Paşinyan seçim qarşısında: Müharibə, yoxsa sülh? - Ekspert danışır
Ermənistanın yaxın zamanda sülhə doğru addım atması inandırıcı görsənmir.
Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanla sülh müqaviləsi məsələsinə toxunub.
Paşinyan hökumətin bugünkü iclasında bildirib ki, Azərbaycanla sülh sazişi indiyə qədər əldə edilmiş yazılı razılaşmalar əsasında imzalanacaq.
“Sülhlə bağlı razılaşma olacaq və bu, indiyə qədər ən yüksək səviyyədə əldə olunmuş yazılı sənədlərə əsaslanacaq”, - deyə Paşinyan bəyan edib.
Ümumiyyətlə, bu ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması nə dərəcədə mümkündür?
Siam.az-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya şərhində qeyd edib ki, Bakı və İrəvan arasında yaxın 6 ay ərzində sülh müqaviləsinin imzalanması gözlənilmir:
“Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsi ilə bağlı dəfələrlə bəyanat verib. Amma biz konkret olaraq Paşinyanın bu istiqamətdə addım atdığını görmürük.
Əksinə biz Ermənistanın dövlət sərhədinə ordu yığmasını, müxtəlif təxribatlara əl atdığını, Avropa İttifaqı missiyasının Azərbaycanla sərhəd ərazilərdə yerləşməsini, həmçinin Paşinyanın Qarabağlı qeyri-konstruktiv açıqlamalarını müşahidə edirik. Paşinyan sülhlə bağlı məsələlərə qeyri-səmimi davaranır.
Hesab edirəm ki, Paşinyanın bu açıqlaması ABŞ Dövlət katibi Entoni Blinkenin tərəflərlə son telefon danışığından irəli gəlir. Blinken həm Ermənistan, həm də Azərbaycanla yekun sülh müqaviləsi ilə bağlı bir sıra önəmli məqamları müzakirə edib. Həmçinin Blinken Konqresin iclasında qeyd edib ki, hər iki tərəf arasında bəzi məsələlərdə müəyyən irəliləyiş var. Ermənistan sülh müqaviləsini Azərbaycanın təqdim etdiyi şərtlər əsasında imzalamalıdır. Lakin Paşinyanın buna doğru addım atması hələ qeyri-müəyyən görünür. Yaxın zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözləmirəm”.