Firudin Cəlilov: “Monqoloid məsələsini gündəmə gətirən, bizi köçəri hesab edən adam türk ola bilməz…”


““Türkün türkdən başqa dostu yoxdur” ifadəsi bu gün üçün deyilməyib. Vaxtilə vəziyyət belə idi - türkü müxtəlif istiqamətlərdən vururdular. Hətta öz içində olanlar da vururdu. “Türkün türkdən başqa dostu yoxdur” şüarı da həmin vaxt səslənib. Mən türkçüyəm, amma o demək deyil ki, başqa xalqları aşağılamaq lazımdır. Talış da, ləzgi də, tat da – hamısı bizim parçamızdır. Dostlarımın arasında o qədər talış ziyalılar var ki… Amma talış dilini bilmirəm, talış mədəniyyətinin içində deyiləm ki, onların haqqında nəsə yazım. Mən ancaq içində olduğum, mənsub olduğum etnos haqqında yazıram. Bunu özümə borc bilirəm. Bu, o demək deyil ki, başqa millətlərin əleyhinəyəm. Belə fikirlər səsləndirən adamların fikirləri normal deyil. Özlərindən şübhələnən adam psixologiyası ilə bu məsələni gündəmə gətiriblər…”
 
Bu sözləri Pravda.az-a müsahibəsində tanınmış türkoloq, professor Firudin Cəlilov deyib.
 
F.Cəlilov Azərbaycan xalqının türk etnosuna mənsub olmadığı barədə səslənən fikirlərə də münasibət bildirib: ““Türkün türkdən başqa dostu yoxdur” şüarını məhz elə bu cür adamlara deyiblər. Bunu deyən türk düşmənidir. “Türk” deyəndə Azərbaycan türklərini nəzərdə tuturam. Bu sözləri ancaq türkün düşməni deyə bilər. Əgər bunu öz içimizdən biri deyirsə, onu ancaq həmin sıraya qoymaq lazımdır, başqa adı yoxdur. Normal adam özünü türk hesab edirsə və belə şeylər deyirsə, bunun özü anormallıqdır. Bu, həqiqətdir ki, türk milləti təkcə monqoloid deyil, çoxu avropoiddir. Burdan gedib, monqollaşanlar da var, bu, normaldır. Amma məsələni tərsinə qoyurlar – monqollar gəlib burada Avropalaşıb. Halbuki əksinədir. Monqoloid məsələsini gündəmə gətirən, bizi köçəri, XI əsrdən gəlmə hesab edən, bu sözləri ağzından çıxaran adam türk ola bilməz. “Türkün türkdən başqa dostu yoxdur” şüarı məhz bu cür adamlara şamil edilir”.
 
F.Cəlilov Türkiyədə danışılan türk dilinin yaradıcısının erməni Akop Martayan (Dilaçar) olması məsələsinə də toxunub: “Bəli, Akopu savadlı adam kimi dəvət ediblər. Dil məsələləri ilə məşğul olub. O, ən böyük xəyanəti türk dilinin əlifbasına vurub. O vaxt ortaq əlifba var idi. Bütün türk xalqları ortaq latın əlifbasından istifadə edirdilər. Amma Akop Martayan hazırkı türk əlifbasından “x”, “ə” hərflərini çıxardı. Əlifba elə şeydir ki, onda dəyişiklik edirsənsə, artıq nəsilbənəsil dili içindən haçalayır. Bu mənada Akop Dilaçarın türk dilinə xeyirdən çox ziyanı olub”.
 
Firudun Cəlilov hüquqşünas Əkrəm Həsənovun “Novruz bayramı türkün deyil, İran mənşəlidir, talışlar, kürdlər, tatlar İrandilli etnoslardır, “türkün türkdən başqa dostu yoxdur” ifadəsi ilə Azərbaycan xalqı özünü kasıblaşdırır” deməsinə isə belə cavab verib: “Bu sözlər Əkrəm Həsənovun deyil. Vaxtilə bu sözləri alimlərə dedirdiblər. Maraqlıdır ki, artıq XXI əsrdəyik, amma keçən əsrdəki anti-türk əhval-ruhiyyəsini indi də yaşadanlar var. Necə yəni Novruz bayramı türkün deyil? Əlbəttə, “Novruz” sözü türkün deyil, amma onun kimi adamlar isə bu bayrama hələ də “Novruz” deyirlər. Bizim ailədə heç vaxt “Novruz” sözü işlənmir. Həmişə “yaz, bahar bayramı” demişik. Farslar bura gələnə qədər Novruz min illər əvvəl də keçirilirdi. Şumerlər də bu bayramı qeyd ediblər. Bunun farsa nə aidiyyatı var? Əksinə, fars gəldi, burada “yeni gün” adını dəyişdirdi. “Novruz” fars dilindən tərcümədə “yeni gün” deməkdir. Fars bu sözü türkdən alıb. Novruz əslində yeni il bayramıdır və türklər bunu tarix boyu qeyd ediblər…”
Tarix: 24-03-2023, 13:55
Xəbəri paylaş





Xəbər lenti