Hakimiyyət bu məmurlarla bağlı sensasion qərar verib – İyun ayına kimi…

Ötən ilin noyabr ayından başlayaraq bir sıra yüksəkrütbəli məmurlarla bağlı səs-küylü proseslər start götürdü. Əvvəlcə Naxçıvanda antikorrupsiya əməliyyatları keçirildi. Dövlət Təhlükəsizliyi Xidməti Muxtar Respublikanın Gömrük Komitəsində xüsusi əməliyyatlar apardı. Açıqlanan rəsmi məlumatlarda ictimaiyyətə məsələnin korrupsiya tərəfindən çox, siyasi istiqaməti maraqlı gəldi. 30 ilə yaxın müddətdə Vasif Talıbovun “xanədanlığında” heç vaxt belə əməliyyat keçirilməmişdi. Ona görə də ilk gündən media bunun iqtisadi tərəfindən çox, siyasi yönünü təhlil etməyə başladı.
Əməliyyat yeni başlayanda DTX hər gün Naxçıvanda bir neçə məmuru qandallayıb Bakıya gətirirdi. Bu qandallananların sırasında Naxçıvanda yüksək vəzifə tutan məmurlar da vardı. Naxçıvan MR-in maliyyə naziri, Naxçıvan Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan bir neçə məmur həbsdən canlarını qurtara bilmədilər.
Talıbovla bağlı reallaşmayan iki proqnoz
Əməliyyatlar yeni başlayanda hakimiyyət bunu sırf antikorrupsiya tədbiri kimi qələmə verməyə çalışırdı. Burada heç bir siyasi çaların olmadığı deyilirdi. Lakin mediada, sosial şəbəkələrdə mövzu tamam başqa yöndən analiz edilirdi. Prosesin sonda Vasif Talıbovun həbsi və işdən çıxarılması ilə yekunlaşacağı proqnozlaşdırılırdı. O proqnozun bir hissəsi təsdiqləndi – Vasif Talıbov əməliyyat başlayandan təxminən bir ay sonra Ali Məclisin sədri vəzifəsindən istefa verdi, amma həbsdən yayındı. Milli Məclisin deputatı kimi səlahiyyətinə də xitam verilmədi, halbuki onun mandatdan məhrum ediləcəyi haqda da danışılırdı.
Naxçıvanda antikorrupsiya tədbirlərinin keçirildiyi vaxtda ölkənin bir neçə generalı da hədəfə çıxarıldı. Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin komitə sədri Zahid Oruc parlamentin iclasında hərbi prokuror Xanlar Vəliyevi və sabiq baş prokuror Zakir Qaralovu sərt şəkildə tənqid etdi. Z.Oruc çıxışında “Tərtər işi”nə də toxundu. Bu cinayətin baş verməsinə, günahsız insanların işgəncə, həbs və s. haqsızlıqla üzləşmələrinə görə Xanlar Vəliyevlə Zakir Qaralovun məsuliyyət daşıdığını bildirdi. Hər iki generalı xalqdan, işgəncə qurbanlarından və ölkə Prezidentindən üzr istəməyə çağırdı.
Bu çıxışdan sonra tənqid hədəfi olan Xanlar Vəliyevlə Zakir Qaralovun sərt şəkildə cəzalandırılacaqları barədə mediada geniş müzakirə başladı. Hətta hər iki generalın yaxın zamanlarda həbs olunacaqları barədə proqnoz verənlər oldu. Müzakirələrin ən qızğın vaxtında hərbi prokuror Xanlar Vəliyev açıqlaması ilə yenidən gündəmə gəldi. O, barəsində səsləndirilən ittihamların heç birini qəbul etmədiyini deməklə yanaşı, onu tənqid edənləri “başı bir şeydən çıxmayan” adlandırdı. Sitat: “Bu barədə kimlər danışırsa, hansı deputatlar məni ittiham edirsə, onlardan soruşun, heç nədən xəbəri olmadan, başı bir şeydən çıxmadığı halda niyə danışır?”
Xanlar Vəliyev və Vasif Talıbovun “müsibətlərinin” ən qızğın zamanında mədəniyyət naziri Anar Kərimov işdən çıxarıldı. Müzakirələr yenidən qızışdı. Əsas fikir bu oldu ki, işdən çıxarılmalar kütləvi hal alacaq və hətta səs-küylü həbslərlə müşayiət ediləcək.
Dondurulmuş 1 milyard dolların sirri
Daha sonra baş nazirin birinci müavini Yaqub Eyyubovla bağlı bir məlumat gündəmə bomba kimi düşdü. Y.Eyyubovun oğluna məxsus 1 milyard dolların Riqa şəhərində banklardan birində dondurulduğu haqda məlumat yayıldı. Y.Eyyubov bu xəbəri bir cümlə ilə “təkzib” etdi. Əslində, təkzibdən söhbət getmirdi, sadəcə, birinci vitse-premyer ona zəng edən jurnalistlə ümumi sözlər deyib, telefonu qapatmışdı.
Xatırladaq ki, bu məlumatdan bir neçə gün öncə isə Yaqub Eyyubovun yaxın vaxtlarda vəzifədən çıxarılacağı barədə məlumat yayılmışdı.
O məmurları həbsdən xilas edən amil
Qəribədir ki, məmurlarla bağlı proses sanki bilərəkdən dayandırıldı. Artıq gündəmdə hansısa nazirin, ya da hansısa yüksəkvəzifəli şəxsin işdən çıxarılacağı barədə məlumatlar yoxdur. Əslində, dövlətin bu istiqamətdə qərarlı olduğu görünürdü. Globalinfo.az ötən ilin sonlarında bəzi özəl mənbələrə istinadla yazmışdı ki, 2023-cü ilin əvvəlində səs-küylü işdən çıxarılmaların, sensasion həbslərin şahidi ola bilərik.
Bəs dövlətin prioritet kimi qəbul etdiyi antikorrupsiya əməliyyatları niyə dayandı? Prezidentin siyasətini, göstərişlərini nəzərə almayan, korrupsiya fəaliyyətini dayandırmayan məmurlar niyə vəzifədə qaldı? Xalqı, dövləti soyaraq varlanan vəzifə sahiblərinin həbsinə nə səbəblə ara verildi?
Məlumatlı mənbənin Globalinfo.az-a bildirdiyinə görə, dövlət antikorrupsiya tədbirlərini və rüşvətxor məmurların neytrallaşdırılması prosesini müvəqqəti olaraq təxirə salıb. Buna səbəb kimi hazırkı şərtlər göstərilir. Azərbaycan regional və qlobal müstəvidə növbəti böyük prosesə start verib. Mənbəmizin dediyinə görə, belə həssas məqamda daxildə əlavə gərginliyin yaranmamasına çalışılır. Dövlətin vacib qurumlarının diqqətinin ölkənin təhlükəsizliyinə daha çox ayırdığı indiki vaxtda ikinci, üçüncü “cəbhələrin” açılmaması qərara alınıb. Xüsusilə də İranla yaşanan gərginlik dövləti xaricdən gələn təhdidlərə səfərbər olmağa yönləndirdiyi üçün daxildəki neqativlərlə mübarizə bir müddət ertələnib.
Cəza mexanizminin işə düşəcəyi tarix
Mənbəmizin iddiasına görə, bu, müvəqqəti haldır. May-iyun aylarından başlayaraq dövlət antikorrupsiya əməliyyatlarına yenidən start verəcək və Prezident İlham Əliyevin siyasətini sabotaj edən məmurlar vəzifədən çıxarılacaq. Hətta bu əsnada həbslərin olacağı da istisna edilmir.
Mənbəmiz vurğuladı ki, iqtisadi sahədə, hərbi strukturlarda, diplomatik korpusda dövlətin qarşıya qoyduğu hədəflərin reallaşmasına əngəl törədən bütün mexanizmlər zərərsizləşdiriləcək. “Tərtər işi” mövzusunun bu dəfə gündəmə daha miqyaslı şəkildə qayıdacağı da deyilir. Bu cinayətin baş verməsində rolu olan heç kəsin cəzasız qalmayacağı barədə redaksiyamıza məlumatlar daxil olub. Hələlik o məlumatların detallarını açmırıq.
Tarix: 24-02-2023, 21:47
Xəbəri paylaş





Xəbər lenti