Yaqub Eyyubov Azərbaycan hakimiyyətinin ən uzunömürlü simalarından biridir. Azərbaycan cəmiyyəti bəzən bu məmuru müğənni Eyyub Yaqubovla dəyişik salsa da, uzun illərdir ki, onun iqtidar komandasındakı yeri dəyişmir.Yenisabah.az xatırladır ki, Yaqub Eyyubov 1999-cu ildə mərhum Prezident Heydər Əliyev tərəfindən Baş nazirin müavini vəzfisinə təyin olunsa da, səsini nadir hallarda eşitmək mümkün olub. Buna rəğmən, oğlu Orxan Eyyubov gündəmə gəldiyi müxtəlif iddialarla ölkəyə səs salıb. Hələ 2019-cu ilin iyununda onun Britaniya vətəndaşlığını aldığı barədə məlumat ölkə gündəminə bomba kimi düşmüşdü. Oğul Eyyubovun bu arzusunu reallaşdırmaq üçün Böyük Britaniya iqtisadiyyatına 1 milyon funtsterliq sərmayə qoyduğu iddia olunurdu.
2023-cü il Eyyubovlar üçün çox da uğurlu başlamadı. Bu dəfə ailənin, konkret desək, Orxan Eyyubovun Latviyadakı bank hesabına stop qoyuldu. Riqa şəhərindəki bankın dondurduğu məbləğ isə Azərbaycan cəmiyyətini heyrətləndirə biləcək qədər böyük idi: 1 milyard dollar!
Amma Eyyubovlar bu ittihamdan da "sıyrıldılar". Orxan Eyyubovdan bu qədər böyük vəsaiti hansı yollarla ölkədən çıxardığını soruşan olmadı. Çoxdanıncı, yəni uzaq doxsanıncı illərdən bəri bu soyadı daşıyan hər kəs ata Eyyubovun çətiri altında özünü tam təhlükəsiz hiss edə bilir...
Yaqub Eyyubovun hətta nazirlərin də həbs olunduğu bu ölkədə özünü tam təhlükəsiz hiss etməsinə səbəb nədir?
Sıravi azərbaycanlı bunu baş nazirin 78 yaşlı müavininin "Rusiyanın adamı" olması ilə əlaqələndirir. Cəmiyyətdə belə bir rəy hakimdir ki, cənab Eyyubov Moskvaya Bakıdan daha çox bağlıdır. Ona görə yox ki, Rusiyadan gələn bütün yüksək rütbəli məmuları Yaqub müəllim qarşılayır. Bu, rəsmi prosedur da ola bilər. Amma qonaq qarşılayan hər adam Rusiyanın "Dostluq" ordeni ilə təltif edilmir. Üstəlik, hər adama bu ordeni Rusiya prezidenti Vladimir Putinin əlindən almaq müəssər olmur...
Bu, hələ hamısı deyil. Yaqub Eyyubov bu gün Ukraynada həlak olan rus əsgərlərinin 1 faizinə belə nəsib olmayan “Rus torpaqlarının qorunmasında göstərdiyi xidmətlərə görə” ordenini də alıb.
Təəccüblüdür, amma hamısı deyil. Bizim Yaqub müəllim Rusiyanın müttəfiqi olan Belarusda da hörmət-izzət sahibidir. Bəlkə də yeganə azərbaycanlıdır ki, postsovet məkanının şəksiz diktatorlarından sayılan Belarus prezidenti Aleksandr Lukaşenkonun əlindən arden almağı bacarıb. Lukaşenko onu Belarus və Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin inkişafında və möhkəmləndirilməsində əhəmiyyətli töhfələrinə görə "Şərəf"ləndiirb...
Bu il iyulun 10-da Yaqub Eyyubovun Baş nazirin müavini təyin edilməsinin 24 ili tamam olacaq. Siyasi analitiklər onun uzun illər vəzifədə qalmasını Rusiya faktoru ilə əlaqələndirirlər. Sən demə, cənab Eyybovun həmyaşıdları ilə müqayisədə xeyli gənc qalması da Rusiya ilə bağlı imiş. Baş nazirin 78 yaşlı birinci müavininin canını ancaq moskvalı həkimlərə etibar etdiyi deyilir.
Rusiya əzəldən belədir; düşməni öldürür, dostu yaşadır.
Bir güllə ağırlığında olan "Dostluq" ordeni bəzən insanı bütün təhlükələrdən qoruya bilir...
Tarix: 20-03-2023, 17:10