“PUTİNİ ÇİNƏ “MÜALİCƏYƏ” GÖNDƏRƏCƏKLƏR”... - “Deyəcəklər ki, onun səhhəti kəskin şəkildə pisləşib və...”
Son günlər Çinin Ukraynada davam edən müharibə mövzusunda aktivləşməsi beynəlxalq səviyyədə böyük marağa səbəb olub. Rəsmi Pekinin təqdim etdiyi 12 bəndlik təklif və tövsiyyələrdən ibarət sənədə münasibət birmənalı olmasa da, ümumilikdə Çinin fəallaşması bir çox məqamlardan, onun mövqeyindəki müəyyən dəyişikliklərdən xəbər verir.“AzPolitika.info” xəbər verir ki, tanınmış politoloq və publisist Andrey Piontkovski internet kanallarından birinə açıqalmasında Çinin mövqeyi, maraqları və planları ilə bağlı maraqlı fikirlər səsləndirib.
Piontkovski hesab edir ki, lap əvvəldən Çin Ukraynadakı müharibə ilə bağlı uduşlu vəziyyətdədir. Çünki Rusiyanın bu işğalçılıq savaşında istər qələbəsi, istərsə də məğlubiyyəti Çinə yeni imkanlar açır: “Lap əvvəldən Çin məğlubiyyətsiz oyun oynayır. Təsəvvür edin ki, onlar(Rusiya-red.) Qostomel aerodromunu tutsaydılar, Kiyevi ələ keçirsəydilər, hansı ki, bu, nəzəri cəhətdən mümkün idi, o zaman Çin Tayvanı qazanacaqdı. Çünki əlacsız qalan Amerikanın gözü qarşısında Ukrayna məğlub olsaydı, Tayvan özü adanın açarlarını Pekinə verəcəkdi. Şərqdə belə şeyləri dərhal hiss edirlər... Onlar ABŞ-ın Əfqanıstandakı biabırçı uğursuzluğundan sonra Ukraynanın da məğlubiyyətini görsəydilər, hər şey bitəcəkdi. Yəni, Çin Ukraynanın məğlub olacağı halda Tayvanı, Putinin məğlub olacağı halda Sibiri qazanır. Ona görə ki, bu halda Rusiya Çinin nəinki “kiçik qardaşı”, hətta tam vassalı olur.
Çinin öz tarixi torpaqları hesab etdiyi Vladivastokdan Şimal dənizinə qədər olan ərazilərin dərhal hansısa hüquqi rəsmiləşdirmə yolu ilə alınacağını, yaxud bunun sadəcə, de-fakto baş verəcəyini deyə bilmərəm, ancaq istənilən halda, onlar Sibiri qazanacaqlar. Elə indinin özündə də Çin Rusiyadan dəyər-dəyməzinə neft və qaz almaqla uduşlu vəziyyətdədir...”
Piontkovski hesab edir ki, Çinin sülh təşəbbüsü ilə çıxış etməsi onun bu “oyunu” bitirməkdə maraqlı olduğunu göstərir. Onun fikrincə, Çin artıq Kremlə müharibəni bitirib, geri çəkilməsi üçün təsir göstərməyə çalışır. Hətta Çin rəhbərliyinin şəxsən Putinin gələcəyilə bağlı müəyyən planları var.Politoloq hesab edir ki, Münhen konfransında ABŞ Dövlət katibi Entoni Blinkenlə və digər önəmli şəxslərlə görüşən Çinin xarici siyasətinə görə cavabdeh olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici işlər üzrə komissiyasının rəhbəri Van İ ölkəsinin Putinlə bağlı planlarını onlara çatdırıb: “Məncə, Çin hər şeyi yaxşı başa düşür və bütün dünya birliyi üçün əhəmiyyətli olan bir rol oynamaq istəyir. Hətta istisna etmirəm ki, Blinkenlə Van İnin danışıqlarında Çin təklif edib ki, “biz bu “ağılsızı”( Putini nəzərdə tutur-red.) Çinə “müalicəyə” aparcağıq”. Mən Çinin rolunu bunda görürəm.
Sonra isə Çin on illər boyu müharibənin dayandırılmasında və yeni təhlükəsizlik sisteminin yaradılmasında oynadığı rolun dividendlərini alacaq. Bir sözlə, Çin Putini uzunmüddətli “müalicəyə” aparmaq istəyir. Görünür, Zelenskinin də bundan xəbəri var və onun Çin rəhbərləri ilə görüşmək istəməsi də bununla bağlıdır.”“İndi Çin bu oyunu bitirməyə meyllidir. Bununla o, Qərbin də qarşısında xal qazanır”, - deyə bildirən politoloq Van İnin Münhen konfransından sonra Moskvaya gəlməsini və Putinlə görüşməsini də xatırladıb.
Qeyd edib ki, Putin həsrətlə Çin rəhbəri Si Tsinpinin Rusiyaya səfərini gözləyir və istəyir. Piontkovski Putinin bu istəyinə ironik şəkildə münasibət bildirib: “Yoldaş Si o zaman gələcək ki, bunun üçün şərait yaranacaq və artıq Putini də özü ilə Çinə, hansısa dağlardakı Budist məbədinə paracaq. Hələlik bu şərait tam yetişməyib. Lakin o zaman, yoldaş Si və yoldaş Pu(Putini nəzərdə tutur-red.) eyni təyyarədə Moskvadan havaya qalxandan sonra Rusiya televiziyasının ekranına bir nəfər çıxacaq və deyəcək ki, təəssüf ki, yoldaş Putin Ukrayna məsələsində bir sıra ciddi səhvlərə yol verib. Bundan başqa, onun səhhəti kəskin şəkildə pisləşib və o, yoldaş Sinin təklifilə Çinin aparıcı tibb müəssisələrindən birinə uzunmüddətli müalicəyə yollanıb. Bunu deyəcək adam roluna ən çox Sobyanin (Moskva meri Sergey Sobyanin-red.) uyğun gəlir. Gördüyünüz kimi, Sobyanin çox az görünməyə, az “bulaşmağa” çalışır. O, Adenauerin (Hitler hakimiyyətindən sonra Almaniya Federativ Respublikasının 1-ci federal kansleri Konrad Adenauer – red.) rolunu oynaya bilər. Bu, Ukraynanın da maraqlarına uyğundur...”Xatırladaq ki, Çinin sülh təşəbbüsündə suverenliyin təminatı, atəşkəs, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq və tədarük zəncirlərinin sabitliyini təmin etmək kimi maddələr yer alıb. Bu təşəbbüs Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənib. Ukrayna Prezidenti Volodimir Zelenski isə Çinin təkliflərinin sülh planı deyil, Pekinin müharibə haqqında düşüncələrinin fadəsi olduğunu bildirib.
Tarix: 25-02-2023, 16:57