Azərbaycan ailəsi niyə dağılır? - “Adam əmisi qızı, dayısı və ya xalası qızı ilə ailə qurmaz, amma…”


Azərbaycan ailəsi niyə dağılır? - “Adam əmisi qızı, dayısı və ya xalası qızı ilə ailə qurmaz, amma…”

Ölkədə boşanmaların sayı kritik həddə çatır.

Boşanma ilə bağlı ilbəil artan rəqəmlər ailə institutunun ciddi təhlükə altında olduğunu deməyə əsas verir. Dövlət Statistika Komitəsi (DSK) nikah və boşanma ilə bağlı bu ilin 7 aylıq hesabatını açıqlayıb. Bu ilin yanvar-iyul aylarında qeydiyyat şöbələri tərəfindən 35192 nikah və 9793 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8-dən 6,1-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb. Azərbaycanda nikah və boşanma hallarının daha çox qeydə alındığı rayon və şəhərlərin adları da açıqlanıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin 6 ayı ərzində daha çox nikaha daxil olma Bakı (6910), Sumqayıt (1 040), Gəncə (825) şəhərlərində və Ağdam (679), Şəmkir (674) rayonlarında, boşanma isə Bakı (2508), Sumqayıt (370), Gəncə (358) şəhərlərində və Ağdam (210), Masallı (176) rayonlarında olub.

Hər kəsin boşanmaq üçün səbəbi olur...

Boşanmaların artmasında çoxsaylı səbəblər var. Bir qisim boşanmada sosial şəbəkələrin, bir qism sosial durumun, digər qism isə çağdaş sivilizasiyanın rolunun böyük olduğunu düşünür.  Eləcə də buna yüzlərlə səbəbi örnək gətirmək olar. Problem odur ki, hər kəsin boşanmaq üçün səbəbləri olur. 

Bu səbəblər qarşı tərəf üçün əhəmiyyətli sayılmasa da, fərdin özü üçün tutarlı səbəb hesab olunur. Maraqlıdır ki, illərlə aktual qalan bu məsələyə hökumət hələ də biganəlik nümayiş etdirir.  Nə boşanmaların qarşısının alınması üçün əməli addımlar, sosial layihələr icra edilir. Nə də milli mənəvi dəyərlərin aşılanması istiqamətində maarifləndirmə işi aparılır. 

“Ailə ilə məşğul olan qurumlar  heç bir iş görmür”

Mövzu ilə bağlı “Cümhuriyət” qəzetinə danışan sosioloq Əhməd Qəşəmoğlu  sözügedən məsələ ilə bağlı deyib ki, Azərbaycanda milli mənəvi dəyərlər sıxışdırıldıqca, eybəcər vəziyyət yaranır: “Mən bu barədə danışmaqdan yorulmuşam. Amma ailə ilə məşğul olan qurumlar bununla bağlı heç bir tədbir görmür. Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu və həmin institutda sosiologiya şöbəsi var. O şöbə ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi niyə birgə işləmir? Yaxud bundan əlavə uyğun strukturlar var ki, onları hərəkətə gətirmək və ya birləşdirmək olar. Sadəcə olaraq, anlamaq lazımdır ki, dəhşətli bir uçurumdayıq. Ona görə də işə iradə və bacarıq lazımdır. Əgər hər 100 evlənəndən 27-si boşanırsa və bundan qat-qat ailələrdə  gərginlik varsa, həmçinin həmin ailələrdə də yeni nəsil böyüyürsə, bu faciədir. Boşanmaya kimlərsə 50 səbəb göstərə bilər. Əsas ciddi səbəb odur ki, bizim cəmiyyətdə milli mənəvi dəyərlərə münasibət dəyişib.

Min illərdir ki, bütün müdrik insanlar, kitablar deyir ki, milli- mənəvi dəyərlər öndə olan cəmiyyət özü-özünü tənzimləyir.  O cəmiyyətdə ki, mənəvi dəyərlər sıxışdırıldı, arxa plana keçdi, o zaman eybəcər hallar, çox xoşagəlməz vəziyyət yaranır. Məsələ odur ki, xoşagəlməz hal təkcə ailə institutunda deyil, başqa sahələrdə də yaranıb. Sadəcə olaraq, ailə bizim ən həssas və ciddi yerimizdir. Ona görə də təcili olaraq bunun qarşısını almalıyıq. İnsanların davranışına, bu cür mühitin yaranmasına hər zaman 4 amil təsir edir. Birinci, mentalitet, ikinci insanların yaşadığı mühit, üçüncü aldıqları informasiya, dördüncü isə üstünlük verdiyi dəyərlərdir. Bu 4 faktor qarşılıqlı əlaqədə insanların, əhalinin davranışını formalaşdırır. Əgər bu cür xoşagəlməz hallar yaranırsa, bunun səbəbini axtarmalıyıq. Xalqımız mentalitetimizə  və ailə institutuna hörmət edən olub. Mənəviyyatımız ailə dəyərləri üzərində qurulub. Təəssüflər olsun ki, həmin ailə dəyərlərinin potensialının qədrini bilmədik və bunu getdikcə itiririk. Bu gün cəmiyyətimizdə ucuz avropalaşma, müasirləşmə böyük rol oynayır. Bununla yanaşı, aldığımız informasiya da bu məsələdə prioritetlik daşıyır. Beləliklə, mənəvi dəyərlər arxa plana keçdikcə, sıxışdırıldıqca, eybəcər vəziyyət yaranır. Bəziləri deyir ki, bu, düzələn deyil, zəmanə belə tələb edir. Bu, tamamilə yalnış fikirdir”.

“Məmurlarımızın o elmlərdən xəbəri yoxdur”

Sosioloqun fikrincə, ailə institutunun möhkəmlənməsi və boşanmaların qarşısının alınması üçün məmurlar məsələyə elmi yanaşmalıdır: “Avropa 200 ildir ki, bu sahədə bir çox elm sahələri formalaşdırıb. Sosiologiya, sosial idarəetmə, sosial psixologiya, sosial iş və s. kimi məsələlər bu cür məsələlərin həllinə kömək edir. Təəssüf ki, bizim məmurların o elmlərdən xəbəri yoxdur. O elmlərin adını eşidə bilərlər, amma o elmlərin imkanı barədə təsəvvürləri yoxdur. Həmçinin, ondan istifadə etmək haqqında düşünmürlər. Bu baxımdan, belə bir mənzərə yaranıb. Hesab edirəm ki, elmi əsaslardan ibarət ciddi bir fəaliyyət proqramı, yol xəritəsi hazırlanmalıdır. O zaman məlum olacaq ki, hansı işi necə görməliyik. Qanunvericiliyimiz və informasiya təminatı necə olacaq? Bütün dünyada teleseriallar ona görə çəkilir ki, insanlar mənfi hallarla bağlı fikirləri dəyişsinlər. Bizdə isə bu barədə anlayış yoxdur. Azərbaycandakı teleserialların motivində daha çox həyəcanlanma, gərginlik, şüvən, ağlama durur.

Bir az Türkiyə, bir az Kolumbiya, bir az da Rusiya filmlərindən oğurlayıb ortaya elə bir serial çıxır ki, lazimi funksiyasını ifadə edə bilmir. Hanı ailə dağılmasının qarşısının alınması ilə bağlı teleseriallarımız? Heç bu sahədə ciddi maarifləndirmə işimiz də yoxdur. Maarifləndirmənin də arxasında elmi təminat dayanmalıdır. “Siqaret çəkmək ziyandır” deməklə camaat siqareti tərgitmir. Neçə ildir maarifləndiririk ki, şəxs özünün əmisi qızı, dayısı və ya xalası qızı ilə ailə qurmaz. Amma bu, heç kimə təsir etmir. Çünki maarifləndirməni də bacarmırıq. Bu sahədə ciddi bir boşluq var və təssüf ki, bu boşluğu görmək istəyənlər yoxdur”.

Alçina Amilqızı


Tarix: 18-09-2019, 21:29
Xəbəri paylaş





Xəbər lenti