ABŞ-dan Rusiya ilə bağlı ŞOK QƏRAR -rusların deportasiyası ...
Birləşmiş Ştatlar immiqrasiya qanunlarını pozan Rusiya vətəndaşlarının vətənlərinə deportasiyası praktikasını bərpa edib. Bir il əvvəl, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra bu cür deportasiyalar dayanmışdı, indi isə bu proses yenidən başlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
Qəzetin yazdığı informasiyaya əsasən, Rusiya ordusunda səfərbərlikdən qaçaraq ABŞ-a gələn gənc bir rusiyalı bu həftə Rusiyaya deportasiya edilib. Həmin şəxsin adı çəkilmir. Onun da bir sıra digər ruslar kimi ötən il ABŞ-dan sığınacaq üçün müraciət etdiyi iddia edilir.
“The Guardian”ın yazdığına görə, Rusiyadan olan digər sığınacaq axtaran şəxslər indi ABŞ hakimiyyətinin onları Rusiyaya təhvil verə biləcəyi qorxusunu yaşayırlar.
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Agentliyi (ICE) bu həftənin əvvəlində xarici vətəndaşları, o cümlədən rusları “ölkəyə məxsus təlimatlara uyğun olaraq” deportasiya etdiyini bildirib. Yəni agentlik rusların deportasiyasının yenidən başlandığını inkar etmir.
Qeyd etmək lazımdır ki, bir çox rus ABŞ-a əslində Meksika sərhədindən qanunsuz keçməklə daxil olub. Onlar bu vaxta qədər vətənlərə göndərilməyəcəklərindən əmin idilər. ABŞ məhkəmələri artıq bir neçə işdə “sadəcə hərbi xidmətə çağırıldığı üçün” ölkələrindən qaçan ruslara ABŞ-da yaşamaq izninin verilməyəcəyi barədə qərar çıxarıb.
ABŞ 2022-ci il martın əvvəlində, Rusiya qoşunlarının Ukraynanı işğal etməsindən iki həftə keçməmiş Rusiya, Ukrayna, Belarus və bir sıra digər ölkələrə deportasiyaların dayandırıldığını elan etmişdi. Bu qərarın ləğvi barədə hələ rəsmi məlumat verilməyib.
Tarix: 19-03-2023, 13:36