"Dərhal nəzarətə götürülür" - İnternet problemi barədə Nazirlikdən CAVAB

 

Son vaxtlarda ölkənin müxtəlif yerlərində internetin kəsilməsi barədə xəbərlər yayılır. Məsələn, bu yaxınlarda Sumqayıtda internetin verilməsində 3 saata qədər fasilə oldu ki, bu da abonentlərin ciddi narazılığına gətirib çıxardı.


Virtual aləmin, internetin gündən-günə inkişaf etdiyi müasir dövrdə bu kimi problemlərin yaşanması insanları tez özündən çıxarır və bu barədə sosial şəbəkələrdə istənilən qədər narazılığa rast gəlmək mümkündür. Bəs internetin verilməsindəki fasilələrin səbəbi nədir?



Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Lent.az -a münasibət bildirib. Ekspert verdiyi açıqlamasında, ölkədə alternativ internet provayderlərinə imkan yaradılmadığını deyib:

“Məlumdur ki, Bakıda əhalinin ən çox istifadə etdiyi provayder “Baktelekom”dur. Bölgələrdə isə onu “Aztelekom” əvəzləyir. Baş verən problemlərin səbəbi alternativ və özəl provayderlərə imkanların yaradılmamasıdır. Belə ki, bölgələrə qeyd etdiyimiz kimi, ən çox yalnız bir xətt “Aztelekom” ötürülür. Hər hansı qəza baş verdikdə əhalinin internetə olan təminatında kəsintilər yaranır. Məsələn, özüm bu yaxınlarda Balakən-Zaqatalada belə bir faktla rastlaşdım. Bölgədə təxminən 3-4 saat internet olmadı. Öyrəndim ki, regiona yalnız “Delta” telekomun xətti gəlir. Onun da magistral xəttində problem yaranıb. Özəl provayderlərə icazə verilmir ki, yeraltı xətt ötürsün. Özəl provayderlərə qoşulmaq üçün məhdudiyyətlər çoxdur. Məhz bundan dolayı ölkədə internetin verilməsində bəzən problemlər qeydə alınır”.


Bəs rəsmi strukturlar problemin səbəbini necə izah edir?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Lent.az -ın sorğusuna cavab olaraq, internetin kəsintilərlə verilməsi barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib. Nazirlik fərdi qaydada baş verən nasazlıqların ümumi internetin təşkilində problem kimi adlandırılmağı düzgün hesab etməyib.

Rəsmi cavabda o da bildirilib ki, nazirlik tərəfindən paytaxt və bölgələrdə rəqəmsal infrastruktur inkişaf etdirilir:

"Məhdudiyyətsiz internet şəbəkəsinin qurulması üzrə işlər həyata keçirilir. Fərdi qaydada internet və ya telefon üzərində baş verən nasazlıqlar dərhal nazirliyin müvafiq qurumlar tərəfindən nəzarətə götürülərək aradan qaldırılır".

Tarix: 10-09-2019, 16:21
Xəbəri paylaş





Xəbər lenti