… alver şərtləri barədə fikirlərimi izah edirəmSovet dövründə “alver” sözündə danılmaz əxlaqi-siyasi mənfi çalar var idi. Yadınıza az qala təhqirə bərabər “alverçi”” sözünü salın. Bu mənfi çaların təsirindən bazar iqtisadiyyatının zəfər çağında yığcam və doğma “alver” sözünün əvəzinə, məncə, qurama olan “alış-veriş” ifadəsini işlədirlər.
Milli məntiq və düşüncəmizin əsla nadir olmayan qəribəlikləri barədə baş sındırmağı dilçilərin öhdəsinə buraxıb keçirəm az-çox anladığım siyasi mətləbə: Qarabağ erməniləri ilə rəsmi Bakının danışıqlarına, yəni reinteqrasiya ətrafında gedən siyasi alverə.
Əhvalat Ağcabədi bazarında deyil, Cənubi Qafqaz bazarında baş verir. Bu bazarda rusun köməyi ilə 25 il bundan əqdəm Qarabağı işğal etmiş Ermənistan rusun bitərəfliyi ucbatından və canını vətən yolunda fəda etmiş 3 min hərbçimizin və minlərlə yaralanmış və döyüşmüş igidin sayəsində “Azərbaycanın bu dilbər guşəsini” sahibinə qaytarmaq barədə çar-naçar danışıqlara, yəni alverə sövq edilir. Erməni cəmiyyətinin əhəmiyyətli hissəsi hələ də məğlubiyyətlə barışmaq istəmir, elə-hey “ordunu bərpa edib pomidor alverçilərini əzəli erməni torpağından qovmaq” xülyası ətrafında qızdırmalı sayıqlamalara dalır.
Xub, erməni tərəfi öz xəyal ümmanında üzməkdə olsun, gəlin rəsmi Bakının danışıq, yəni alver mövqeyinə nəzər salaq.
Azərbaycanın mövqeyi güclü tərəfin mövqeyidir. 44 günlük müharibədə qələbə çalıb, ordusu və müttəfiqi güclüdür, neft və qaz bahalaşıb, yəni pul var, pul olanda isə hamıya məlumdur ki, bizim hakimiyyətin “Araz aşığından, Kür topuğundan” olur.
Yəni yadınıza salıram ki, neft ucuzlaşanda möhtərəm cənabları islahatdan başlayır danışmağa, neft bahalaşanda islahat bilmərrə yaddan çıxır.
Haradasa hansısa bir xalq hansısa müstəbidi aşıranda möhtərəm cənabları qəfildən oyanıb korrupsiyanın körüyünü başlayır bağlamağa, məmurlara möhkəm tapşırır ki, camaatı nahaq yerə incitməsinlər, bir-iki naməhrəm azğın məmuru hətta salır dama, görəndə ki, həmin hansısa xalqla bizim xalq arasında yaxından-uzaqdan heç bir oxşarlıq yoxdur, toxtayıb işlərin əvvəlki minvalla getməsinə şərait yaradır.
Sözümün canı odur ki, erməni tərəfi ilə indiki alverin şıdırğı getdiyi çağda Azərbaycanın alçısı elə-hey durur. Odur ki, bizim tərəfin şərtləri sərt olaraq qalır. Erməni tərəfinə elə-hey xiyarla qidalanmağı təklif edir.
30 il erməni vətəndaş cəmiyyəti fəalları ilə səmərəsiz danışıqların daimi iştirakçısı kimi ürəyimdən keçir onlara deyəm “bunu istəyirdiniz? Di çıxsın canınız”. Fəqət ümumi mənzərəyə daha geniş baxmaq qabiliyyətim mənə deyir ki, “tələsmə, yaman yerdə axşamlaya bilərik”.
Bəli, yaman yer istisna deyil. Azmı olub qismətimizdə yaman yerlər?
Hər dediyim və yazdığım sözə cavabdehəm. Neçə kərə demişəm və yazmışam ki, “təməlində zülm duran quruluşun ömrü az olar”. Bu sadə həqiqətə əminəm. Sovet quruluşunun təməlində ictimai ədalət duranda, onu dünyada heç bir qüvvə yenə bilməzdi. Elə ki, dar düşüncəli partokratların tamahkarlığı bu ictimai ədaləti ictimai zülm ilə əvəz etdi, SSRİ çökdü. Məhz bu səbəbdən çalışıram ki, cəmiyyətimizdə tüğyan edən zülm cilovlansın, həddi azalsın.
Zülmü cilovlamaq üçün bir kərə xalqa söykənmək istədim, alınmadı. Bəlli oldu ki, xalqımız zülmü ürəkdən sevir, sadəcə arzu edir ki, zalım özü olsun. Rüşvəti özü alsın, etiraz edəni özü döydürüb-tutdursun. Yalanı özü danışsın, həqiqəti deyənin ağzını özü yumsun. İstəsək də, istəməsək də, xalqımız budur. Analoqu olmayan xalqdır.
Hərdən ürəyimdə zəif bir ümid çırağı yanır: bəlkə erməni tərəfi Azərbaycana reinteqrasiya şərti kimi hökumətimizdən bütün mədəni ölkələrdə adi yaşayış qaydası olan şərtlərə riayət edilməsi tələbini danışıq masasına qoyacaq və bizim möhtərəm cənabları Qərbdən çəkinib savaşa başlamadan bu şərtləri qəbul edəcək?
Sonra düşünüb özümə gülürəm və deyirəm: erməni ilə azərbaycanlı tən bölünmüş bir almanın iki hissəsidir, biz anlamadığımız azadlıqları zavallı Qarabağ erməniləri hay-hay anlayar. Odur ki, xam xəyallara dalmağın xeyri yoxdur.
Elə isə yenə çarəsizlikdən dahi sələfimizdən ibrət götürüb “sizi deyib gəlmişəm” meyarına uyğun olaraq üzümü tuturam dilbilməz-qədirbilməz əhalimizə və alver şərtləri barədə fikirlərimi izah edirəm.
Tutaq ki, Qarabağ erməniləri hakimiyyətimizin “götürün Azərbaycan pasportunu, vətəndaş statusu qazanın” təklifini qəbul etdilər. Tutaq ki, təqaüd-müavinət öz yerində, özlərini idarə etmək istədilər. Tutaq ki, hakimiyyətimiz ölkəmizin hər yerində olduğu kimi, bələdiyyələrə say-seçmə müti bəndələri təyin etməyəcək, Qarabağ ermənilərinə istədikləri insanları seçməyə mane olmayacaq. Tutaq ki, erməni bələdiyyə üzvləri seçiləndən sonra götürəcək bizim milli bələdiyyə haqqında qanunu və başlayacaq onu oxumağa. Oxuyub bir-birinə baxacaq və Leninlə tarixi görüşdən qayıdan Azərbaycan bolşeviki kimi deyəcək ki, “əcəb mıxa keçdik, heç burcutmağa da macal yoxdur”.
Zira bizim bələdiyyə haqqında qanunun fəlsəfəsini SSRİ DTK generalı Heydər Əlirza oğlu Əliyev qoyub. Bu fəlsəfəyə görə xalqın ağzı nədir nə isə etsin. Hər şeyi bu ölkədə bir nəfər, zati-aliləri və möhtərəm cənabları qərara alır və edir. Vəssalam. Bizdə bələdiyyə heç nədir, bələdiyyə üzvləri heç kimdir.
Mən düşünürəm ki, gəlsənə davasız-şavasız Qarabağ düyününün açılması xatirinə, həm də Azərbaycan xalqının və dövlətinin gələcəyi naminə, bu bələdiyyələr haqqında bədnam qanunu dəyişək? Götürək zəngin və bəxtəvər xalqların bələdiyyə qanunlarını və oradakı işlək müddəaları salaq təzə qanuna. Məsələn, bizim bələdiyyələr kasıbdır, respublika büdcəsindən yardım hesabına dolanırlar. Bələdiyyənin işi-gücü xalqın torpağını satan icra başçılarından sədəqə pay dilənməkdir, o da çoxdan satılıb qurtarıb. Təzə qanunda bələdiyyələrə onların ərazisində baş verən bütün iqtisadi əməliyyatlardan vergi tutmaq səlahiyyəti verilməlidir. Belə olsa, bələdiyyə ələbaxanlıq şakərindən qurtula bilər, azı, belə fürsət yaranar.
Azərbaycan polisi camaatı döyməkdə ad çıxarıb. Kim də bilməsə, mən gözəl bilirəm ki, Qarabağ polisi yerli erməniləri lap elə eşşək kimi kötəkləyirdi. Bu bənzərliyi nəzərə alaraq təklif edirəm ki, Qarabağa azərbaycanlı polis nəfərləri girməsin, yerli təhlükəsizlik məsələlərini özləri həll etsinlər.
Azərbaycan məmurları hansı ağıllasa bizim milli sərvətimiz olan etnik rəngarəngliyə qarşı səlib yürüşü elan ediblər və etnik azlıqların Konstitusiya ilə təsbit edilmiş bütün hüquqlarını əbləhanə tərzdə məhdudlaşdırırlar. Qəribə mənzərə yaranıb: dövlət yüz milyonlar xərcləyib ölkəmizdəki multikulturalizm təcrübəsini dünyaya yayır, məmurlarımız öz əməlləri ilə bu nəhəng işi yerə çırpıb batil edir. Odur ki, milli dil, mədəniyyət, təhsil və iman məsələlərini dövlətdən ayırmağı təklif edirəm. Özü də bu, təkcə ermənilərə deyil, Azərbaycanda yaşayan bütün milli azlıqlara və çoxluğa şamil edilməlidir. Hər bir milli azlıq və çoxluq özünün beynəlxalq statuslu milli mədəniyyət fondunu təsis etməli, onun rəhbərliyini seçməli, bütün bu məsələlərə həmin bu özlərinin seçdiyi rəhbərlik əncam çəkməlidir. Fondun vəsaiti həmin milli azlığa və ya çoxluğa mənsub vətəndaşların dövlətə ödədikləri vergidən həmin məqsədlərə ayrılan hissəsinin Vergilər Nazirliyi tərəfindən birbaşa həmin fonda köçürülməsindən əmələ gələcək. Vəsait çox olsa, canları sağ olsun, gen-bol xərcləsinlər, az olsa, axtarıb tapsınlar – borc götürsünlər, ianə toplasınlar, dövlətdən xahiş etsinlər. Belə olan halda heç kəs heç kəsdən inciyə bilməz. İstərlərsə, muzey tikərlər, istərlərsə, məktəb.
Azadlıq istəyən vətəndaş çalışmalıdır ki, dövlətin bütün məsələləri inhisara almaq istəyini cilovlasın. Azərbaycanda dövlət hər şeydir, vətəndaş heç kim. Dövlət vətəndaşın təşəbbüsünü boğur, azad vətəndaşı təhlükə sayır. Qarabağ müşkülünün həlli bizə əhalinin ümumi vəziyyəti və dövlətin dayanmadan şişməyə can atması barədə düşünməyə imkan yaradır. Məncə, ermənilərlə siyasi alver əsnasında erməni olmayan əhali də həddən ziyadə şişmiş dövlətimizdən öz təməl hüquqlarının bir hissəsini geri ala bilər.
Bütün bunları yazanda, onu da unutmuram ki, çox güman, əbəs çabalardır. Xankəndində “Asan xidmət” açılandan və erməni əhalisi daşınan və daşınmaz əmlakını dövlət qeydiyyatından keçirəndən sonra Azərbaycan Respublikasının demokratikləşdirilməsi qayğısını atacaq elə bizim üstümüzə, özü isə var-yoxunu yaxşı qiymətə satıb yollanacaq Ermənistana və orada özünə yeni yuva quracaq.
Bizim təbliğat isə bu hadisəni möhtərəm cənablarının tarixi qələbəsi kimi təsvir edəcək.
Tarixdə buna bənzər hadisələr çox olub. Fransada katoliklər protestantları qıranda, SSRİ-də burjua sinfini və qolçomaq təbəqəsini yox edəndə, Almaniyada yəhudiləri, Ermənistanda azərbaycanlıları ləğv edəndə baiskarlar bu bədnam əməlləri tarixi qələbə saymışdılar.
Sonra tarix olmuşlara fərqli qiymət verdi.
Tarix: 15-03-2023, 17:24