ABŞ Qarabağda sülhməramlıların təkcə Rusiyadan olmasını istəmir
Dövlət Departamenti Azərbaycan-Ermənistan münaqişəsi zonasında minalardan təmizləmə məsələlərinin həlli üçün səylər göstərir.“Vətəndaşları öldürməyə və şikəst etməyə davam edən, iqtisadi inkişafa və köçkünlərin təhlükəsiz qayıtmasına mane olan yerüstü mina və partlamamış hərbi sursat amilindən çox narahatıq”. Bu barədə cümə axşamı Vaşinqtonda təhlükəsizliyin təmin edilməsi məsələlərinə həsr olunmuş brifinqdə çıxış edən Dövlət Departamentinin hərbi-siyasi məsələlər Bürosunun katibi Cessika Lüis Turan-ın Vaşinqtondakı müxbirinə bildirib.
O,Vaşinqtonun Qarabağda sülhün bərpasındakı rolu barədə Turan-ın sualının cavabında ABŞ-ın dinc, demokratik və çiçəklənən Cənubi Qafqaza sadiq olması ilə bağlı mövqeyini təsdiqləyib, “biz etiraf edirik ki, münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün güc tətbiqi qəbuledilməzdir”. O, dövlət katibi Entoni Blinkenin “Ermənistanla Azərbaycan arasında birbaşa dialoq problemlərin həlli və möhkəm sülhün əldə edilməsinin açarıdır” sözlərini təkrarlayıb.
Hərbi-siyasi məsələlər Bürosunun səylərindən danışan Lüis xatırladıb ki, 2022-ci ildə ABŞ Qarabağda hərbi əməliyyatlar zonasında minalardan təmizlənməyə 2 milyon dollar ayırıb. 2021-ci ilin noyabrında həmin məqsədlə daha 500 min dollar ayrılıb.
“Beynəlxalq tərəfdaşlarımızla birgə gördüyümüz işlər ölkələrin bərpa olunması və mülki əhalini qoruya bilməsi üçün çox vacibdir”, – o əlavə edib.
Turan-ın Vaşinqtonun regionda sülhməramlı əməliyyatlarda iştirak etməkdə maraqlı olub-olmaması barədə sualına cavabda Lüis xatırladıb ki, onun bürosu sülhməramlıların bu cür missiyaları yerinə yetirmək üçün hazırlanması ilə məşğuldur. “Düşünürəm ki, bunun mümkünlüyünü diqqətlə nəzərdən keçirməliyik. Aydındır ki, bu proses Birləşmiş Millətlər Təşkilatından keçir və mən Birləşmiş Millətlər Təşkilatının gələcəkdə bu prosesləri necə idarə edəcəyi barədə şərh verməkdən çəkinəcəyəm. Ancaq düşünürəm ki, biz bu prosesin təkcə Rusiya tərəfindən dəstəklənməməsi məsələsini nəzərdən keçirməliyik. Hazırda Rusiya texnikası, məsələn, ehtiyat hissələri almaqda çətinlik çəkir və bu, sülhməramlıların öz işlərini yerinə yetirmə qabiliyyətinə təsir göstərə bilər”, – o deyib.
Contact.az
Tarix: 24-03-2023, 22:48