"Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvadakı görüşü Avropa Parlamentinin Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərə dair hesabatının əksidir"Moderator.az xəbər verir ki, bunu "Kavkazski uzel" nəşrinin müxbirinə erməni politoloq Andrias Qukasyan bildirib.
"O, Avropa İttifaqının Qarabağ münaqişəsi zonasına BMT-nin himayəsi altında sülhməramlı kontingentin gətirilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın razılığını gözlədiyini bəyan edib. Lakin onun sözlərinə görə, tərəflər bundan imtina ediblər.
“Avropa İttifaqının siyasi mərkəzi müharibədən sonrakı dövrə yekun vurmaq, ona son qoymaq və Azərbaycanın beynəlxalq təzyiqlərin mərkəzində olacağı regional münasibətlərdə yeni dövrə başlamaq qərarına gəlib. . Ermənistan və Rusiyanın xarici işlər nazirləri Qərbin təzyiqlərinə qarşı birgə plan hazırlamaq üçün görüşüblər”,- politoloq belə hesab edir.
"Avropa Parlamentinin hesabatında deyilir ki, Qarabağ münaqişəsi 2009-cu ildə ATƏT-in Minsk qrupunun həmsədrlərinin prinsipləri əsasında, yəni Madrid prinsipləri əsasında həll edilməli idi", -deyə Qukasyan əlavə edib.
“Prinsiplərdən biri də xalqların öz müqəddəratını təyin etmək hüququdur”, - o vurğulayıb.
Politoloq hesab edir ki, Rusiya regiondan sıxışdırıldığını anlayır və regional 3+3 formatını işə salmaq niyyətindədir.
“Rusiya Ermənistan və Azərbaycanı öz ətrafında səfərbər etməyə çalışır. Eyni zamanda, Ərdoğan Türkiyədə keçiriləcək may seçkilərində yenidən prezident seçilsə, nəhayət, Qərblə münasibətləri kəsəcək və bu, Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistanın və Gürcüstanın siyasi qüvvələrinin bir hissəsinin daxil olacağı anti-Qərb bloku yaratmağa imkan verəcək”, - deyə Qukasyan iddia edib.
Onun fikrincə, Ermənistan geosiyasi düşərgə seçimi qarşısındadır.
“İctimai rəy kritik həddə çatıb və Ermənistanda belə bir anlayış var ki, ABŞ və Aİ ilə münasibətlər və təhlükəsizlik sistemi qurmaq lazımdır. Əgər hərbi yardım üçün Fransa və ya ABŞ-a müraciət etmək barədə siyasi qərar qəbul edilərsə, o zaman Ermənistanda etirazlar olmayacaq”, - erməni politoloq belə deyib.
Tarix: 21-03-2023, 13:59