“Mənim xəstəliyimə diaqnoz qoyulanda, Azərbaycanda bu mərətdən əziyyət çəkən 5-6 nəfərdə var idi. İndi yayılıb. Xəstəliyin adı qırmızı qurd eşənəyidir (Lupus). Bir bəladır, tutub məni. Sağalan xəstəlik deyil, ömrüm boyu müalicə olunmalıyam”.DİA.AZ bildirir ki, Zərdabın Körpükənd kəndində yaşayan Elzanə Qasımova belə deyir. Bildirir ki, onsuz da 17 ildir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkirdi, şəkəri, təzyiqi vardı. Üstünə bu xəstəlik də gəlib, vəziyyəti daha da ağırlaşıb:
“Bütün bunlar azmış kimi fevralda evdə yıxıldım. Daha da pis duruma düşdüm. 30 tikiş qoydular ayağıma. Xəstəyəm, bu ayrı bir dərddir. İkinci dərd də ayağım sağalmır, vaxtaşırı irinləyir, qanayır, qıpqırmızıdır. Yaxşı müalicəyə, həkimə ehtiyacım var, imkanım yoxdur”.
Elzanə Qasımova eyni zamanda, ağır xəstə üçün uyğun olmayan şəraitdə yaşadığını deyir:
“Hamam yox, normal ayaqyolu yox, xəstəyəm, zülm çəkirəm. Evi də ki, görürsüz, az qalır başımıza uça. Şərait yoxdu, müalicə də ola bilmirəm. Nə etməliyəm, yıxılıb ölüm? İnanın, ölə də bilmirəm. Zülm çəkirəm”.
Elzanə Qasımova şəraitsizlikdən oğlunun da evdən baş götürüb getdiyini söyləyir. Onu qınamır, deyir, imkanı olsa, özü də baş götürüb gedər:
“Oğlum deyir, ev nə gündədir, mən evlənmirəm, çıxıb gedirəm. Hara müraciət etmişəm, bir nəticəsi yoxdur. Axırda icra hakimiyyətindən dedilər ki, şəhid ailəsi deyilsən, sənə ev düşmür. Düzdür, mən şəhid ailəsi deyiləm, amma 2-ci qrup əliləm, xəstəyəm, çölə atılmalıyam? Deyirəm, mənə bir dənə vaqon verin, evin küncündə qoyub, içində yaşayım. Dedilər, ay xanım, indiki dövrdə vaqonda adam yaşayar? Dalınca da deyir ki, qonşu kənddə bir uçmuş ev var, gedin, izin veririk, onun daşını, qumunu, əlinizə nə keçir, yığın, gətirin, özünüzə ev tikin”.
Elzanə Qasımova deyir ki, yoldaşı şəkər, özü ikinci qrup əlil, o evin materiallarını necə daşısınlar? Özü də heç yerdə işləmirlər ki, fəhlə tutub bu işi gördürsünlər, imkanları yoxdur:
“Heç yerdə işləmirik, pensiyadan başqa gəlirimiz yoxdur. Ev də ki, az qala 80 ilin tikilisidir. İcra hakimiyyətindən gələn komissiya da “qəzalıdır, yaşamaq olmaz”, - dedi. İndi elədir ki, camaat bir tikə çörək tapanda sevinir. İşsizlik, xəstəlik yayılıb. Camaatda ev tikməyə, böyük işlər görməyə pul yoxdur. Odur ki, hökumət bir çarə tapmalıdır. Həqiqətən qəzalı evlərə dəstək olmalıdır. Yoxsa, bu gün, sabah başımıza uçacaq. Onda ağılları başlarına gələcək?”
1960-cı il doğumlu Elzanə Qasımovanın 2 övladı var. Qızı qonşu kənddə yaşayır, ailəlidir. Oğlu isə Bakıda fəhləlik edir:
“Bir müddətdir nəvəm gəlib, guya mənə baxsın. O da körpə uşaqdır, hər şeyi edə bilmir. İki xəstə qalmışıq qəzalı evdə. Uşağa da yazığım gəlir. Deyirəm, biz cəhənnəm, ev uçsa, o da altında qalacaq. Əlimiz hər yerdən üzülmüş şəkildə gözləyirik”.
Ailə başçısı Bayram Qasımov da illərdir şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Deyir, işləmək qabiliyyətini çoxdan itirib, pensiya ilə güclə dolanırlar. Aldıqları pul isə dərmanlarına, yeməklərinə güclə çatır. Onunla nəsə iş görmək mümkün deyil:
“Ev təxminən 50-ci illərdə tikilib. Bəlkə də ondan da əvvəl. Adicə külək əsəndə ürəyimiz qopur. Yağış, qar evin içində olur. Hər yerə damır. Daha bundan o yana nə var? Çətindir, dolana, yaşaya bilmirik. Hamımız bədbəxt günündəyik, insanları bu hala salıblar. Özümüzə ev tikməkdə, təmir etməkdə də acizik”.
Tarix: 26-09-2019, 09:36