Lavrovun Bakıdan AB-yə atdığı bombalar və biz - ikibaşlı və ikili standartlı Rusiya siyasəti...


Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun fevralın 27 və 28-də Bakıda səfərdə olarkən Azərbaycan-Ermənistan münasibətləri, sülh prosesi, Laçın yolu ilə bağlı verdiyi bir sıra açıqlamalar pozitiv olsa da, onun ikibaşlı bəyanatları da oldu.
Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda “Azərbaycanla münasibətlərdə dürüstlüyü xüsusilə qeyd edəcəyəm. Mövqelərimizin üst-üstə düşmədiyi yerləri ört-basdır etməyə çalışmırıq. Biz nüansları dürüst şəkildə dilə gətirir və həll edirik. Bu məsələ bəyannamədə öz əksini tapıb”, - deyən Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında da diqqətçəkən fikirlər söyləyib. Nazir bildirib: “Biz dəfələrlə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə görüşmək üçün meydan təqdim etmişik. O cümlədən ötən ilin dekabrında razılıq vardı ki, həmkarlarımızın Rusiya ərazisində növbəti görüşünü keçirək. Ceyhun Bayramov hadisələrin sonrakı inkişafını xatırlatdı. Erməni həmkarlarımız bu tədbirdə iştirak edə bilməyəcəklərini bildirdilər. Biz belə görüşü keçirməyə hazır olduğumuzu təsdiqlədik. Azərbaycan tərəfi də buna hazır olduğunu bildirib. Ermənistan tərəfi də buna etiraz eləmədiyini deyib, lakin hələlik yekun razılığı verməyib. Düşünmürəm ki, biz öz xidmətlərimizi təklif etməkdə təkid edəcəyik. Lakin bu təkliflər hər iki tərəfə yaxşı məlumdur”. Rusiya XİN başçısı söyləyib ki, Ceyhun Bayramovla görüşdə Cənubi Qafqaz regionundakı vəziyyət də müzakirə olunub və üçtərəfli razılaşmaların vacibliyi qeyd olunub... Lavrovun maraqlı açıqlamalarından biri də sərhədlərin delimitasiyası ilə bağlıdır. O, bu məsələ ilə bağlı deyib ki, ötən il Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanan Praqa sənədində Almatı Bəyannaməsinə istinad edilib: “Almatı Bəyannaməsi açıq sənəddir. Orada nə yazıldığını oxumaq olar. Orada yazılıb ki, Sovet İttifaqının yerinə yaranan yeni dövlətlərin dövlət sərhədləri SSRİ çərçivəsində mövcud olan inzibati sərhədlərlə müəyyən olunacaq. Buna daha nəyi əlavə edəcəyimi bilmirəm”. Burada əslində Lavrovun Ermənistanın cığallığına eyham etdiyini də düşünə bilərik. Çünki delimitasiyadan yayınan məhz Ermənistandır. Azərbaycan bu məsələdə səmimidir. Lavrovun Bakıda olduğu müddətdə və iştirak etdiyi platformalardan istifadə edərək, Avropa Birliyini “bombalaması” da diqqət çəkdi və müzakirələrə səbəb oldu. Onun fikrincə, Avropa Birliyi Azərbaycan və Ermənistanla olan münasibətlərindən açıq şəkildə sui-istifadə edir. Sergey Lavrov Bakıda deyib ki, Avropa Birliyinin öz mülki missiyasını Ermənistana yerləşdirməsi mövcud şərtlər daxilində sülh prosesinə müsbət təsir göstərə bilməz.
Göründüyü kimi, Rusiya xarici işlər naziri eyni vaxtda həm Avropa Birliyini, həm də bu qurumu regiona gətirən Ermənistanı hədəfə almağa çalışır. Halbuki bunu edərkən Rusiyanın Azərbaycanla ortaq maraqlar çərçivəsində davranmaq cəhdləri qətiyyən nəzərə çarpmır. Belə ki, rəsmi Bakının Azərbaycanın Xankəndi və ətraf bölgəsinə münasibətdə baş verənlərə xüsusi həssas olduğunu bildiyi halda, Rusiyanın xarici işlər naziri bu məsələdə yalnız özəl maraqlara dayanır. Lavrov dürüstlükdən danışdığı və Almatı Bəyannaməsində sərhədlərin bəlli olduğunu dediyi halda, Azərbaycanın suveren ərazisi olan Laçın yolunun Ermənistanla sərhədində gömrük və sərhəd postlarının qoyulması, bu yolda nəzarət-buraxılış məntəqələrinin yaradılması məsələsində ikibaşlı danışıb. Sitat: “Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata - 9-10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır. Bu isə o deməkdir ki, Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşların hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Biz bu gün buna toxunduq. Texniki detallar əhəmiyyətinə görə ikinci dərəcəlidir”.
Bu açıqlamanı şərh edən politoloq Elxan Şahinoğlunun fikrincə, Lavrov bununla demək istəyib ki, Azərbaycan Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidməti yaratmamalıdır: “Lavrovun bizə "məsləhət" gördüyü texniki avadanlıqlar gözə kül üfürməkdir. Bu, problemi həll etməyəcək. Biz Kremlin nə istəməsindən asılı olmayaraq, sərhəd və gömrük xidmətini yaradıb Rusiyanı fakt qarşısında qoymalıyıq".
Ortaya suallar çıxır: Lavrovun Bakı səfərinin Azərbaycan və Rusiya üçün əsas yekunları nədir? Putinin sözçüsünün Avropa Birliyi ilə bağlı açıqlamasından sonra biz Kremllə “gizli müttəfiq” kimi görünə bilərikmi? Elə isə bu mövqeyə diametral zidd olan Laçın yolu açıqlaması nədir? Bütün bunlardan sonra Azərbaycan olaraq, məlum aksiyanı necə, dayandıra bilərik? Həm də ona görə ki, bu yoldan ermənilərin qeyri-dinc məqsədlər üçün istifadə etdiyi, sülhməramlıların gözü önündə ora hətta İran mənşəli təxribatçıların gedib-gəldiyi də fiksə olunmuşdu və Rusiyanın da qarşısında sübuta yetirilmişdi. Azərbaycanın suveren ərazisinin nəzarətsiz qalması və oradan kimin gəldi hərəkət etməsinə Azərbaycan təbii ki, razı olmayacaq. Lavrovun bu dirənişli açıqlaması barədə politoloqlar nə deyir? Azərbaycan bu qeyri-müəyyən durumda nə etməlidir?

Arzu Nağıyev: “Aksiyaların dayandırılmasından söhbət belə gedə bilməz, çünki tələblərin yerinə yetirilməsi monitorinq və danışıqlardan keçir”
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a Lavrovun Bakı səfərinin Azərbaycan və Rusiya üçün əsas yekunları haqda danışarkən bildirdi ki, bu səfər Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik fəalliyyəti haqqında bəyannamənin 1-ci ildönümünə təsadüf etdi: “Bu bir ildə qarşılıqlı münasibətlərdə ciddi bir dəyişiklik olmasa da, bu, həm də Rusiya-Ukrayna müharibəsinin bir illiyinə təsadüf etdi. Rusiya öz daxilində bir neçə ciddi korrektələr etdi və buna uyğun olaraq da dövlətlərlə münasibətini qurmağa çalışdı. Azərbycan Rusiya üçün geosiyasi baxımdan ən ciddi dövlətlərdən biridir və bu istiqamətdə də Rusiya Azərbaycanla bir çox məsələlərdə razılaşmalıdır və bunun şahidi olacağıq”.
A.Nağıyev digər məqama diqqət yetirdi: “Avropa İttifaqı, daha doğrusu, Fransa cidd-cəhdlə, Ermənistandan KTMT-dən və Avropa İttifaqından çıxmağı tələb edir və bu məqamda Lavrov Azərbaycana səfər edir. Təbii ki, bu, Ermənistanda  birmənalı qarşılana bilməz. Rusiya heç vaxt imkan verməz ki, NATO və Rusiya sərhədi olan Ermənistan-Türkiyə sərhədi onun nəzarətindən çıxsın. Belə bir vəziyyətdə isə Azərbaycan öz xarici və daxili siyasətində balans saxlamaqla bütün regional maraqları da nəzərə alır”. Deputatın sözlərinə görə, Lavrovun səfəri Ermənistanla Azərbaycan arasındakı sülh prosesinə bir təkan verə və Ermənistanın sülhdən yayınma prosesinə təsir edə bilər: “Yəni Rusiya öz təsir və təzyiq mexanizmlərini işə sala bilər və artıq salmalıdır. Çünki Rusiya-Ermənistan münasibətlərinin bundan sonrakı dövrü bundan asılıdır. Təbii ki, Laçın yolunun qurtaracağında hansısa sərhəd və ya kömrük postunun qoyulması absurd bir məsələdir. Əvvəllər Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyi, sadəcə olaraq, texniki vasitələrin olmamasından gileylənib ona görə yoxlamaları dəqiq apara bilmədiklərini qeyd edirdilər. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında da verdiyi müsahibədə sərhəd və ya gömrük postunun ancaq sərhəddə ola biləcəyini bildirdi. Yəni Azərbaycanın öz daxili ərazisində hansısa postların qoyulması olmayacaq. Qeyd edim ki, aksiyaların dayandırılmasından söhbət belə gedə bilməz, çünki tələblərin yerinə yetirilməsi monitorinq və danışıqlardan keçir”.

İlyas Hüseynov: “Ermənistan regionda geosiyasi savaşlar üçün yeni cəbhə açır”
Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Lavrovun Azərbaycana ilin əvvəlində səfəri bir sıra amillərdən xəbər verir: “Qeyd edək ki, "XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq" mövzusuna həsr olunan konfrans Rusiya-Azərbaycan Ekspert Şurasının ənənəvi iclasları formatında keçirilir. Lakin bizim Rusiyadan bəzi tələblərimiz və haqlı narazılığımız var. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun bəyanatlarını təhlil etdikdə bəzi məqamlar hələ də açıq qalır və aydın olmur. Avropa İttifaqının mülki missiyasını ölkəsində böyük həvəslə qəbul edən rəsmi İrəvana qarşı fikirlər çox yumşaq səsləndi. Müqayisə üçün qeyd edək ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin daha kəskin fikirlərlə çıxış etmişdi. Buna baxmayaraq, Ermənistan regionda geosiyasi savaşlar üçün yeni cəbhə açır və Moskvanın bütün baş verənlərə reaksiyası ləng görünür". İ.Hüseynov qeyd etdi ki, bizim üçün önəmli olan cənab Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təkliflərinin yerinə yetirilməsidir: “Laçın yolunda nəzarət buraxılış məntəqələrinin qurulması artıq zərurətə çevrilib. Ermənilərin qeyri-dinc və qeyri-humanitar məqsədlər üçün yoldan istifadə etməsi çoxsaylı faktlarla sübuta yetirilib. Düşünürəm ki, rəsmi Bakı Laçin dəhlizinin təyinatı üzrə fəaliyyət göstərməməsinin texniki vasitələrin köməkliyi ilə aradan qaldırılması ideyası ilə razılaşmamalıdır. Ekoloji aksiyaların sona çatdırılması da inandırıcı görünmür. Azərbaycan öz suveren ərazisində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə regional təhlükəsizliyi və sabitliyi yarada bilər. Buna beynəlxalq reaksiyalar da "timsahın göz yaşları"nı axıdan Ermənistanın rəsmilərinin yanaşmaları da fərqli ola bilər. Lakin zaman keçdikdə hamı reallığı qəbul edəcək".
Tarix: 2-03-2023, 09:16
Xəbəri paylaş





Xəbər lenti