Az əvvəl DİA.AZ olaraq məlumat verərək bildirdik ki, deputat Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib
Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
Bu məqsədlə martın martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdür. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.
Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.
***
"Ramin Məmmədov deputatdır, onun ermənilərlə üzbəüz oturmasında problem yoxdur". DİA.AZ bildirir ki, bunu isə tanınmış jurnalist Anar Niftəliyev paylaşımında qeyd edir.
Jurnalist daha sonra yazır: "Ancaq o, “Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edildiyi” üçün rəsmi şəxsdir. Demək: 1. Masanın başında rus sülhməramlılar yox, Ramin Məmmədov oturmalı idi; 2. Masanın başında Rusiya bayrağı yox, Azərbaycan bayrağı qoyulmalı idi. Xocalı – Azərbaycan ərazisidir, rəsmi sənədlərdə də belədir, BMT qətnamələrində də, Ermənistanın təkrar imzaladığı və təsdiqlədiyi Almatı Bəyannaməsində də. Növbəti görüşdə nəzərə alın!"