“Əgər sən uşaqlardan ötrü bu qədər başını ağrıdırsansa, heç qorxma və ürəyini gen saxla, bunlara moizə-zad lazım deyil, bunlarınkı, bax, bu şallaqdı”.
(Mirzə Cəlil, “Danabaş kəndinin məktəbi”)
Epiqraf verdiyim əsərində Cəlil Məmmədquluzadə Danabaş kəndində məktəbə uşaq yığılması zamanı yaranan qeyri-adi çətinlikdən bəhs etmişdir. Avam kəndlilər elə zənn edirlər ki, oğlan uşaqlarını əsgərliyə aparmaq üçün siyahıya alırlar. O üzdən heç biri məktəbə uşaq vermir. Hətta qorxularından deyirlər bizim kənddə ümumiyyətlə uşaq yoxdur.
Son günlərin uşaq pulu diskussiyaları mənə o əsəri xatırlatdı. Sadə izah eləsək, burada iki tərəf vardır. Biri hökumətdir, ilin əvvəlində camaata çoxlu güzəşt-müzəşt, artım-zad eləyəndə bu uşaq pulu söhbətinin aparılmasına da etiraz etməmişdi. Hətta bəzi icazəli ekspertlər bu pulu haradan çıxartmaq, büdcənin hansı deşiyindən sümürmək lazım olduğunu göstərirdilər. Yaz və yay boyunca bu müzakirələr vaxtaşırı getdi. Nəhayət, keçən həftə Siyavuş Novruzov uca milləti nahaq yerə boş ümidləndirən açıqlama verib aranı lap qızışdırdı, dedi mümkündür uşaq pulunu bərpa eləyək. Ancaq sonradan məlum oldu hökumətin belə fikri yoxdur, çoxlu ekspertlər, jurnalistlər meydana atılıb sübut eləməyə çalışdılar ki, əslində bizdə ünvanlı sosial yardım elə uşaq pulu kimi zaddır, imkansız uşaqlara dövlət başqa formalarda min cür qayğı göstərir, heç dağılan Almaniyada uşaqlar bizim Alatava uşaqları qədər xoşbəxt deyildir və hətta bəlkə bizdə heç uşaq yoxdur!
Diskussiyanın ikinci tərəfi müxalifət və xaricdən maliyyələşən qara blogerlərdir ki, onlar hökuməti uşaqları sevməməkdə suçlayırlar. Ancaq özləri hakimiyyətdə olanda balaca uşaqları tutub soldat aparırdılar, heç uşqol üzü görmürdük. Elə bilirlər camaat çörəyi qulağına yeyir. İsgəndər Həmidov uşaq bağçalarından oyuncaqları müsadirə edirdi, Elçibəy isə körpələr evində siqaret çəkib kötüyünü balacaların qarşokunda söndürürdü. Pis günlər idi, inşallah, bir də gəlməz.
Hökumətyönlü ekspertlərin bir əsas arqumenti isə budur ki, uşaq pulu əhali azalan ölkələrdə, loru dildə yazsaq, ölümün doğumdan çox olduğu ərazilərdə aktualdır, camaatı demoqrafik qəhrəmanlıqlara həvəsləndirmək üçündür, bizim ölkədə isə, maşallah, əhali artımı var. Doğrudan da, bizdə rəsmi statistikaya görə doğum ölümdən çoxdur, hərçənd həmin rəqəmdə ilbəil azalma müşahidə edilir. Bu il 10 milyon olduq, ancaq müstəqil ekspertlərin hesablamasına görə, Azərbaycanda real olaraq 7 milyondan bir az çox adam yaşayır. Heç statistikaya ehtiyac yoxdur, gözlə də görmək olar ki, bizdə iki və bir uşağı olan ailələr getdikcə artır. Bu isə azalma deməkdir, çünki iki nəfər valideyn artım üçün azı 3 uşaq dünyaya gətirməlidir. Yeri gəlmişkən, bu azalmanı yalnız iqtisadi problemlərlə izah eləmək yanlışdır, əksinə, yaxşı yaşayan ölkələrdə əhalinin azalması müşahidə olunur (ən böyük misal dağılan Almaniyadır). Adamlar yaxşı yaşayanda, orta sinif çoxalanda bunların dünyaya yeni uşaq gətirməyə həm marağı olmur, həm də məsuliyyət hissi yüksəlir. Bir növ öz ömürlərini yaşamağa üstünlük verirlər. Hazırda dünyada ən çox artım olan yerlər kasıb ölkələrdir, Afrikada elə ölkə var ki, qadınların orta doğum əmsalı 5-6 uşağı keçir. Buna beynəlxalq terminologiyada fertillik, türkcə isə doğurqanlıq deyirlər. Örnək üçün, ən bədbəxt müsəlman ölkələrindən Nigerdə doğurqanlıq 7,7 uşaqdırsa, dünyanın ən inkişaf eləmiş dövlətlərindən Sinqapurda 0,81-dir, yəni Sinqapurda bir çox qadınlar ümumiyətlə doğmaq istəmirlər. Azərbaycanda doğurqanlıq 1990-95-ci illərdəki 2,9-dan 2018-ci ildə 1,89-a düşübdür. Bu da azalmanı göstərir, çünki yuxarıda yazdığımız kimi: əhali artımı üçün əmsal 2-dən yuxarı olmalıdır.
Göründüyü kimi, əhaliyə vədlər verəndə ehtiyatlı olmaq lazımdır, yəqin deputatlara bu istiqamətdə növbəti xəbərdarlıq edilər. Qaldı uşaq pulu vacibdir, ya yox, şəxsən mənim qənaətimə görə hökumət öz millətini yaxşı tanıyır, bilir ki, vaxtaşırı onları sakitləşdirmək üçün nəsə nəzir verilməli, qurbanlar kəsilməlidir. Yəni burada hər hansı iqtisadi əsas, büdcə siyasəti, nə bilim, demoqrafik təşviq-zad aramaq mənasızdır, haçan istəsələr bərpa edərlər. Azərbaycan xalqının ipinin üstünə odun yığmaq üçün gərək bu meşədə indiki iqtidar qədər uzun illər yaşayasan. Azərbaycanlıları başa düşmək olduqca çətindir. Misal üçün, bunlar az qala metroya da UZİ aparatı qoyublar ki, qız uşaqlarının doğulması mümkün olmasın, rəhmətlik ədliyyə nazirimiz Südabə xanım demişkən, “demokratiya beşikdə boğulsun”. Eyni zamanda hər gün xəbər lentində “Filan yerdə qız üstündə bir-birini öldürdülər, doğradılar, mindilər, çapdılar” tipli başlıq görürük. Qabaqca nəslini kəsirlər, sonra da yoxluq, qıtlıq yaranır, boğuşurlar. Beləsinə niyə uşaq pulu verəsən? Ondansa UZİ alınsın, çimərlik və dükanlara da qoyulsun.