Sabah - martın 20-də Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov Moskvada bir araya gələcəklər. İlkin rəsmi məlumatlara görə, nazirlər ikitərəfli əməkdaşlığın mövcud durumunu və inkişafı üçün zəruri addımları, o cümlədən Rusiya və Ermənistan liderlərinin 19 aprel 2022-ci il tarixli Birgə Bəyanatının müddəalarının icrası çərçivəsində müzakirə etməyi planlaşdırırlar.
Qeyd olunur ki, xarici işlər nazirləri Rusiya, Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il (Soçi) və 31 oktyabr 2022-ci il (Soçi) tarixlərində əldə edilmiş razılaşmaların ən yüksək səviyyədə həyata keçirilməsi prizmasından regional gündəliyə ətraflı toxunacaqlar. Habelə ortaq inteqrasiya birliklərində - MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT-də əməkdaşlığın gücləndirilməsi perspektivləri, müxtəlif universal beynəlxalq platformalarda, ilk növbədə, BMT-də fəaliyyətlərin əlaqələndirilməsi nəzərdən keçiriləcək.
Musavat.com xəbər verir ki, Mirzəyanın səfəri ərəfəsində Rusiya siyasət idarəsi iki ölkə arasında mövcud əlaqələrə baxışı təqdim edən geniş press-reliz dərc edib. Orada Moskvanın öz forpostu ilə danışıqlara yanaşması təfərrüatlı şəkildə ortaya qoyulur. Bildirilir ki, S. Lavrovun timsalında Ermənistanın Rusiyadan uzaqlaşmasının qeyri-mümkünlüyü və birincinin öz öhdəliklərini yerinə yetirməsinin vacibliyi İrəvana anladılacaq.
Danışıqların əsas gündəliyi kimi Rusiya ilə Ermənistan arasında bütün səviyyələrdə münasibətlərin hazırkı vəziyyəti və onların inkişaf perspektivləri, o cümlədən prezident Vladimir Putin və baş nazir Nikol Paşinyanın 2022-ci il 19 aprel tarixli bəyanatının icrası göstərilir. Yada salaq ki, həmin bəyanatda İrəvan təsdiqləyib ki, onun üçün Moskva ilə müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq strateji xarakter daşıyır.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin xatırladır ki, Kreml Ermənistanı özünün ən yaxın müttəfiqlərindən biri və “Cənubi Qafqazda strateji tərəfdaşı” hesab edir, iki ölkə arasında münasibətlərdə etimada söykənmsini gözləyir. “Rusiya Ermənistanın aparıcı iqtisadi tərəfdaşı olaraq qalır. Onun ticarət dövriyyəsinin 30%-dən çoxu və Ermənistan layihələrinə investisiyaların 40%-i Rusiya ilə bağlıdır. Rusiyaya məxsus müəssisələr Ermənistanda ən əhəmiyyətli vergi ödəyiciləri sırasındadır. Digər tərəfdən, Ermənistanın kənd təsərrüfatı məhsullarının 98 faizi, spirtli içkilərin 78 faizi Rusiyada satılır”, - deyə press-relizdə qeyd olunur.
Bundan əlavə, Rusiya XİN-i son vaxtlar Moskvanın İrəvana “təhlükələr” yaratması barədə bəyanatlar yayan (KTMT məsələsi nəzərdə tutulur – red.) Ermənistanın diqqətini təhsil və mədəniyyət sahəsində sıx əlaqələrə cəlb edib. Nazirlik vurğulayıb ki, Rusiya bunu “regionda sülh və sabitliyin təmin edilməsi üçün əsas şərt” hesab edərək, Ermənistan və Azərbaycan arasında münasibətləri normallaşdırmağa çalışır.
Rusiya diplomatları həmçinin İrəvanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlılarına ünvanladığı qınaq və iradlara cavab verib. Bu xüsusda sülhməramlıların erməni qaçqınların geri qayıtmasında, ərazilərin erməni silahlı birləşmələrinin basdırdığı minalardan təmizlənməsində, “saxlanılan şəxslərin” mübadiləsini müşayiət etməkdə və Qarabağ ermənilərinə humanitar yardım göstərməkdə xidmətlərini qeyd ediblər.
Rusiya XİN-i habelə Moskvanın Cənubi Qafqazda sərhədlərin və yolların açılmasına nail olmağa çalışdığı vurğulanır. Qeyd edilir ki, bundan ötrü İrəvan bütün nəqliyyat layihələrinin, o cümlədən yeni dəmir və avtomobil yollarının inşasının təsdiqini başa çatdırmalıdır. “Həmçinin ikitərəfli delimitasiya komissiyasının iclaslarını davam etdirmək, Azərbaycan və Ermənistan arasında sərhədlərinin birbaşa müəyyənləşdirilməsinə keçmək lazımdır ki, bu da sərhədboyu atəş təhlükəsini və digər arzuolunmaz hərəkətləri aradan qaldıracaq. Rusiya tərəfi lazımi yardımı göstərəcək”, - deyə press-relizdə vurğulanır.
Nikol Paşinyan hökuməti isə delimitasiyanı sərhəddəki vəziyyətdən asılı vəziyyətə salmaqla problemi baş-ayaq təqdim edir.
Rusiya XİN-i həmçinin Ermənistanın ən mühüm öhdəliyi kimi Azərbaycanla sülh müqaviləsini hazırlamağı göstərir: “Moskva bu sənədi Cənubi Qafqazda sabitliyin maraqlarına uyğun hesab edərək ona kömək edəcək. İrəvanla Bakı arasında humanitar təmaslara, o cümlədən deputatlar, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri səviyyəsində görüşlərə də ehtiyac var”.
İrəvana ünvanlanmış müraciətin sonunda bu qənaətə gəlinir ki, Lavrovla Mirzoyan arasında martın 20-də keçiriləcək danışıqlar Ermənistan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin gücləndirilməsi işinin tərkib hissəsi olacaq.
Press-relizin son cümləsi isə Rusiya Xarici İşlər Nazirliyinin erməni həmkarlarına əsas mesajını ortaya qoyur: “Qərbin dövlətlərimizin arasını vurmaq və bölgədəki təhlükəsizlik arxitekturasını sarsıtmaq üçün inadlı cəhdləri fonunda bu danışıqlara böyük əhəmiyyət veririk”.
Beləliklə, Lavrov Mirzoyanla digər məsələlərlə yanaşı, Ermənistanın Rusiyadan uzaqlaşaraq, Qərbə sarı getmək cəhdlərindən danışacaq. Hansı ki, Rusiya hakimiyyəti üçün prinsipial olaraq qəbuledilməz sayılır.
Xatırladaq ki, ötən ilin dekabrında Ararat Mirzəyan Laçın yolundakı qanuni etiraz aksiyasını bəhanə edərək, Moskvada XİN rəhbərləri səviyyəsində üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan görüşündən nümayişkaranə şəkildə imtina eləmiş, hətta bu barədə Rusiya tərəfini diplomatik kanalla zəruri qaydada xəbərdar eləməyi də özünə rəva görməmişdi.
Az sonra Ermənistan Azərbaycan-Ermənistan sərhədinə rəsmi Bakının da razılığı olmadan Avropa Birliyinin uzunmüddətli - iki illiyə 100 nəfərdən ibarət yarım-hərbi müşahidə missiyasının yerləşdirilməsinə nail oldu. Bütün bunlar rəsmi Moskvada qəzəbli reaksiya doğurdu. Rusiyadan İrəvanın ünvanına hətta Ermənistanın dövlət kimi yox ola biləcəyi hədəsi səsləndi. Nəhayət, etirazın bir forması kimi, ötən ay Rusiya baş diplomatı iki günlüyə Bakıya səfər eləsə də İrəvana getməyi özünə rəva bilmədi.
Bu mənada sabahkı görüş Kremllə onun satelliti arasında münasibətlərin hansı səmtdə inkişaf tapacağına aydınlıq gətirəcəyi baxımından mühüm önəm kəsb edir. Paşinyan hökumətinin açıq-aşkar Rusiya orbitindən uzaqlaşmağa çalışması səbəbilə hazırda İrəvan-Moskva münasibətləri ən gərgin dönəmini yaşayır. Odur ki, Mirəzyan-Lavrov görüşü etibarsız tərəfdaş kimi daim kənarda yeni “məşuqlar” axtaran Ermənistanla Rusiya arasında “siyasi boşanma”nın başlanğıcı kimi də yadda qala bilər, Kremlin xəyanətkar tərəfdaşa son və sərt xəbərdarlığı kimi də.
Lakin bizi ən çox maraqlandıran təbii ki, İrəvan-Moskva münasibətlərinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını, Qarabağdan qanunsuz silahlı birləşmələrin çıxarılmasını nə dərəcədə tezləşdirəcəyi və ya ləngidəcəyi ilə bağlıdır...
Siyasət şöbəsi,
Musavat.com
Tarix: 19-03-2023, 22:52