Ölkələrin suverenliyinə hörmət etmək lazımdır: - Çin Ukrayna böhranının həlli planını təqdim edib

Ölkələrin suverenliyinə hörmət etmək lazımdır:
Çin Ukrayna böhranının siyasi həlli üçün təkliflər dərc edib.

Müvafiq sənəd Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Çin tərəfinin təklif etdiyi nizamlanma planına ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət çağırışı da daxil olmaqla 12 bənd daxildir.

Sənəddə vurğulanır ki, tanınmış beynəlxalq qanunlara, o cümlədən BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə ciddi riayət etmək lazımdır, bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü səmərəli şəkildə təmin edilməlidir.

Bütün tərəflər beynəlxalq münasibətləri tənzimləyən əsas qaydaları birgə dəstəkləməli və beynəlxalq ədaləti qorumalıdır. Beynəlxalq hüquq ikili standartlar olmadan bərabər və vahid şəkildə tətbiq edilməlidir.

Qeyd olunub ki, bir ölkənin təhlükəsizliyi digər ölkələrin təhlükəsizliyi hesabına əldə edilə bilməz.

“Bütün dövlətlərin qanuni təhlükəsizlik maraqları və narahatlıqları ciddi qəbul edilməli və lazımi qaydada nəzərə alınmalıdır. Biz ümumi, hərtərəfli, birgə və davamlı təhlükəsizlik konsepsiyasına riayət etməli, dünyada uzunmüddətli sabitliyə diqqət yetirməli, balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik arxitekturasının qurulmasına kömək etməli, Avrasiya qitəsində sülh və sabitliyi birgə qorumalıyıq”.

Çin həmçinin tərəfləri atəşi tezliklə dayandırmağa və birbaşa dialoqu bərpa etməyə çağırır. Çin Xarici İşlər Nazirliyi hesab edir ki, danışıqlar Ukrayna böhranından yeganə real çıxış yoludur və bunun fonunda problemin sülh yolu ilə həlli üçün bütün səylər təşviq edilməli və dəstəklənməlidir.

Nizamlanma planına mülki əhalinin və hərbi əsirlərin müdafiəsi, atom elektrik stansiyalarının təhlükəsizliyinin qorunması, nüvə silahından istifadə və ya istifadə təhlükəsinə qarşı mübarizə, “taxıl müqaviləsi”nin yerinə yetirilməsi məsələləri də daxildir.
//report//
Tarix: 24-02-2023, 08:52
Xəbəri paylaş





Xəbər lenti