"Basqıları bütün hakimiyyət qolları arasında ağılla bölüşdürülərək dəf edə bilək" - NATİQ CƏFƏRLİ

"Rusiyanın Ukraynada etdiyi nədirsə, Ermənistanın Rusiya ilə birgə Azərbaycan ərazisində etdiyi odur"
"Ermənistan rəsmiləri, mediası deyir ki, Xənkəndidəki qondarma rejimin öz müqəddəratını təyin etmə, özünü qoruma, silahllı müqavimət göstərmə, ordu-polis qüvvələri yaratma haqqı var. Həttə BMT nizamnaməsinə də istinad edirlər". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.
Natiq Cəfərli bildirib ki, bu yanaşma Rusiyanın Ukrayna ərazilərini işğal etmək üçün söylədiyi bəhanələrlə birə-birdir: "Kreml də deyir ki, Donbasın, Krımın, Xersonun, Zaparojyenin əhalisi beynəlxalq hüquqa, BMT yanaşmasına görə öz müqəddəratını təyin edir, silahlı mübarizə aparırdı. Moskva da "xalqın səsini" eşitdi, onlara silah-sursat dəstəyi göstərdi, sonra da öz qoruması altına ldı, ərazisi elan etdi. Yaxşı, bəs dünya, BMT, Avropa Birliyi ölkələri, ABŞ, ATƏT, Avropa Şurası nə deyir və son 9 ildə, 2014-cü ildən bəri nə deyirdi?! Haqlı olaraq deyir ki, Rusiya işğalçıdır, Ukrayna ərazisindəki separatçılara silah-sursat vermək cinayətdir, Ukraynanın ərazi bütövlüyünə təcavüzdür, Ukrayna ordusunun və xalqının Krım da daxil öz ərazisində işğalçıları məhv etmək hüququ var və bu hüququ reallaşdırmaq üçün düzgün addım olaraq Ukraynaya tam dəstək göstərirlər, pul-para, silah-sursat verirlər".
Politoloq hesab edir ki, dünyaya danışılmalı olacağımız hekayə budur, Rusiyanın Ukraynada etdiyi nədirsə, Ermənistanın Rusiya ilə birgə Azərbaycan ərazisində etdiyi odur: "Yanaşma da, "məntiq" də, davranış da eynidir. Yəni, bütün geosiyasi gedişat bizim lehimizə olan bir halda nədən doğru, hüquqi mövqeyimizi dünyaya çatdırmaqda problem yaşayırıq?! Hə, onu da deyim. Çünki Azərbaycanın indiki idarəetmə sisteminin inandırıcılığı, hekayəsi, "credibility"si zəifdir, əsas səbəb məhz budur. Bu problemin həlli yolu isə illərdir dediyimiz qəliz, çoxşaxəli və effektiv yeni idarəetmə sistemindən keçir".
REAL-ın icra katibinin sözlərinə görə, basqıların amortizasiyası üçün hakimiyyətin qanunvericilik, icra və məhkəmə qolları bir-birlərinə siyasi "pas" verməyi, bir-birini qorumağı bacarmalıdır: "Bu isə ancaq yeni Konstitusiya islahatları ilə mümkün ola bilər. Müharibə və böhran zamanında "təkadam" sistemləri uğurlu ola bilər, amma gərgin geosiyasi "burulğanlar", sülh quruculuğu, danışıqlar dövründə isə bu sistem problem yaradır. Hər tərəfdən basqılar bir adama yönəlir, bu basqıları azaltmaq üçün digər dövlət institutları heç nə edə bilmirlər. Əslində isə elə maraqlı sistem qurmaq olar ki, basqıları bütün hakimiyyət qolları arasında ağılla bölüşdürülərək dəf edə bilək".
Tarix: 7-03-2023, 21:53
Xəbəri paylaş





Xəbər lenti