Xameneinin Azərbaycanla bağlı qüvvədən düşən məşhur fitvası
Xameneinin Azərbaycanla bağlı qüvvədən düşən məşhur fitvası Özünü “islam respublikası” adlandıran İran və onun molla rejiminin Ermənistana sevgisi bitib-tükənmək bilmir. Bu dəfə həmin sevgini rejimin əmək və sosial rifah naziri Seyid Sultan Murtuzavinin timsalında müşahidə etdik. Belə ki, Ermənistanda səfərdə olan Murtuzavi erməni həmkarı Narek Mkrtçyanla görüş zamanı deyib ki, İran 2020-ci ildə Qarabağda müharibə zamanı yaralanaraq əlil olmuş erməni hərbçilərinə “reabilitasya xidməti göstərməyə və bu sahədə qabaqcıl təcrübəsini bölüşməyə hazırdır”. Əlbəttə, bütün ölkələrin bir-biri ilə istənilən sahədə əməkdaşlıq edib, yardımlaşmaq haqqı var. Lakin İranın Ermənistanla bağlı bu mövqeyinin insani hisslərdən qaynaqlanmadığı aşkardır. Murtuzavinin Mkrtçyanla görüş zamanı dediyi sözlər İranın ali dini liderinin iki il əvvəl verdiyi “fitvanı” tam təkzib edir. Murtuzavi deyir ki, İran 2020-ci ildə yaralanaraq əlil olmuş erməni hərbçilərinə “reabilitasiya xidməti göstərməyə və bu sahədə qabaqcıl təcrübəsini bölüşməyə hazırdır”. İran ali dini lideri Əli Xamaneinin isə Qarabağın müsəlmanların torpağı olduğunu, bu torpaqların azad edilməsi uğrunda həlak olanların isə şəhid olduğunu “müəyyənləşdirən” fitvası var. Göründüyü kimi, hazırda molla rejimi baş mollanın verdiyi fitvaya zidd olaraq “şəhid” adlandırdığı insanların həyatını itirmədən öncə yaraladığı erməni hərbçilərinə “reabilitasya xidməti göstərməyə və bu sahədə qabaqcıl təcrübəsini bölüşməyə hazırdır”. Düzdür, bizim üçün İranın baş mollasının verdiyi fitvanın heç bir hüquqi-dini əhəmiyyəti olmasa da, özlərini təkzib etmələri tragikomik vəziyyət yaradır. Murtazavi Tehranın birgə peşə məktəbləri yaratmaq niyyətini də qarşı tərəfin diqqətinə çatdırıb. Tərəflər həmçinin Zəngəzur bölgəsində müstəqil Ermənistan-İran mərkəzinin yaradılması imkanlarını da müzakirə ediblər. S.S.Murtazavinin qeyd etdiyi “Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsi təmsil etdiyi rejim üçün prioritet təşkil edir” sözləri isə faktiki olaraq bir daha İranın səlibçi təfəkkürlü xarici siyasət apardığını gözlər önünə sərir. Əhalisinin böyük hissəsi islam dininə etiqad edən bir ölkənin torpaqlarının 27 ildən artıq işğalda qalmasına, ən yenisinin yaşı yüzdən artıq olan məscidlərinin dağıdılmasına, həmin dağıdılmış məscidlərdə donuz saxlanılaraq açıq şəkildə islam dininin təhqir olunmasına göz yuman, indi isə bütün bunları edən Ermənistana bütün sferalarda yardım edən bir ölkənin islam dini ilə yaxından-uzaqdan əlaqəsi ola bilməz. Bu, molla rejiminin, əslində, səlibçi təfəkkürlü imperialist ölkə olduğunu bir daha sübut edir.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 28-02-2023, 15:05