"Milyardlarla dollar büdcəsi, “beyin mərkəzləri” olan Qərb bunları görə bilmirdi?!" - Natiq Cəfərli

"Milyardlarla dollar büdcəsi, “beyin mərkəzləri” olan Qərb bunları görə bilmirdi?!"
Qərbin lokomotivi olan ABŞ-da son illər ciddi ideoloji, strateji planlaşdırma böhranı baş verir, onillərlə öz siyasətlərinin təməlini təşkil edən yanaşmalardan imtina edərək özləri-özlərinə problemlər yaradır, sonra da bu problemlərin həlli yollarını axtarırlar.

Siam.az bildirir ki, bu sözləri Reyting.az-a Real Partiyasının funksioneri Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, ağlı başında olan hər kəsə məlumdur ki, eyni anda həm Rusiyanı, həm də Çini hədəfə almaqla bu iki ölkəni yaxınlaşdırırlar. İki avtoritar ölkənin yaxınlaşması isə dünyaya əlavə problemlər yaradacaq.

N. Cəfərli əlavə edib ki, Rusiya (hətta SSRİ) onillərlə Qərbin ucuz xammal bazası, “yanacaqdoldurma stansiyası” idi, 2-ci Dünya Müharibəsindən sonra Qərbin yüksək templə inkişafının əsas səbəblərindən biri Rusiyanı öz xammal bazasına çevirmələri olub. İndi isə öz mənasız davranışları ilə Rusiyanı Çinin ucuz xammal anbarına çevirirlər.

Partiya funksioneri qeyd edib ki, biz, məlumatlara məhdud çıxış imkanlarımıza rəğmən bu mənzərəni 9-10 il öncədən görüb-proqnozlaşdıra bilirdiksə bu qədər xüsusi xidmət orqanları, milyardlarla dollar büdcəsi, “beyin mərkəzləri” olan Qərb bunları görə bilmirdi?! Axı, məhz Qərbin ən güclü fikir babaları onillər öncə bu haqda xəbərdarlıq etmişdilər, yazıb-danışmışdılar, nədən bu proqnozları iqnor etdilər?! “Əgər bu, çoxgedişli əməliyyat deyilsə, Qərbin strateji səhvidir. Bu gün Rusiyanın Ukraynaya vəhşi hücumundan ən çox udan ölkə məhz Çindir. Rusiya getdikcə Çinə daha çox möhtac olur, daha çox asılı vəziyyətə düşür, Çin Rusiyanın tükənməz təbii sərvətlərinə çox asan və ucuz yolla sahib olur”,- deyən N. Cəfərli bu səbəbdən bir çox dünya analitiklərinin fikirləri ilə razı deyil və düşünür ki, müharibənin uzanması Çinin hədəflərinə və məqsədlərinə tam uyğundur: “Nəticə olaraq Rusiya zəifləyir ki, bu da Çin üçün çox önəmlidir, zatən Rusiya rəhbərliyi daha ağıllı olsaydı, Qərbdən yox, Çindən qorxardı. Qərb yox, məhz Çin Rusiya torpaqlarına sahib olma şansına malikdir.

İkincisi, Moskva Pekindən o dərəcədə asılı vəziyyətə düşür ki, Çin bir qərarla Rusiyanı dizüstə qoya bilər. Məsələn, iqtisadi münasibətləri kəssə, maliyyə axınlarna mane olsa, Moskva çökər.

Üçüncüsü, Rusiya ilə yaxınlıq Çin üçün ən gözəl aktivdir - Qərblə danışıqlarda bu aktivi çox baha sata bilər, yəni, Qərblə öz problemlərini həll etmək üçün Rusiyanı hər an güdaza vermələri mümkündür".

N. Cəfərlinin fikrincə, bütün bu amilləri - Çinin müharibədən ən karlı çıxan ölkə olduğunu nəzərə almaqla Pekin müharibənin uzanmasında da ən maraqlı ölkədir. O, qeyd edib ki, Qərbin bizim bilmədiyimiz çox mürəkkəb, çoxgedişli planı-proqramı yoxdursa, son illər eyni anda Rusiya və Çinə kəskin reaksiyası ən böyük səhvinə, strateji probleminə çevriləcək.
Tarix: 22-03-2023, 23:14
Xəbəri paylaş





Xəbər lenti