiyasını dayandırmaq, sərhədə Avropa İttifaqının polis qüvvələrinin yerləşdirilməsi və hərbi missiyaya çevrilməsi perspektivi ilə bağlı Bakının razılığına nail olmaqdır
Kollektiv Qərb yenidən Azərbaycanda daxili siyasi vəziyyətə müdaxilə mexanizmlərini işə salır. Haqqin.az saytının yazdığına görə, bugünlərdə Aİ-nin Bakıdakı missiyasının rəhbəri Piter Mixalkonun təşəbbüsü ilə ABŞ, Kanada, Fransa, Almaniya diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Bildirilir ki, bağlı qapılar arxasında məsləhətləşmələrdə Azərbaycanda müxalifətyönlü jurnalistlər də iştirak ediblər. Sayt yazır ki, görüş iştirakçıları ortaq məxrəcə gəliblər: fevralın ikinci yarısında qərbyönlü liberallar müxalifət qüvvələri ilə birlikdə Azərbaycan hökumətinə qarşı ciddi informasiya kampaniyası başlayacaq. “Qərb diplomatlarından biri planlaşdırılan beynəlxalq kampaniyanın hökumətlə münasibətləri pisləşdirəcəyindən ehtiyat etdiyini bildirib. Amma görüşdə iştirak edən fransalı diplomat arqumentlərlə razılaşmayaraq, həmkarlarını bütün diqqətini Azərbaycanda insan haqları məsələlərinə yönəltməyə çağırıb. Səfirlər qərbyönlü qeyri-hökumət təşkilatları ilə eyni tipli məsləhətləşmələr aparmağa hazırlaşırlar. QHT-lərin etiraz kampaniyası baxımından avropalılar Qərb qrantlarını almaq üçün siyasi və hüquqi imkanların genişləndirilməsi tələbini irəli sürmək istəyirlər. Qərb səfirləri hətta müxalifətin radikal qanadı - Azərbaycandan qovulmuş QHT-lərə də subsidiyalar ayırmaq imkanını nəzərdən keçirirlər”, - deyə yazıda iddia olunur.
O da bildirilir ki, Fransa səfirliyinin xüsusi fəallığı təsadüfi deyil, indi Makron hökuməti İrəvanla siyasətini birgə müəyyənləşdirir. “Azərbaycanlı fəalların Laçın yolunda davam edən etiraz aksiyaları ilə bağlı Əliyevə ünvanlanan bütün cəhdlər, danışıqlar və xahişlər uğurlu nəticə verməyib. Bu səbəbdə Qərb daxili təzyiq mexanizmlərinin köməyi ilə güclü təzyiq variantına keçir. Kollektiv Qərbin məqsədi aydındır: Laçın yolunda etiraz aksiyasını dayandırmaq, sərhədə Avropa İttifaqının polis qüvvələrinin yerləşdirilməsi və hərbi missiyaya çevrilməsi perspektivi ilə bağlı Bakının razılığına nail olmaq...”
AĞ Partiya başqanı Tural Abbaslı kənardan gələn təzyiqlərin qarşısında dayanmağın yollarından biri kimi də milli müxalifətin güclü olmasının vacibliyini vurğuladı: “Regionda öz maraqlarını təmin etmək üçün Rusiya və Qərb zaman-zaman Azərbaycana ən müxtəlif səpkilərdə təzyiqlər edib. Bəzi zamanlar hakimiyyət bu təzyiqlər qarşısında müəyyən güzəştlər də etməyə məcbur olub. Amma son zamanlar qardaş Türkiyənin daha da güclənməsi, Azərbaycanın yanında dayanması, burada dayaqlarını daha da möhkəmləndirməsi, Fransa da başda olmaqla, Qərb ölkələrinin yuxusunu ərşə çəkməyə bilməzdi, eynilə də Rusiyanın. Sadəcə, Rusiyanın başı Ukraynaya qarışıb. Həm də bizə qardaş olan Türkiyə ilə müəyyən razılaşmalar əldə olunmamış deyil. Burada Qərb qəbullanma fikrində deyil. Onun üçün də müxtəlif bəhanələrlə ölkə iqtidarına təzyiq etmək istəyəcək. Bunun da qarşısında durmaq üçün iqtidar daxildəki milli müxalifətlə milli maraqlar naminə birlikdə olmalıdır. Necə ki, Türkiyədə belədir. İqtidar milli düşərgə ilə bölüşmələrə hazır olmalıdır. Demokratik seçkilərlə parlamentin tərkibi genişləndirilməli, müxalifətin təmsilçiliyinə imkan verilməlidir ki, səhəri gün beynəlxalq təzyiq qarşısında iqtidar-müxalifət birgə dayana bilsin. Əks halda, Qərb və Rusiyanın diktəsi ilə ölkə daxilində fəaliyyət göstərən qüvvələrin mövcudluğu kənardan gələn təzyiqlər qarşısında bəzi məqamlarda müəyyən razılaşmalara getməyə məcbur qalırsan. Onun üçün də iqtidar milli müxalifətin möhkəmlənməsində maraqlı olmalı, onların fəaliyyətlərinə hərtərəfli şərait yaratmalıdır. Bu hər yerdə belədir, belə olub, belə də olacaq. Amma nə qədər ki, müxalifəti, medianı, QHT-ləri kontrolda saxlamaq düşüncəsi hakim olacaq, o zaman belə təzyiqlər azalan deyil, artan xətlə gedəcək. Media və QHT-lərə dəstək verilməlidir. Onlar beynəlxalq qrantların ümidinə qalmamalıdır. Media təsadüfi, iş adamlarının ümidinə buraxılmamalıdır. Milli müxalifətə, QHT-lərə mediaya nə qədər dəstək veriləcəksə, o qədər də beynəlxalq təzyiqlər qarşısında güclü və dayanıqlı Azərbaycan olacaq”.
YAP-çı deputat Azər Badamov bu cür təzyiqlərdən narahat deyil. Deputat burada qətiyyətli liderin ölkəyə rəhbərlik etmə faktorunun əsas rol oynadığını qeyd etdi: “Münhendə Makronun Ermənistanın arxasında dayanması və Paşinyanla dostluğuna sadiqliyini açıq şəkildə ifadə etməsi onun Azərbaycanla bağlı yeni planların olmasına bir işarə idi. Belə ki, Prezident İlham Əliyevlə danışıqlar əsnasında öz qəti mövqeyindən döndərə bilmədiyinə görə yeni bir plan, Azərbaycanın daxilində siyasi sabitliyi pozmağa hesablanan yeni addımların atılmasına hərəkətə keçməyə cəhd edir. Avropa İttifaqının Bakıdakı missiyasının rəhbəri Piter Mixalkonun təşəbbüsü ilə ABŞ, Kanada, Fransa, Almaniya diplomatik nümayəndələrinin rəhbərlərin bağlı qapılar arxasında radikal müxalifyönümlü jurnalistlərin işttirakı ilə görüşün keçirilməsi də yeni niyyətlərin gündəliyə gətirilməsi məqsədi daşıyır. Kollektiv Qərb istəyir ki, Rusiyanı regiondan çıxartsın və Qarabağdakı sülhməramlılar Avropanın missiyası ilə əvəzlənsin. Azərbaycan isə regionda yeni geosiyasi paritetin yaradılmasına imkan vermir. Ona görə də Azərbaycan daxilində hökumətə təzyiqlərin artırılması üçün yeni planlan cızılır. Bu məqsədlə hətta xaricdən dövlətimizin əleyhinə çıxış edən "sapı özümüzdən olan baltaların" fəaliyyətini də aktivləşdirmək üçün radikal müxalif qüvvələrə qrantların ayrılması məsələsi müzakirə olunub. Təbii ki, bütün bu məsələlərin təşkilatçısının Fransa olduğu heç də sirr deyil. Fransa hər vasitə ilə Azərbaycana təzyiq göstərməyə və Cənubi Qafqazda öz istəklərinə nail olmağa çalışır. Amma Azərbaycanın daxilində siyasi sabitliyi pozmağa çalışanlar unudurlar ki, xalqımız dəmir yumruğa çevrilərək öz prezidentinin yanında birləşmiş, xarici siyasətimizdə heç bir güzəştə getmədiyimiz kimi daxili sabitliyin qorunmasında da heç bir xarici dairəyə imkan verilməyəcək. Ona görə də kollektiv Qərbin Azərbaycanla bağlı olan məkrli planlarının iflasa uğrayacağına şübhə yoxdur".
Azad Vətən Partiyasının sədri Akif Nağı Azərbaycana iki istiqamətdən zərbə vurmaq cəhdlərinin olduğunu bildirdi: “Azərbaycan son dövrdə bir neçə uğurlu addım atıb. Bunlar Laçın-Xankəndi yolunda aksiyalara şərait yaradılması, aksiya iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsi, ölkə daxilində siyasi mühitin, partiyalararası münasibətlərin sağlamlaşdırılması, hətta hakimiyyətdaxili bəzi “problem mənbələri”nin, məsələn, Vasif Talıbov faktorunun əsasən zərərsizləşdirilməsi və digər addımlardan ibarətdir. Sabit və stabil Azərbaycan Qərbin maraqlarına cavab vermir, onların çoxillik siyasəti “bulanıq suda balıq tutmaq”, idarə olunan xaos yaradıb, onun vasitəsilə idarə etməkdən ibarətdir. Bunu Azərbaycana tətbiq etmək istəyirlər. Amma onların çabaları uğursuzluğa məhkumdur. Son bir neçə ayda Azərbaycana təzyiq göstərdilər, bizi ram etməyə çalışdılar. Onların bu cəhdləri Laçın-Xankəndi yolunda keçirilən aksiya ilə bağlı daha davamlı və sərt oldu. Amma qəbul etdikləri qərar və qətnamələr kağız parçasından başqa bir şeyə yaramadı. Azərbaycana iki istiqamətdən, Ermənistan tərəfdən və daxildəki təxribatçı qrupların əli ilə zərbə vurmaq istəyirlər. Amma bir şeyi nəzərə almırlar ki, onların illərdir maliyyələşdirib bəslədikləri siyasi qrupların ciddi sosial bazası yoxdur, onlar artıq çoxdan kiçik təxribat qruplarına çevriliblər. Bu qruplar təxminən 100 nəfərdən ibarətdir, işləri də vaxtaşırı bu və ya digər dövlət qurumlarının qarşısında, ya da tarixi günlərlə bağlı ziyarətlər zamanı “radikal” şüarlar səsləndirib, aksiya görüntüsü yaratmaqdan ibarətdir. Bu qrupların hansısa ciddi iş görmək imkanları yoxdur"./“Yeni Müsavat” /
Tarix: 22-02-2023, 09:04