Əliyev: Danışıqlarda işğal reallıqları öz əksini tapmasa heç bir sülh müqaviləsi olmayacaq-Yerevandan reaksiya

İlham Əliyevə görə, bəzən müharibəni unutdurmaq istəyirlər, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb…
Bu sözləri martın 18-də Azərbaycan prezidenti İlham Əliyev işğaldan azad olunmuş Tərtər rayonunun Talış kəndindən xalqa ünvanladığı bayram müraciəti zamanı deyib.
“…biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq“ – İlham Əliyev bildirib.
Prezidentə görə, Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır. O bunun gələcək sülh müqaviləsi üçün önəmli amil olduğunu deyib.
Ermənistanın Xarici İşlər Nazirliyi İlham Əliyevin bu dediklərinə bir gün sonra-martın 19-da reaksiya verib.
“Azərbaycan regionda sülhün mümkünsüz olması üçün hər şeyi edir. 2022-ci il oktyabrın 6-sı Praqada və oktyabrın 31-i Soçidə Ermənistan və Azərbaycan başçıları bəyanatlar qəbul ediblər ki, onlara əsasən Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Konvensiyasına qoşulur. Alma-Ata Bəyannaməsi əsasında onlar bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və iki ölkə arasında delimitasiya prosesi müstəsna olaraq bu əsasda getməlidir.”– Ermənistan XİN-in Azərbaycan prezidentinin son səsləndirdiyi fikirlərlə bağlı bəyanatında deyilir.
Talış kəndinin yenidən qurulması işinə bir il əvvəl başlanılıb. Birinci Qarabağ müharibəsində evlərindən didərgin düşmüş kənd sakinlərindən 20 ailə prezidentin səfəri ərəfəsində evlərinə qayıdıb.
Rəsmi məlumatlara görə, daha 180 ailənin qayıdışı gözlənilir. Tərtər rayonunun Talış kəndi 2020-ci il oktyabrın 3-də işğaldan azad edilib.
Azadlıq radiosu
Tarix: 19-03-2023, 23:00
Xəbəri paylaş





Xəbər lenti