Sosial şəbəkədə bu normaların pozulması... - Məmmədova

Sosial şəbəkədə bu normaların pozulması... - Məmmədova Azərbaycan Dillər Universitetinin (ADU) Magistratura şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Bənövşə Məmmədova Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığının müəyyənləşdirilərək təsdiqlənməsinə görə AMEA-nın prezidenti Akif Əlizadəyə təşəkkürünü bildirib.

Bu barədə Kult.az-a açıqlama verən B.Məmmədova Azərbaycan dilinin milli-mənəvi dəyər kimi əhəmiyyətindən danışıb və bu dilin qorunmasının vacibliyini vurğulayıb:


“Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu mənəvi dəyərlər arasında ünsiyyət vasitəsi kimi dil xüsusi yer tutur. Əsrimiz texnika əsri olduğuna görə texnologiya və internet imkanları öz təsirini göstərib. Sosial şəbəkə yazışmalarında dil normalarının pozulması, durğu işarələrinin işlədilməməsi, ixtisarlar işlətməklə dilimizdə qrammatik və leksik normaların pozulması, abreviaturların işlənməsi, şifahi dilin yazı dilinə keçməsi müşahidə olunur.

Dil hər bir milli mədəniyyətin canı, cövhəri, mənəvi dəyərlərimizin ən mühüm və davamlı daşıyıcısıdır. Dilimizi qorumaq və gələcək nəslə zəngin formada çatdırmaq hər birimizin borcudur. “Ana dilimiz – milli varlığımızdır” adlı müsabiqəyə və bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığının müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənməsinə görə akademik Akif Əlizadəyə təşəkkürümü bildirirəm. Çünki müsabiqə bu komissiyanın sədri Akif Əlizadənin sərəncamına əsasən keçirilib.

Məşhur fransız yazıçısı Aleksandr Düma hələ XIX əsrdə Qafqaza səfərində yol qeydlərində yazırdı: “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”.

Qeyd edək ki, bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib. Komissiyanın sədr müavini Sayalı Sadıqova o sözlərin siyahısını açıqlayıb.

“Zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc”, təsdiqlənib”, - deyə. S.Sadıqova bildirib.

Alim həmçinin “maus”un “bələdçi” kimi işlənilməsini təklif edib.
Tarix: 26-10-2017, 23:16
Xəbəri paylaş





Xəbər lenti