Avropadan gələn var - Lakin niyyət xalisə oxşamır

Ermənistana dəstək, yoxsa regiona nəzarət: Aİ missiyası hansı məqsədlə gəlib?
Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədindəki mülki missiyası fevralın 20-dən fəaliyyətə başlayıb. İki il müddətinə göndərilən missiyanın tərkibinə 100 nəfər daxildir ki, onlardan da 50 nəfərinin silahsız müşahidəçi olduğu qeyd olunur.
Ötən ilin oktyabrında Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının Prezidenti arasında keçirilmiş Praqa görüşündə Aİ-nin mülki monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi ilə bağlı razılıq əldə olunmuşdu. Bu razılığa əsasən, missiya iki ay müddətinə 40 nəfərdən ibarət heyətlə fəaliyyət göstərməli idi. Azərbaycan bu fəaliyyətə sülh prosesinin sürətləndirilməsi, normallaşma prosesinə kömək göstərilməsi məqsədilə razılıq vermişdi.
Missiyanın müddəti dekabrın 19-da başa çatsa da, Aİ növbəti mərhələdə bölgədə sülhün və təhlükəsizliyin bərpasının, etimadın yaradılmasının təmin edilməsi, həmçinin iki ölkə arasında beynəlxalq sərhədlərin delimitasiyası proseslərinin asanlaşdırılması üçün əvvəlki missiyanın effektiv olduğunu bəhanə edərək, sərhədə daha uzunmüddətli və böyük tərkibdə heyətin göndərilməsi qərarı verdi. Amma bu dəfə Azərbaycanın heç bir razılığı olmadan, həm də sərhədlərin delimitasiya və demarkasiyası müəyyənləşmədiyi halda.
Bu arada, ötən həftə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefon danışığı aparıb. Telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. Rusiya rəsmisi bildirib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti normallaşdırmağa kömək etmir. Həmçinin qeyd olunub ki, Bakı və İrəvan arasında bu təşəbbüslə bağlı konsensus yoxdur.

Baş verənləri AYNA-ya şərh edən YAP-çı deputat Aydın Mirzəzadənin sözlərinə görə, missiya birtərəfli qaydada göndərilib və bu, Ermənistanın maraqlarına cavab verir: “Avropa İttifaqı Azərbaycanın razılığı və qərarı olmadan belə bir addım atıb. Qeyd olunur ki, Ermənistan bununla bağlı müraciət edib və bu müraciət əsasında belə bir qərar qəbul ediblər. Tərəflərdən birinin razılığı olmadan regiona silahlı müşahidəçilər göndərilir. Kim zəmanət verə bilər ki, onlar doğrudan da sülh prosesini təşviq edəcəklər? Sabah həmin ərazidə hər hansı arzuolunmaz vəziyyət yaranarsa, buna görə kim məsuliyyət daşıyacaq?”.
“Ermənistanın siyasi rəhbərliyi 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfəri həzm etmək istəmir. Paşinyan rejimi qisas hissi ilə alışıb yanır və müxtəlif üsullarla Azərbaycana təzyiq göstərməyə çalışır. Çox təəssüf ki, avropalı hamiləri də ona bu yolda dəstək göstərirlər. Bu missiya sülhü qorumaq üçün yox, siyasi maraqlar üçün gəlib və buna şübhə yoxdur. Əgər Avropa İttifaqı doğrudan da sülhə nail olmaq istəyirdisə, Ermənistanı sülh prosesinə təşviq etməlidir”, - deyə Milli Məclis üzvü bildirib.
Onun fikrincə, Aİ-nin göndərdiyi missiyanın sülh prosesinə heç bir töhfəsi olmayacaq: “Əksinə, onlar vəziyyətin daha da gərginləşməsinə yol açacaqlar. Təsəvvür edin ki, missiya fəaliyyətə başlayandan cəmi bir gün sonra Ermənistan silahlı qüvvələri Azərbaycanın mövqelərini atəşə tuturlar. Ermənistan hakimiyyəti ucuz siyasi şoularla məşğuldur. Paşinyan iqtidara gəldikdən sonra Azərbaycan tərəfi ümid edirdi ki, yeni hökumət başçısı regionda sabitliyin yaranmasına çalışacaq. O isə Şuşada, Cıdır düzündə rəqs edir, müxtəlif təxribatçı addımlara yol verirdi. Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edirdi ki, işğal altında olan torpaqları boşaldın, qan tökülməsin. Azərbaycan Prezidentinin bu mütərəqqi çağırışına da məhəl qoymadılar. Yenidən atəşkəsi pozdular, sərhəddə təxribatlar yaratdılar”.
“Nəticədə İkinci Qarabağ müharibəsi başladı və cəmi 44 gün ərzində Ermənistan kapitulyasiya aktına imza atdı. Mövcud şəraitdə sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirmək, sülh sazişi imzalamaq, regionda barışığa nail olmaq əvəzinə, təxribatçı ssenarilərini davam etdirirlər”, - deyə deputat söyləyib.
Mirzəzadə əmindir ki, sülh sazişinin imzalanması ilk növbədə Ermənistanın özünə lazımdır: “30 illik işğal dövründə Ermənistan bütün qlobal və regional iqtisadi layihələrdən kənarda qalıb. Artıq keçmişə yox, gələcəyə baxmaq zamanıdır. Əgər Ermənistanın siyasi rəhbərliyi özündə cəsarət tapıb təxribatçı hərəkətlərinə son versə və regionda sabitliyin bərqərar olmasına çalışsa, ilk növbədə özünü xilas etmiş olacaq”.

Politoloq Tofiq Abbasov da AYNA-ya şərhində Aİ-nin Ermənistana növbəti müddətə missiya göndərməsini siyasi maraqlarla əlaqələndirib: “Avropa İttiffaqının bu qərarı özbaşına qərardır. Avropa İttifqı iki il müddətinə partrul missiyası göndərməsi ilə bağlı Azərbaycan tərəfinə məlumat verib. Lakin Azərbaycan bununla razılaşmayıb. Belə olduğu təqdirdə bu missiya göndərilə bilməzdi. Ancaq göndəriblər. Demək, hansısa siyasi maraqları mövcuddur”.
“Əvvəlcə bunun adını mülki missiya qoymuşdular, ancaq indi görürük ki, onun tərkibinə həm keçmiş, həm də indi fəaliyyətdə olan hərbçilər daxildir. Bu missiyanın hansı məqsədlə gəldiyi məlumdur. Moskvaya qarşı təzyiqlər, embarqolar fonunda ABŞ və Qərbin Rusiyanı regiondan çıxarmaq üçün bu addımı atdığı şübhə doğurmur. Sülhməramlı adı altında belə bir missiyanın göndərilməsi anlaşılan deyil. Heç şübhəsiz, regionda yeni gərginliyin yaranmasına çalışacaqlar. Bu isə bizim heç kimin cavab vermir”, - deyə analitik vurğulayıb.
Abbasov hesab edir ki, Ermənistanın təxribatçı cəhdləri də bundan qaynaqlanır: “Açıq şəkildə söyləmək olar ki, Ermənistan öz ənənəsinə sadiq qalaraq, ruporluq missiyasını davam etdirir. Bu dəfə fərqli yöndən ruporluq edirlər. Avropa İttifaqı missiyasının gəlişindən sonra Azərbaycanı təxribata çəkmək cəhdləri, atəşkəsi pozmaq səyləri bunun təzahürüdür. Həm də avropalı müşahidəçilərin gəlişindən ilhamlanıblar və bunu üstünlük kimi qəbul edirlər. Lakin bu, onlar üçün nəinki üstünlük deyil, əksinə, daha ciddi problemlərə yol açacaq. Aİ missiyası sülhyaratma prosesinə heç bir töhfə verə bilməyəcək. Necə ki, bundan öncə 40 günlük fəaliyyətləri zamanı heç bir töhfə verə bilmədilər”.
Tarix: 27-02-2023, 22:08
Xəbəri paylaş





Xəbər lenti