Nüfuzlu amerikalı senatorlar yenidən Bəxtiyar Hacıyevin dərhal azad edilməsinə çağırıblar
Çərşənbə axşamı ABŞ-ın mühüm senatorları növbəti dəfə Azərbaycan hakimiyyətini fəal Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırıblar, Turan-ın Vaşinqton müxbiri bildirib.“Mən siyasi motivlərlə ittiham olunan fəal Bəxtiyar Hacıyevin səhhətinin sürətlə pisləşməsi barədə həyəcanlı məlumatlar fonunda onun hələ də həbsdə saxlanmasından narahatam”, -Senatda ikinci nüfuzlu demokrat senator Dik Durbin bildirib.
“Mən Azərbaycan hökumətini tibbi və humanitar mülahizələrlə onu dərhal azad etməyə çağırıram”, -Durbin Twitter-də yazıb.
Helsinki Komissiyasının həmsədri, senator Ben Kardin də Azərbaycan hökumətini Bəxtiyar Hacıyevi tibbi və humanitar mülahizələrlə dərhal azad etməyə çağırıb.
“Vətənsdaş fəalı Bəxtiyar Hacıyevin həbsinə son qoyulmalıdır”, – Kardin ayrıca tvitdə qeyd edib.
“Hacıyevin səhhəti sürətlə pisləşir və biz Azərbaycan hökumətinə müraciət edərək onu tibbi və humanitar mülahizələrlə dərhal azad etməyə çağırırıq”, – o əlavə edib.
Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. O bu ittihamları kəsinliklə rədd edir və aclıq elan edib.
Ötən həftə də Durbin və Kardin bəyanatla çıxış edərək Bəxtiyar Hacıyevin dərhal azad edilməsini tələb etmişdilər. Rəsmi Bakı bu çağırışa reaksiya verməyib.
Contact.az
Tarix: 23-02-2023, 09:30