Yunan əsilli ingilis yazıçısı Alex Mixaelidesin "Səssiz pasiyent" romanında belə bir fikir var: "Bir şəxs indi qatildirsə, deməli, uşaqlıq çağlarında nə vaxtsa kimisə və nəyisə nişan alıb". Körpələrə, uşaqlara qarşı sərgilənən sevgi sevgi kimi, nifrət isə nifrət kimi ata-analara, ya da başqa insanlara qarşı geri qayıdır. Aqil və adil insan bir günə yetişmədiyi kimi, cahil və qatil adam bir gündə əmələ gəlmir; özünə gəlib çatana qədər hər insanın uzun yolu var. Daşlı, kəsəkli, qarlı, çovğunlu, məşəqqət dolu. Ömür - "maneələrlə qaçış" adlanan o atletik idman növünə bənzəyir. Kiminin qarşısına çıxan maneələr daha hündür, daha sərt, daha yıpradıcıdır.
İnsan körpəlikdə aldığı travmanı həyata borclu qalmaq istəmir. Ömrünün əvvəllərində sevib aldananlar sonradan fanat olar, inanıb yanılanlar isə... fanatik. Və əgər biri inandığının fanatikidirsə, bu, yəqin ki, onun bir daha yanılmaq istəmədiyinə işarədir. Nə olursa-olsun, yanılmaq istəmir. Çünki bir daha yanılsa, həyatını bitmiş bilər. Yaşamaq üçün bir motivi, bir tutarqası qalmaz. Belələri isə bizim dövrdə, illah da bizim toplumda nə qədər desən var: boğulmamaq üçün saman çöpündən yapışanlar. Amma gerçəyin başqa üzü də var axı.
Son vaxtlar küçələrimizdə güllələr göydə uçuşur. Bunun da hardan və nədən qaynaqlandığını təxmin etmək çətin deyil. Paytaxtın küçələrində günün günorta çağı odlu silahlardan açılan atəşlər. Ölən, yaralananan adamlar... Sərhədimizdə döyüş təyyarəsi uçuranların fitnə-fəsadı. Ardınca casusluqda şübhəli bilinənlərin həbsi...
Ayın sonunda İsraildə səfirliyimizin açılışı olacaq. Bunu istəməyənlər məlumdur və böyük ehtimalla yeni təxribatlar törədəcəklər. Ayıq-sayıq olmaq lazım gələcək. Yaxın Şərqi bilirsiniz: terrorun kölgəsində yaşayır. Cənub qonşumuz bizi də ora çəkməyə çalışır. Asan loxmaya çevirib, çeynəmədən uda bilmək üçün (bilirsiniz: klerikal rejimlərin dişləri doğuşdan çürük olur!)
Uşaqlıq çağlarında kimisə nişan almış xeyli soydaşımdan fanatik, tətikçi düzəldiblər şər güclər. Həm də bu gün, dünən, srağagün deyil, onilliklər boyu buna vaxt, pul, güc qoyublar. Biriləri bizimlə "Kalaşnikov dilinin" ərəb ləhcəsində, fars şivəsində danışmağa başlayıblar deyəsən. Və biz tərəfdən də onların casus şəbəkələrinə qarşı xüsusi əks-kəşfiyyat əməliyyatları formasında assimmetrik cavab verildi. Bu günə qədər ictimai sakitlik, siyasi sabitlik deyirdik. İndi bütövlükdə təhlükəsizlik qayğımız ön plana çıxır. Həm içəridən, həm dışarıdan qaynaqlı təhdidlər var.
Fanatizm dəhşətli bəladır və indiyədək hələ heç kimə, heç bir millətə, heç bir ölkəyə xoşbəxtlik gətirməyib. Fanatikdən ən çox zərər çəkən də elə fanatikin özüdür. Şər gücdən xeyir umanlar var ha! Bax, onlar anlamır ki, bu günkü bu cür İrandan heç İran özü mədəd görməyib. Odur ki, insanımızın hər cür fanatizm uçurumuna yuvarlanmasına seyirçi qala bilmərik.
Biz sivil milli və bəşəri dəyərlərə söykənən çoxsəsli, plüralist, sekulyar cəmiyyət modelindən uzaqlaşdıqca, siyasi və dini fanatizm, fundamentalizm bataqlığına daha çox yaxınlaşırıq. Ordan da terror uçurumuna, vətəndaş savaşına bir-iki addım qalır.
Təhlükəsizliyi qorumaq təkcə təhlükəsizlik orqanlarının, həm də təkbaşına bacaracağı iş deyil. Toplum orqanizminin yad təsirlərə qarşı immunitetini gücləndirə bilməsək, bizimlə "Kalaşnikov dilində" "ünsiyyət" həvəsliləri arta bilər. Bu torpaqlarda onillərlə də deyil, yüz illərlə "əkilib-becərilmiş", bəslənmiş xəyanət şəbəkələrinin, casus ordularının dağıdılması mühüm və nəcib işdir, təqdirə layiqdir. Bu ayrı. Amma yetərli deyil. Toplumu yad təsirlərdən və olası müdaxilədən qorumağın ilk və ən təsirli üsulu toplumda barışdır. Biz başqalarına qarşı tolerantıq. Mən əvvəl də yazmışdım: hər kəsə qarşı tolerantıq, təkcə özümüzdən başqa. Toplumda barışa nail olmağın yolu azadlıqdan keçir, fərqli dəyərlərin və maraqların harmoniyasından keçir. Fərqliliyin monoliti qədər möhkəm bir konstruksiya yoxdur. Bir binanı təkcə daşdan, ya da təkcə qumdan tikə bilərsiniz?! Yox! Daş da, qum da lazım olacaq, sement də, dəmir də, taxta da, şüşə də, hətta... su da. Və çoxlu başqa tikinti maddə və materialları da. Sağlam bina çox sayda tikinti materiallarının konsensusudur; hər biri öz yerində qoyulmuş müxtəlif cismlərdən sözün hər iki mənasında hördüyümüz balansdır. İctimai konstruksiya da belədir. İstərsəniz olaya sənətdən baxıb "kompozisiya" deyin. Nə deyirsiniz-deyin, qavrayışın tərzi, düşüncənin cövhəri bəllidir. Biz ölkəmizi, özümüzü fanatizmin, snabizmin, bütpərəstliyin hər cür təzahürlərindən qorumalıyıq. Fikri iradəsi "axtalanmış", şəxsiyyətinin miqyası sıfırlanmış, hissiyyatı qısırlamış manqurtlara meydanı boş buraxmalı deyilik. Yoxsa bir də baxarıq ki, hər şey üçün çox gecdir və o zaman,sadəcə, oturarıq, küçələrimizdə uçuşan güllələrdən nəsibimizi gözləməli olarıq.
...Uşaqlarımız bu gün kimisə nişan alırsa, böyüyüb nişangaha çevriləcəklər. Buna imkan vermək olmaz; təhlükənin boyutunu onlara ağlı kəsdikcə anlatmaq, hərəkət hədsizliyindən, inanc ifratından çəkindirmək boynumuzun borcudur. Bu borc ödənməsə, borcumuz qalar, boynumuz qalmaz...