Kirayə qaldığımız evi nə zaman ala biləcəyik - layihədən yeni xəbər
Bu ilin əvvəlində ölkə prezidenti “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasını” təsdiq etdi. Bildirildi ki, yeni mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib də ola biləcəklər. Mənzili kirayə edən vətəndaşımızın aylıq ödənişləri evin xərcindən çıxılacaq. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o, daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib olar. Və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər.
Bəs hazırda həmin layihə ilə bağlı proses nə yerdədir?
“Yeni Müsavat”a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, fond tərəfindən evlərin alınması prosesi davam edir:
“Bununla bağlı artıq qanunvericilik bazası formalaşıb. Bu ilin əvvəlində ölkə prezidenti tərəfindən kirayə fondunun yaradılması ilə bağlı sərəncam imzalanıb. Daha sonra isə bu ilin iyun ayında bir sıra qanunvericilik aktlarında dəyişiklik edilməsi ilə bağlı başqa bir sərəncam imzalandı. Praktik olaraq satın almaq məqsədilə mənzillərin kirayə verilməsi mexanizmi hazırdır. Ancaq mexanizmin hazır olmasına baxmayaraq hələ ki qeydiyyat başlamayıb. Onu da deyim ki, hazırda sənədlərin siyahısı da təsdiq olunub. Prosesin aparılma üsulları da məlumdur. Tələb edilən sənədlərin siyahısı çox deyil. Belə ki, buraya şəxsiyyət vəsiqəsinin surəti tələb olunur. Çünki qaydalara əsasən kirayə evə müraciət edən şəxs Azərbaycan vətəndaşı olmalıdır. Eyni zamanda qeyd edim ki, digər məsuliyyət ondan ibarətdir ki, kirayə evə müraciət edən şəxsin məcburi öhdəliyi -vergi və krediti olmamalıdır. Əgər kredit borcu varsa, bunu qapamaqla, kirayə mənzillərə müraciət etmək hüququnu qazana bilər. Eyni zamanda nikah haqqında şəhadətnamənin surəti, yaxud da boşanıbsa, ailə üzvlərindən biri dünyasını dəyişibsə, onu təsdiq edən sənəd, iş yerindən arayış təqdim olunmalıdır. Burada üstünlük ondan ibarətdir ki, VÖEN-lə işləyən vətəndaşlar da müraciət etmə hüququ qazanacaq. Belə olması müraciəti xeyli dərəcədə asanlaşdıracaq”.
Bayramov bildirib ki, evlərə müraciətlə bağlı bankın iştirakı mövcud deyil:
“İpoteka və Kredit Zəmanət Fondu özü mənzilləri alaraq, təklif edir. Artıq bizdə olan məlumata görə, mənzillərin alınmasına başlanılıb. Son dəyişikliklərə əsasən müraciət həm də ”ASAN Xidmət" vasitəsilə həyata keçiriləcək. Müraciətin nə zaman olacağı ilə bağlı məlumat yoxdur. Ancaq güman olunur ki, payız aylarında artıq müraciət aktivləşəcək və ev almaq istəyənlər müraciət edə biləcəklər. Bizdə olan məlumata görə, bu işin yubanmasının səbəbi onunla bağlıdır ki, tələb yüksək olduğu üçün İpoteka Fondu daha çox mənzil alıb, bu mənzillərlə prosesə başlamaq istəyir ki, ilkin tələbi ödəyə bilsin. Hələ ki rəsmi açıqlama yoxdur. Ancaq bununla belə, müraciətin bu il aktiv olacağı gözlənilir. Bütövlükdə isə ümumən prosesin diqqətdən kənarda qaldığını da söyləmək doğru olmaz. Təbii ki, biz də müraciətin daha tez başlamasının tərəfdarıyıq. Xüsusilə nəzərə alsaq ki, tələb yüksəkdir və bu, cəmiyyətdə ciddi müzakirə edilən məsələdir, o baxımdan, daha məqsədə uyğundur ki, bu məsələ daha tez reallaşsın".
Ekspert bildirib ki, bu layihədə ilkin ödəniş yoxdur:
“Lakin kirayə mənzillərdə evi kirayəyə götürən şəxs 12 ayın haqqını əvvəlcədən ödəyir və bir də ikinci ilin birinci ayından ödəniş etməyə başlayır. Bu da onun sosial evlər və ipoteka kreditindən fərqli tərəfidir. Digər bir fərq isə kirayə müqaviləsi bağlandıqdan sonra evin alış qiymətinin tam ödənişinin 3 ildən tez həyata keçirilməsinin mümkünsüzlüyüdür. Yalnız 3 ildən sonra mənzilin alış qiymətini vaxtından qabaq ödəyən vətəndaşlar üçün fond tərəfindən mənzilin ümumi qiymətinə güzəştlərin tətbiqi nəzərdə tutulur. Praktik olaraq bank olmadığı üçün ilkin ödənişin həyata keçirilməsinə də ehtiyac yoxdur. Prezident fərmanında göstərilir ki, kirayəyə yalnız 2013-cü ildən - Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilərək üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış çoxmənzilli binalarda yerləşən təmirli yaşayış sahələri verilə bilər.
Kirayə mənzillər vətəndaşlara tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə təhvil veriləcək".
Bildirilir ki, bu mexanizm ilk növbədə, həm ilkin ödəniş etmək imkanı olmayan, həm də gəlir səviyyəsi ipoteka kreditinin götürülməsinə yetməyən vətəndaşların öz mənzil şəraitlərini yaxşılaşdırmasına imkan yaradacaq.