BU HƏFTƏ PARLAMENT SEÇKİSİ ELAN OLUNA BİLƏR – Seçkinin bu tarixə təyin olunacağı gözlənilir


Bu həftənin sonunda Azərbaycanda parlament seçkisinin elan olunacağı gözlənilir.
“AzPolitika”ya daxil olan məlumata görə, növbədənkənar seçki iyunun sonlarına təyin olunacaq.
Məlum olduğu kimi, Azərbaycanda sonuncu parlament seçkiləri 9 fevral 2020-ci il tarixində növbədənkənar qaydada keçirilib. Xatırladaq ki, Azərbaycan Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndinə görə, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Bu, o deməkdir ki, seçki 2024-cü ilin noyabr ayında keçirilməli idi. Lakin seçkinin daha tez keçiriləcəyi gözlənilir.
Həmçinin, “AzPolitika”-ya daha öncə daxil olan məlumatda deyilirdi ki, ölkəmizdə növbəti parlament seçkisi bu ilin iyun ayında keçiriləcək. Odur ki, həftəsonu Azərbaycanda iyun ayında parlament seçkisinin keçirilməsi ilə bağlı qərarın elan olunacağı gözlənilir.
Məlumata görə, seçkinin iyun ayına təyin olunmasına səbəb ölkəmizi cari ildə gözləyən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin sıx qrafikidir.
Xatırladaq ki, həmçinin, Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir ki, buna da hazırlıq işləri aparılmalıdır və ardıcıl olaraq qısa zaman kəsiyində iki seçki keçirmək, eyni zamanda da böyük beynəlxalq tədbir təşkil etmək həm paytaxtı, həm də bu işlə məşğul olacaq strukturları hədsiz dərəcədə yükləmiş olardı.
Böyük beynəlxalq tədbirlərə gəlincə, buraya noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək BMT-nin “COP29” sessiyası və “Formula-1” yarışını aid etmək olar.
Xatırladaq ki, Konstitusiyanın 98-ci maddəsində Prezidentin parlamenti buraxmaq səlahiyyətinə malik olduğu təsbit edilib.
Tarix: 22-04-2024, 22:42
Xəbəri paylaş





Xəbər lenti