Kubra Məhərrəmova yazır…
Şərq fəlsəfəsində belə bir düşüncə var ki, əgər sən kimisə sevirsənsə, onu hər halı ilə sevirsən.
O kəs dünyanın digər başında ola bilər. O kəs başqasını belə sevə bilər. Və sənin sevdiyin kəs səni sevmək məcburiyyətində deyil, çünki sən onu sevirsən. Özün üçün sevirsən. Onun üçün deyil. Sevgi dediyin qiymətli kağız deyil ki, birjada qiyməti qalxa və sənə faiz gətirə.
Amma biz hər şeydə mənfəət axtardığımız üçün sevgini də beş manatlıq eləmişik. Bizim insanımız sevirsə, “babat oğlanı” sevməlidir. Ərə gedirsə, oğlanın evi-eşiyi, maşını, “obyekti” olmalıdır.
Hə, yadımdan çıxmışdı. Oğlan mütləq yaraşıqlı olmalıdır. Dost-düşmən içinə çıxarılanda hamının ürəyi getməlidir. Eynisi əks tərəfdən də tələb olunur. Qız çox gözəl olmalıdır, atası mütləq vəzifədə olmalıdır. Əks halda qayınata “boş” adamdır və bir qəpiklik hörməti yoxdur. Qayınata kürəkənə avtomobil bağışlamalıdır, qızına da ev.
Və sonra da ailə institunun dağılmasından danışırıq, boşanmalardan danışırıq. Bir az araşdırsaq görərik ki, bu dəyərləri bizə elə valideynlər sırıyıb. Heç kim adi oğlana qız vermək istəmir. “Qızımız kimdən əskikdir ki? İnstitut oxuyub, ingilis dilini bilir, yetimin birinə niyə qismət olsun?!”.
“Brilliant kimi oğlum var, içmir, çəkmir. İşi, evi, maşını. Ona arxa olacaq bir yerdən qız almalıdır”.
Evlilik münasibətləri feodalizm quruluşundakı kimi alver üzərində qurulur. Çox vaxt da “hesablamalar” düz çıxmır, ailələr bir-birinə “atır”, sonra da həngamə başlayır. İnsanımız türk seriallarındakı kimi həyat istəyir, hamı varlı olmaq istəyir.
Amma heç kim düşünmür ki, insanın daxili sakitliyi, hüzuru daha önəmlidir. İnsanımız hər halı ilə bu gün hirslidir, qərəzlidir, aqressivdir. Hamı narazıdır, varlısı da, kasıbı da. Çünki sevgini beş manatlıq ediblər. Allahı da beş manata görə sevirlər.
Allah mənə ruzi göndərməlidir, Allah mənim arzumu mütləq yerinə yetirməlidir, çünki mən ibadət edirəm və onu sevirəm. İnsanımız anlamır ki, ibadət dediyin səndən başqa heç kimə lazım deyil. İçində Allaha qarşı sevgin varsa, bu da sənin özün üçündür. Etdiyin ibadəti reklam edib, bütün günü əlində təsbeh, zikr etməyin də özün üçündür. Beş dəfə Həcc ziyarətinə gedib, qohum-əqraba içində rekorda imza atmağın da özün üçündür. Cəmiyyətə özünü keyfiyyətli insan kimi sırımağın üçündür. Yalançı qurbanlar kəsib Allaha özünü baha satmaq üçündür.
Sənin yalançı sevgin Allaha heç lazım deyil. Əgər sən Allahını tanısaydın, bunu çoxdan dərk etmişdin. Amma insanımız nə özünü tanıyır, nə də Allahını. Bizim isə cürətmiz çatmır deyək ki, bizim Tanrımız puldur. Bizim sevgimiz puldur. Pula görə hər şeyi tapdalayıb keçirik və keçərik.
Özümüzü də, Allahımızı da, sevgimizi də.