İranın hədələrindəki mənasızlıq: Tehran özü Bakıya ağız aça bilər - TƏHLİL


İranda siyasi və iqtisadi-sosial vəziyyətin pisləşməsinin adi hala çevrilməsi ölkənin gələcəyinə dair bədbin ruhlu proqnozları artırır.
Siyasi böhranın elementi: İranın dövlət cihazında ali rəhbər Əli Xameneinin yerinə kadr hazırlamaq prosesi siyasi çəkişmələrlə müşayiət edilir.
İqtisadi-sosial təlatümlərin motivi: Siyasi böhran yaşayan İran ölkənin problemlərini həll etməkdə və beynəlxalq sanksiyaların iqtisadi-sosial həyata təsirlərini aradan qaldırmaqda aciz qalıb.
İran daxildəki problemlərin üstünə dəmir pərdə çəkmək üçün müxtəlif vasitələrə əl atır ki, onlardan biri də “xarici düşmən” obrazları siyahısına yenilərini əlavə etməkdir.
Tehranın beynəlxalq rəqabətdə rəqiblərinə ciddi şəkildə uduzması onun planlarının ifşasına səbəb olur və terrorçuluq fəaliyyətində yeni istiqamətlər açması ilə bağlı yeni məlumatları üzə çıxarır.
Ancaq İran öz şakərindən əl çəkməyərək əmmamə altında gizlənən məkrləri daha da böyüdür və hədəfə Azərbaycanı da qoyur.
Azərbaycan dövləti əleyhinə əndazələri aşan təhdidlərin İran üfüqlərində bərq vurması artıq adi tendensiya kimi görünür.
Xüsusilə Azərbaycanla İsrailin münasibətlərində yeni səhifələrin açılması, Azərbaycanın Ermənistan qarşısında tələb və şərtlərini itiləşdirməsi İranın kürkünə birə salır.
İran təhlükəsizlik narahatlıqlarını bəhanə edərək təxribatlar ssenarisini genişləndirərək Azərbaycanla sərhəd zolağında hərbi kəşfiyyat aparır və qırıcı təyyarələri səmaya qaldırır. Mümkündür ki, İranın son məqsədi proqnozlaşdırılan Azərbaycan-Ermənistan hərbi toqquşmasında ikincini hərbi kəşfiyyat məlumatları ilə təmin etməkdir.
İkinci bir tərəfdən, İran Ermənistanın silahlanmasına yaşıl işıqlar yandırır və İrəvanın mənəvi qoruyucusu kimi statusunu gözə soxmağa davam edir.
Hərbi-siyasi miqyasların koordinatlarını Ermənistanın xeyrinə calamaq üçün İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kaninin İrəvana səfəri Azərbaycanla gərgin münasibətlər fonunda diqqət çəkir.
Əslində Ermənistan İrandan asılı olan vassal ölkə kimi daha çox davranır, çünki məntiqlə Qərbə inteqrasiya tərəfdarı olan ölkə Qərbin də maraq dairəsində olan Zəngəzur dəhlizinin açılmasını Tehranın istəklərini kənara qoyaraq icra etməlidir.
Ancaq Ermənistanla İranın məntiqi üst-üstə düşür, daha korrekt ifadə etsək, Tehran İrəvanın mövqeyinə təzyiqqarışıq dəstəklər göstərir.
Düşünmək üçün bir əsas var ki, hazırda Azərbaycanın Ermənistana qarşı tələblərini genişləndirməsi Bakı ilə Tehranın İrəvan uğrundakı mübarizəsinin bir istiqamətini təşkil edir.
İranın Azərbaycana qarşı müxtəlif bəhanələrə bürünərək hədə tonunu yüksəltməsi Bakını öz şərtlərindən çəkindirmək məqsədlərinə xidmət edir.
Ancaq Azərbaycan Zəngəzur dəhlizinin açılmasında ciddi iradəyə malik olduğunu açıq şəkildə nümayiş etdirir.
Buna görə də, hədələrinin mənasız ritorika olduğunu dərk edən İran başqa metodlara əl ataraq təhdidlərinin oxlarını Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan hərəkətlərə yönləndirir. 
Ancaq İranın hədələrinin bir qismi blefdir, digərləri isə reallıq kimi nəzərə çarpdırılır.
Ermənistana gəlincə, o, revanşizmə meyillidir, lakin düşünmək olmaz ki, İranın qucağında oturmasının perspektivini faydalı görür. Baqerinin İrəvana səfəri zamanı Ermənistan Tehranın məsələni çox böyütməməsini istəyə bilər.
Çünki Ermənistanın İranın ağuşunda olması onun Qərblə münasibətlərinə zərbə vura bilər. Çünki ABŞ, Böyük Britaniya kimi ölkələr İran zolağı barədə “qaranlıq ssenariləri” izləyərək bunu İsraillə koordinasiya edir və prosesləri yeni plan halına gətirirlər.
Azərbaycan öz yerini tutmağa və İranın hədələri qarşısında strateji təmkin göstərməyə davam edəcək və böyük ehtimalla Tehran özü Bakı ilə danışıqları bərpa etmək məcburiyyətində qalacaq.
Azərbaycan-Ermənistan hərbi eskalasiyası olsa belə, İranın Azərbaycana qarşı hərbi hərəkətə keçməsi inandırıcı görünmür. Uzağı İran özü və Hindistan xətti ilə Ermənistanı sürətlə silahlandırıb problemlərin həllini elə İrəvanın boynuna ata bilər.
Oxu.az
Aqşin Kərimov



Tarix: 24-03-2023, 10:43
Xəbəri paylaş





Xəbər lenti