Hindistanda keçirilən G-20 Xarici İşlər Nazirləri Toplantısı gərgin anlara şahidlik edib. ABŞ və Rusiya bir-birini görüşə kölgə salmaqda ittiham edib.Belə ki, aralarındakı gərginliyin günü-gündən artdığı ABŞ və Rusiyanın xarici işlər nazirləri Nyu Dehlidə keçirilən görüşdə qısa çıxış ediblər. Görüş Lavrovun sərt açıqlamaları ilə yadda qalıb.Musavat.com xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken görüşün Rusiyanın Ukraynaya qarşı müharibəsinin kölgəsində qaldığını deyib.
"Təəssüf ki, bu görüş Rusiyanın Ukraynaya qarşı əsassız və ədalətsiz müharibəsi, mülki hədəfləri qəsdən məhv etməsi və BMT-nin əsas prinsiplərinə qarşı hücumu ilə kölgələndi. Biz Ukraynanı dəstəkləməyə çalışarkən, qlobal problemlərin həllində də öncül olmağa davam etdiririk. Dünyanın ehtiyac duyduğu və gözlədiyi budur. Beynəlxalq sülh və iqtisadi sabitlik naminə biz Rusiyanı müharibəni dayandırmağa və Ukraynadan çəkilməyə çağırmağa davam etməliyik”, - Blinken bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə qərb dövlətlərini ittiham edib.Lavrov bəzi Qərb nümayəndə heyətlərinin iqtisadiyyatdakı uğursuzluqlarda Rusiyanı günahlandıraraq G-20 gündəmini “komediyaya” çevirdiyini bəyan edib.
Lavrov Qara dəniz Taxıl Dəhlizi təşəbbüsü ilə bağlı da açıqlamalar verib: "Aİ nümayəndələri bunun əksini iddia etsə də, Qərb Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına maneələr yaradır".
ABŞ Dövlət Departamentindən adı açıqlanmayan yüksək rütbəli məmurun açıqlamasına görə, ABŞ dövlət katibi Entoni Blinken Nyu-Dehlidə keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov ilə qısa görüş keçirib.
Təxminən 10 dəqiqə davam edən görüşdə Blinken Lavrova “ABŞ müharibə bitənə qədər Ukraynanı dəstəkləməyə davam edəcək” deyib. Blinken, həmçinin Rusiyanı nüvə silahlarının məhdudlaşdırılmasını ehtiva edən Yeni START müqaviləsində iştirakını dayandırmaq qərarından imtina etməyə və həbsdə olan ABŞ vətəndaşı Pol Uilanı azad etməyə çağırıb.
Rusiya Xarici İşlər Nazirliyi də ikilinin "qısa müddətə" görüşdüyünü təsdiqləyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə açıqlama verib: "Blinken Lavrovla əlaqə saxlamaq istədi. Lavrov (Blinkenlə) ayaqüstü danışdı. Xüsusi danışıqlar, görüşlər və buna bənzər şeylər olmadı".
Qeyd edək ki, Blinken və Lavrov sonuncu dəfə 2022-ci ilin yanvarında, müharibədən əvvəl üz-üzə görüşüb.