Aİ siyasi partiyalarla bağlı yeni qanundakı məhdudiyyətlərdən narahatdır
Qurum israrla ölkəni Venesiya Komissiyasının tövsiyələrinə əməl etməyə çağırır
Avropa İttifaqı (Aİ) Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunla tətbiq edilmiş məhdudiyyətlərdən narahatlığını bildirib. Qurum Azərbaycan hakimiyyətini Venesiya Komissiyasının və ATƏT DTİHB-nin tövsiyələrini yerinə yetirməyə çağırıb.Bu barədə Aİ-nin Xarici Siyasət Xidmətinin 22 mart tarixli bəyanatında deyilir.
Məlumatı “Turan”
yayıb.“
Avropa İttifaqı siyasi partiyalar haqqında yeni qanunla tətbiq edilmiş məhdudiyyətlərdən narahatdır. Bu, Azərbaycanda siyasi plüralizmə və birləşmək, fikri ifadə etmək və dinc toplaşmaq azadlığı kimi əsas hüquq və azadlıqlara çəkindirici təsir göstərə bilər”, – deyə Aİ-nin Xarici Siyasət Xidmətinin saytında yer alan bəyanatda bildirilir.
Bəyanatda o da qeyd edilib ki, bu hüquqlar demokratik cəmiyyətin fəaliyyəti üçün əsasdır:
“
Avropa İttifaqı israrla Azərbaycanı Avropa Şurası Venesiya Komissiyasının əvvəlki siyasi partiyalar haqqında qanunla bağlı köhnə tövsiyələrini, habelə Venesiya Komissiyasının və ATƏT DTİHB-nin yeni qanunla bağlı 13 mart tarixli rəyində yer alan tövsiyələri yerinə yetirməyə çağırır”.“
Siyasi partiyalar siyasi özünüifadənin əsas kollektiv aləti olaraq vətəndaşların siyasi iradəsini ifadə etməsinə şərait yaradır. Dinamik, hesabatlı və inklüziv çoxpartiyalı sistemlərə zəmanət verilməlidir”, – deyə bəyanatın sonunda bildirilir.
Martın 14-də Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanın “Siyasi partiyalar haqqında” Qanun haqqında birgə rəyini yayıb.
Rəydə qeyd olunub ki, Azərbaycanın Milli Məclisinin qəbul etdiyi “Siyasi partiyalar haqqında” Qanuna ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətdiq edilib.
Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu rəydə hökumətə təkliflərini də təqdim
edib.“Siyasi partiyalar haqqında” Qanun 2022-ci ilin dekabrın 16-da Milli Məclisdə III oxunuşdan keçib.
Bu ilin yanvarın 11-də Prezident İlham Əliyev qanunu təsdiqləyib.
“Siyasi partiyalar haqqında” yeni qanun 6 fəsildən, 30 maddədən ibarətdir.
Azərbaycanda “Siyasi partiyalar haqqında” Qanun 1992-ci ildə hazırlanaraq qəbul edilib
Tarix: 23-03-2023, 22:01