Brüssel görüşünə yenə Makron əngəli?
Ekspert: “Görüşlərdən ciddi nəticələrin əldə edilməsi üçün şərtlər formalaşdırılmalıdır”
Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb. Bundan əvvəl Tovio Klaar İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Klaar İrəvana və Bakıya xüsusi missiya ilə gəlib. Avropa İttifaqının rəhbəri Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə növbəti görüşünü təşkil etmək istəyir və nümayəndəsini ona görə bölgəyə göndərib. Bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb. Liderlərin görüş tarixi müəyyənləşdirilməlidir. Rəsmi Bakının yeganə şərti görüşün üçlü formatda keçirilməsi, Fransa prezidenti Emmanuel Makronun müzakirələrə qatılmamasıdır. Əslində Brüsselin vasitəçiliyi ilə liderlərin beşinci görüşü ötən ilin dekabrında olmalı idi. Nikol Paşinyan “görüşdə Makron da iştirak etməlidir” tələbini səsləndirdikdən və Şarl Mişel buna səssiz qaldıqdan sonra Prezident İlham Əliyev görüşdən imtina etdi. Politoloqun sözlərinə görə, Şarl Mişel Makronun iştirakı tələbinin Brüsselin vasitəçiliyinə son qoyacağını və bundan Rusiyanın istifadə edəcəyini anladığından üçlü görüş modelinə qayıdıb. Şarl Mişel böyük ehtimalla buna Paşinyanı da razı salıb, əks halda, görüş yenə baş tutmayacaq.
Martın 6-da ABŞ-ın Qafqazdakı xüsusi nümayəndəsi Luis Bono da Prezident Əliyevin qəbulunda olub. “Bir neçə həftə öncə dövlət katibi Blinkeni Münhenə səfərdə müşayiət etdim, orada onun prezident Əliyev və baş nazir Paşinyanla görüşləri oldu. Görüş konstruktiv idi və bu fikri görüşün bütün iştirakçıları bölüşürlər. Bundan sonra dövlət katibi məndən xahiş etdi ki, sülh prosesini davam etdirmək üçün mümkün qədər tez zamanda regiona səfər edim. Buna görə də indi buradayam”. ABŞ-ın Qafqazdakı xüsusi nümayəndəsi Luis Bono Bakıda keçirdiyi brifinqində belə deyib.
“Əgər Bakı və İrəvan nümayəndələrinin görüşlərindən və razılaşmalarından sonra təxribatlar və atəşkəsin pozulması baş verirsə, ABŞ sülh prosesinin saxlanması üçün nə edə bilər” sualının cavabında Bono deyib ki, “ABŞ-ın barışdırıcı yox, vasitəçi rolunda çıxış edir”. O, “Azərbaycan və Ermənistan nümayəndələrinin Brüssel görüşü nə vaxt ola bilər” sualına cavab verməkdə çətinlik çəkib və bu sualı Avropa İttifaqının nümayəndələrinə ünvanlamağı təklif edib.
“Sirr deyil ki, bu gün regionda əsas rolu Rusiya oynayır, Azərbaycan isə Minsk Qrupunun "öldüyünü" bəyan edib. Belə olan halda ABŞ vəziyyəti dəyişdirmək üçün nə edə bilər, planı varmı" sualının cavabında Bono deyib: “Mən prezident Əliyevin Minsk Qrupu haqqında fikrini bilirəm. Mənim fikrim ondan ibarətdir ki, tərəfləri masa arxasında oturtmaq lazımdır, vacib deyil Minsk Qrupu çərçivəsində, yaxud başqa yerdə. Təəssüf ki, hazırda Minsk Qrupunun üzvlərindən biri onun işində iştirak etmir. Mən bu məsələləri bu gün Bakıda müzakirə edirəm, İrəvanda da müzakirə edəcəyəm”.
Belə görünür ki, Qərb Azərbaycan və Ermənistanı masada bir araya gətirməyə çalışır. Bəs hazırda Azərbaycanla Ermənistan arasında hökm sürən gərginlik fonunda, Qarabağda baş verən hadisələr fonunda Azərbaycan-Ermənistan görüşü, danışıqlar mümkündürmü və bu fonda keçirilən görüşün perspektivi varmı?
Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, istər ABŞ-ın, istər Brüsselin görüş təşəbbüsləri Ermənistan tərəfindən sabotaj olunub və olunur. Hamıya aydın olmalıdır ki, bəzən istər Avropa İttifaqı tərəfi, istər ABŞ tərəfi göstərməyə çalışır ki, guya bundan-yəni prosesin məhz Ermənistan tərəfindən sabotaj olunmasından xəbərsizdirlər. Ermənistanın ötən il sentyabr ayından etibarən başlayan təxribatları faktiki olaraq danışıqları dalana dirədi: “Ermənistan Avropa İttifaqının müşahidə missiyasını sərhədə dəvət etdi və yerləşdirdi. Bu siyasətin də arxasında Rusiya dayanıb. Rusiya bir tərəfdən Qərbin görüş təşəbbüslərinin pozulması üçün Ermənistana təsir göstərir, o biri tərəfdən Avropa İttifaqının müşahidə missiyasının gətirilməsinə şərait yaradır. Üzdə isə guya buna görə Ermənistandan narazı qaldığını bəyan edir. Ermənistanın guya Avropa İttifaqına yaxınlaşması görüntüsünün yaradılması da Moskva ilə İrəvan arasında razılaşdırılmış oyundur. Rusiya ona tətbiq olunan sanksiyalardan müəyyən qədər yayınmaq üçün Ermənistandan istifadə edir. Məhsullarını Ermənistan vasitəsilə Avropaya satır. Avropa İttifaqı da öz çıxarlarına görə Ermənistanın bu məsələdə üçüncü ölkə rolunu qəbul edir. Ermənistan iqtidarını arxayınlaşdıran amillərdən biri budur. O ki qaldı ABŞ-ın və ya Avropa İttifaqının Azərbaycan və Ermənistanı danışıqlar masasına gətirmək təşəbbüslərinə, böyük ehtimalla yaxın dövrdə belə bir görüş təşkil olunacaq”.
Ekspertin fikrincə, Ermənistan-Azərbaycan danışıqlarının necə nəticələnəcəyi, perspektivinin olub-olmayacağını isə görüşdən öncəki qısa müddətli olsa da, antiterror əməliyyatları təmin edə biləcək: “Ermənistana hazırkı vəziyyətin uzanması sərf edir. Lakin antiterror əməliyyatları Ermənistanı sülh sazişi istiqamətində bəzi real əməli addımlar atmağa məcbur edə bilər. Görüşlərdən ciddi nəticələrin əldə edilməsi üçün şərtlər formalaşdırılmalıdır. Şərtləri isə antiterror əməliyyatları yarada bilər. Təcrübə göstərir ki, Ermənistan sözlə yola gələn deyil. Bütün danışıqların perspektivini güc təmin edir”.
Tarix: 8-03-2023, 09:51