Şuşada Türkiyənin konsulluğu və hərbi bazasını qurmaq zamanı


11 ayın sultanı mübarək Ramazan ayındayıq. Ona “şeytanların zəncirləndiyi ay” da deyirlər. Təəssüf ki, Azərbaycan dövlətinin ayağının altını qazıyan şeytanlar da var ki, ilimiz 12 ay “iş başında”dır, yatmaq, zəncirlənmək bilməzlər.
Biri və birincisi Ermənistan. 44 günlük savaşda yağlı “dəmir qapaz” yesə də, ağzı-burnu əzilsə də, 3 ildir ağıllanmayan, pisliyi və xəbisliyindən qalmayan nankor qonşu. Amma ondan daha təhlükəlisi “daş altda yatan” ilanlar, “ilana zəhər verən kərtənkələlər”dir. Ermənistanı nəhayət, kiriyib düz yola çıxmağa qoymayan, heç vaxt reallaşmayacaq iddialara sürükləməyə davam edənlərdir. O sırada İrəvanın dostu, “Qərbi Zəngəzur canımızdır” deyən “can müttəfiqi” İrandır. Rusiya da onlardan geri qalmaz. O da bizə qarşı şeytani xislətin daşıyıcısıdır...
Fikir verin, kapitulyant ölkə Azərbaycana qarşı eyni vaxtda İran, Rusiya və Qərblə (Avropa Birliyi) ilə təhlükəli oyunun içindədir. Ermənistan İrandan mənəvi və başqa güc alaraq, Zəngəzur dəhlizinin reallaşmasını, sülh sazişini illərdir ləngidir, kriminal fars-molla rejimini ölkəmizə qarşı daha da qızışdırmaq üçün əlindən gələni edir, öz səmasını İran dronları üçün açır, Qarabağa iranlı terrorçu-diversantları keçirir, Tehrandan PUA-lar və başqa silahlar sifariş edir.
SEPAH isə az qala, hər gün Azərbaycanı hədələyir. Sərhədimiz yaxınlığında olduqca riskli manevrlər edir, özünə yaxın KİV-lərdə vaxtaşırı əleyhimizə, hətta Türkiyə əleyhinə təhdidedici və provokasion videolar paylaşır. İranın boyuna uyğun gəlməyən yekə iddialar səsləndirir. Ermənistana Tehran rəsmilərinin biri gedib, o biri gəlir. Bağlı qapılar arxasında nə danışırlar, Allah bilir. Hərgah, təxmini bəllidir.
Buna paralel, ifritə qonşumuz öz ərazisinə Avropa Birliyinin (AB) heç də səmimi məqsədlər güdməyən missiyasını yerləşdirib, onun arxasından bizə atəş açır, sərhədçimizi yaralayır, başqa təxribatlar törədir. Doğrudur, cavabını layiqincə alır, ancaq havada “barıt qoxusu” da sürətlə artır...
Hələ harasıdır, bütün bunların fonunda İrəvan Rusiyanın köməyi ilə Qarabağdakı bir ovuc separatçı üçün indi də gizli (torpaq) yolu ilə silah-sursat daşıyır. Fərasətə bax ermənidə, bir-birinə faktiki qənim kəsilmiş Avropa ilə Rusiya və İranı gör öz çirkin hədəfi ətrafında necə bir araya gətirib! Deyəsən həm də qardaş Türkiyənin başının seçkilərə və zəlzələyə qarışmasından cürətləniblər. Sanki tələsirlər. Hərgah, Şuşa Bəyannaməsini heç kim ləğv eləməyib. 14 may seçkiləri ilə də ləğv ediləsi deyil!

Ancaq davam edən xəbərdarlıqlarımız, təlim və döyüş hazırlıqlarımız, Şuşa Bəyannaməsi, Türkiyə, İsrail və Pakistanla yüksək səviyyəli müttəfiqliyimiz öz yerində, mövcud həssas durumda yeni təhdidləri daha çevik önləmək, balansı düzəltmək naminə bəzi əlavə gərəkən, praktik addımlara ehtiyac yaranıb.
Bu xüsusda qardaş ölkə lideri Ərdoğanın dünənki açıqlaması (“Qarabağ deyəndə bizi anlayanlarla bərabərik!”) və eyni gündə Türkiyə müdafiə naziri Hulusi Akarın rusiyalı həmkarı Sergey Şoyqu ilə Qarabağ mövzusunda telefon danışığı (şübhə yox ki, separatçıların silahlandırılması da diqqət mərkəzində olub) tam yerinə düşür. Amma və lakin...
Ətrafımızdakı irili-xırdalı şeytanları, Azərbaycan dövlətinə diş qıcıyıb, dil uzadanları qovmaqdan ötrü Şuşada Türkiyə konsulluğu və qardaş ölkənin bir hərbi (və ya hərbi hava) bazasını qurmağın zamanı çatıb. Şuşa Bəyannaməsi bunu istisna eləmir.
Hərbi baza başqa şəhərdə, tutaq ki, İranlı həmsərhəd bölgədə də yaradıla bilər. Hətta ikincisi də mümkündür – Naxçıvanda. Fərq eləməz. Əsas odur, bu, “qaynar başlar” üçün yüzdə yüz “soyuq duş” effekti, sedativ effekt yaradacaq.
Xatırladaq ki, NATO üzvü Türkiyənin Alyans üzvü olmayan Liviyada, Somalidə, Qətərdə hərbi bazaları mövcuddur. Düzdür, Qoşulmama Hərəkatına üzvlüyümüz, Hərbi Doktrinamız hüquqi baxımdan bunu mümkünsüz edir. Ancaq hər şey öz əlimizdə. Qanunlarımız, doktrinamız, lap elə konstitusiyamız milli maraqlarımızın üstündə ola bilməz ki. Lazım gələrsə, dəyişdiriləcək.
Ya Allah, bismillah...

Zahid SƏFƏROĞLU
Tarix: 23-03-2023, 16:51
Xəbəri paylaş





Xəbər lenti